Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə muxtar respublikada futbolun inkişafı məqsədilə Azərbaycanın 15 və 16 yaşlılardan ibarət milli yığma komandasının baş məşqçisi Vüqar Məmmədov Naxçıvana dəvət olunub.
İki gün Naxçıvanda olan baş məşqçi Naxçıvan Muxtar Respublika Stadionunda seleksiya xarakterli məşqlər keçib. Məqsəd bu yaşda olan uşaqları seçmək və onları Azərbaycan yığma komandasına cəlb etməkdir.
Vüqar Məmmədovla görüşüb fikirlərini öyrəndik. O bildirdi ki, bu gün ölkənin bütün regionlarında idmanın inkişafına xüsusi diqqət göstərilir. Naxçıvana ilk dəfədir gəldiyini və gördüklərindən heyrətləndiyini dilə gətirən baş məşqçi burada futbolçular üçün yaradılan şəraitin mükəmməl səviyyədə olduğunu vurğuladı: “Uşaqların məşqini, ikitərəfli oyunlarını izlədim. Demək olar ki, istedadlı uşaq çoxdur. Çatışmayan yeganə cəhət oyun təcrübələrinin az olmasıdır. Bu da zamanla düzələn haldır. Seçimlərdə 30-dan çox uşaq iştirak edirdi. İki gün ərzində onların məşqlərdə və oyunlarda göstərdikləri bacarıqları diqqətlə izlədim. Artıq seçimimi də aparmışam və yaxın günlərdə onları yığma komandanın heyətinə cəlb edəcəm”.
Qeyd edək ki, qarşıdakı aylarda Azərbaycanın digər yaş qruplarının baş məşqçiləri də muxtar respublikaya dəvət olunacaqlar.
Ceyhun Məmmədov