23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 19-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 25-ci il­dönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanlı çıxış edərək demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində amansız vəhşiliklər törədilmiş, insanlar qətlə yetirilmişdir. 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqı şəhidlər versə də, mübarizlik nümayiş etdirmiş, öz azadlıq istəyindən dönməmişdir. Baş konsul vurğulamışdır ki, həmin ağır günlərdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Mos­kvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayəti pisləmiş, səbəbkarları kəskin ittiham etmişdir. Faciəyə ilk dəfə ulu öndərin təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində siyasi-hüquqi qiymət verilmiş, şəhidlərimizin xatirəsi əbədiləşdirilmişdir.

Mərasimdə çıxış edən Qars Qafqaz Universitetinin müəllimi Oktay Kızılkaya faciəni azadlıq və müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq tarixi kimi dəyərləndirmiş, qarslı şair Murat Şanlı 20 Yanvar hadisələrinə həsr etdiyi şeirini bədii qiraət etmişdir.
Sonra sənədli film nümayiş olunmuş, tədbir iştirakçıları faciə ilə bağlı fotostend­lərə baxmış, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Qars valisinin müavini Akif Pektaş, bələdiyyə sədrinin vəkili Tahsin Güngörən və müavinləri Yakup Yıldız, Ferit Yenice, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR