Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışın keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları boks idman növünə cəlb etməkdən ibarətdir. Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara məlumat verib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Uşaq-gənclər idman məktəbi və Boks Federasiyasının təşkil etdiyi birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək, Ordubad, Kəngərli və Şahbuz rayonlarının idmançıları da güclərini sınayıblar.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 17 çəki dərəcəsində 80-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Heydərəli Əliyev (32 kiloqram, Naxçıvan), Hüseyn Məmmədzadə (34 kiloqram, Naxçıvan), İlkin Baxşıyev (38 kiloqram, Babək), Hüseyn Hüseynov (40 kiloqram, Naxçıvan), Həsən Hüseynov (41 kiloqram, Naxçıvan), Çingiz Qasımov (42 kiloqram, Kəngərli), Nizami Novruzov (44 kiloqram, Naxçıvan), Ülvi Süleymanov (45 kiloqram, Naxçıvan), Ümid Abbasov (46 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (48 kiloqram, Naxçıvan), Yusif Əliyev (50 kiloqram, Naxçıvan), Kənan İbrahimli (52 kiloqram, Ordubad), Sənan İbrahimli (54 kiloqram, Ordubad), Kamran Allahverdiyev (57 kiloqram, Naxçıvan), Ülvi İbrahimov (66 kiloqram, Ordubad), Abbas Fərəcli (70 kiloqram, Kəngərli) və Teymur Hacızadə (80 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda müvafiq çəki dərəcələrində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Ceyhun Məmmədov