23 Dekabr 2024, Bazar ertəsi

20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini şərəflə ucaltdığı, torpaq bütövlüyü, öz suverenliyi uğrunda qəhrəmanlıq, mərdlik nümayiş etdirdiyi şərəf tarixidir.

Xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı, ümumilikdə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Öz azadlığı, ərazi bütövlüyü, doğma torpaqları uğrunda mübarizəyə qalxan insanlara divan tutulması, yüzlərlə günahsızın qətlə yetirilməsi sovet rejiminin təhdid və hədədən ibarət cinayətkar mahiyyətini bir daha bütün dünyaya açıb göstərdi.
20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanmışdır. SSRİ rəhbərliyinin ermənipərəst mövqe tutması, onların ərazi iddiasını təmin etməsi və azərbaycanlıların hüquqlarının tapdalanması Bakıda yerli əhali tərəfindən narazılıqla qarşılanmışdır. Xalqın səsini boğmaq üçün “Mərkəz” tərəfindən silahlı ordudan istifadə qərarı verilmişdir. Bununla onlar guya qiyamı yatırmaq və azadlıq hərəkatının imperiyanın digər bölgələrinə keçməsinin qarşısını almaq istədilər. Və Bakıya əliyalın əhali üzərinə o dövrün ən müasir silahları, texnikası ilə təchiz olunmuş qoşun yeridildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə – sovet rəhbərliyinin Bakıda terror aktı törətdiyi bir vaxtda Azərbaycan işğalçı Ermənistanın təcavüzü ilə üz-üzə qalmışdı. Qarabağda hadisələr günü-gündən şiddətlənir, Ermənistandan azərbaycanlılar kütləvi şəkildə deportasiya edilir, öz doğma ocaqlarından didərgin salınırdılar. Belə bir vaxtda sovet hökuməti münaqişənin qarşısını almaq, Ermənistanı işğalçılıq iddialarından çəkindirmək əvəzinə Azərbaycana qoşun hissələri yeridərək günahsız insanları qırdı. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularının qarşısını almaq idi. Lakin sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Əksinə, xalqımızın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü açdı və imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara gözdağı vermək planı, imperiyanı zor gücünə qoruyub saxlamaq təşəbbüsü boşa çıxdı.
Həmin gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə, əsasən, Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdi. 20 Yanvar hadisələrinin canlı şahidləri xatırlayır ki, Bakıya yeridilən qoşun hissələrinin tərkibindəki ermənilərdən ibarət dəstələr xüsusi amansızlıqla dinc əhaliyə divan tuturdular. Ermənilərdən ibarət dəstələrin bu qoşun birləşmələrinin tərkibinə daxil edilməsi Moskvanın müstəqillik, azadlıq arzusu ilə ayağa qalxan Azərbaycan xalqından qisas almaq üçün qurduğu cinayətkar planın bir hissəsi idi.
20 Yanvar faciəsi zamanı 147 nəfər Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir. Terror əməliyyatı zamanı yaşayış evləri atəşə tutulmuş, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilmiş, yaralılara yardım göstərən tibb işçiləri güllələnmişdir. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Ovaxtkı sovet imperiyasının ideoloji təbliğatçısı olan “Pravda” qəzeti isə 22 yanvar tarixli nömrəsində əsl həqiqətləri təkzib edir və yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”
Nə sovet rəhbərliyinin bu qırğını gizlətmək cəhdi, nə də imperiyanın mərkəzi mətbuat orqanının qərəzli informasiyaları bir həqiqəti dəyişdirə bildi. Bu da ondan ibarət idi ki, sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın müddəalarını pozmuşdur.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kənd­lərinə sovet-erməni silahlı dəstələrinin intensiv hücumu ilə müşayiət olunmuşdur. 20 Yanvar faciəsinə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər rus qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Bakıda və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qanlı cinayətlərlə Naxçıvana erməni hücumunun zaman etibarı ilə üst-üstə düşməsi hadisələrin eyni mərkəzdən idarə olunduğunu sübut edirdi. Hətta ermənilərin Naxçıvana hücumunun Bakıda 20 Yanvar faciəsinin törədilməsindən bir gün tez baş verməsi həm Bakı faciəsinin, həm də Naxçıvanın işğalına edilən cəhdin eyni düşmən planının tərkib hissəsi olduğuna şübhə yeri qoymurdu.
Ermənilərin muxtar respublikaya ilk mütəşəkkil hücumu 1990-cı il yanvarın 18-dən 25-dək Sədərək kəndi istiqamətində olmuşdur. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvan əhalisi adamlarda qalan ov tüfəngləri ilə düşmənlə mübarizə aparmış, muxtar respublikanı işğal olunmaq təhlükəsindən qoruyub saxlaya bilmişdir.
Yanvar hadisələrindən sonra Bakıda və bir sıra rayonlarda tətbiq edilən fövqəladə vəziyyət rejimi məhz bu dövrdə naxçıvanlıların torpaqlarımızın qorunması uğrunda rəşadətli mübarizəsi və həmin tarixi qərarın doğurduğu siyasi ab-hava nəticəsində muxtar respublikada tətbiq oluna bilmədi.
Həmin dövrdə Naxçıvanda baş verən hadisələri ümummilli liderimiz Heydər Əliyev belə xarakterizə etmişdir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi… Naxçıvanlıların bu cəsarətli addımı o vaxt yeganə bir addım idi”.
Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə, hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə xalqımızın böyük oğlu Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən ağır həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə ümummilli lider Heydər Əliyev oldu. Ulu öndərimizin Azərbaycan xalqının acısına şərik çıxması onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını ittiham və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin baş verməməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini pisləyən ümummilli liderimiz bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi xalqımızın üzləşdiyi ən çətin məqamlarda dahi rəhbər Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini bir daha sübuta yetirdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, huma­nizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada...
Bu təkcə SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək deyildi, bu, sözün əsl mənasında, böyük hünər və cəsarət idi. Ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Həmin ilin iyul ayında ulu öndər Moskvadan doğma Vətəninə qayıtdı. O dövrdə ölkəmiz parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Görkəmli dövlət xadimi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da ovaxtkı hakimiyyət tərəfindən təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
O illərdə 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Həmin tarixi sənəddə deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşi­liklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. Qanlı yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq, faktiki olaraq heç bir tədbir görülməmişdir. Yanvar ayının 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş, yanvar hadisələrinə siyasi qiymət verməli olan həmin sessiya bu günədək öz işinə başlamamış, sonrakı sessiyalarda da bu məsələyə ba­xıl­ma­­mışdır. Qəribədir ki, respublika Ali Sovetinin yanvar hadisələrini təhqiq etməli olan komissiyanın işi də başa çatdırılmamışdır”.
Qərarda 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilmiş, dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilmiş, bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilmə­məsinə qəti etiraz olunmuşdur.
Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması qərara alınmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur. Lakin təəssüflər olsun ki, 1991-1993-cü illər ərzində hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət verilməmişdir.
Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, ümummilli liderimiz Şəhidlər xiyabanını ziyarət edərkən burada qısa müddətdə memorial kompleksin ucaldılması ilə bağlı tapşırıq vermişdir. 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsir­karların məsuliyyət dərəcəsi­nin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Süquta məhkum olmuş sovet rejimi son günlərində bütün tarixi boyu törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. Həmin gün sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridilərək, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və ozamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Öz Konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə pislənildi. 20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Həmçinin Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
20 Yanvar faciəsindən 25 il ötür. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edir, xatirəsini əziz tutur. Dövlət başçısının dediyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Bəli, şəhidlər heç vaxt unudulmayacaq. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolu qəhrəmanlıqla qət etdilər. Ölümə gedən yollar onları ölməzliyə, əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu.
1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə şəhid olan övladlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu mənada yaddaşımızda əbədiləşərək azadlıq abidəsinə, qəhrəmanlıq nümunəsinə çevrilən 20 Yanvar faciəsi şərəf, qürur və qəhrəmanlıq tariximizdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR