Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə yeniyetmə, gənclər və kişilər arasında muxtar respublika birinciliyinə yekun vurulub.
Olimpiya sistemi üzrə keçirilən və Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq təşkil edilən birinciliyin məqsədi muxtar respublikada bu idman növünü təbliğ etmək və istedadlı dəri əlcək sahiblərini üzə çıxarmaqdan ibarət olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş yarışda 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparıb. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin son günündə tamaşaçılar bir-birindən maraqlı final görüşlərinə şahidlik ediblər.
Yarışın yekun nəticəsinə əsasən, Hüseyn Hüseynov (35 kiloqram), Ümid Abbasov (40 kiloqram), Ülvü Süleymanov (45 kiloqram), Ayxan Qubuşov (50 kiloqram), Nadir Cəfərov (53 kiloqram), Kamran Allahverdiyev (57 kiloqram), Yenisey İmanov (60 kiloqram), İbrahim Cəfərzadə (64 kiloqram), Yuris Allahverdiyev (69 kiloqram) və Məhəmmədəli Bağırov (75 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Yarışın qalibləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov