22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclərin idmana cəlbi, onların sağlam böyüməsi üçün mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, ötən il  muxtar respublika idmançıları ölkədaxili və beynəlxalq turnirlərdə 108 medal qazanıblar. 

Muxtar respublikada idmanın bütün növlərinə maraq göstərilməsi, 40 mindən çox uşaq, yeniyetmə və gəncin idmanla məşğul olması Naxçıvanda gələcək nəslin sağlam böyüdüyündən xəbər verir. Hazırda muxtar respublikada 12 idman federasiyası, Gənclər və İdman Nazirliyinin nəzdində olan idman bölmələri bu sahənin inkişafına töhfələrini verməkdədirlər. Hər bir idman növü çətinliyinə, dözümlülüyünə, çevikliyinə, hətta tamaşaçı auditoriyasına görə seçilir. Hazırda dünya idmanında “elit növ” adını qazanan bədii gimnastikanın Naxçıvan Muxtar Respublikasında təşəkkül tapması 2014-cü ilə təsadüf edir. Məlumat üçün bildirək ki, İsveçdə yaranan bədii gimnastikanı aktyorluq, balet, musiqi və pantomim ilə birlikdə edirlər. Həm incəsənət, həm də idman növü olan bədii gimnastika özündə iki yarış proqramını birləşdirir: fərdi çıxışlar və qrup hərəkətləri. Hər bir qrup komandası 5 əsas və 1 ehtiyatda olan gimnastdan ibarət olur. Ehtiyatda olan gimnast 2 hərəkətdən birində çıxış etməlidir. Bədii gimnastika sırf qadın idman növüdür və ölçüsü 13x13 metr olan xüsusi xalçada musiqi müşayiəti ilə yerinə yetirilir.

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinə məşqçi-müəllim, Azərbaycan Respublikasının idman ustası Humay Qafarova rəhbərlik edir. Bədii gimnastika ilə, adətən, 3-11 yaşlı qız uşaqları məşğul olurlar. Onların bu yaşdan gimnastika məşqlərində iştirakı gələcəkdə daha peşəkar idmançı olmalarına şərait yaradır. Uşaq yaşlarından bu idmana maraq göstərənlər zaman keçdikcə bədii gimnastikaya daha çox bağlı olurlar. Bu gün Naxçıvanda bədii gimnastikanın inkişafı üçün lazımi şərait yaradılıb. Bunun üçün idman zalı ayrılıb və zal bədii gimnastikanın tələblərinə uyğun olaraq idman qurğuları ilə təmin edilib. 

“Üç ilə yaxındır ki, bədii gimnastika bölməsi fəaliyyət göstərir”, – deyən Humay Qafarova ilk olaraq bədii gimnastikanın faydaları haqqında məlumat verdi: “Hər bir valideyn uşağının sağlam böyüməsini istəyir. Bunun üçün uşağın sağlamlığına müsbət təsir göstərəcək idman növü seçmək lazımdır. Bədii gimnastika bu sahədə digərlərindən öndədir. Uşağın gimnastika ilə məşğul olması onda ahəngdar fiziki və psixoloji inkişafa imkan yaradır. Gimnastika əsəb sisteminə sakitləşdirici təsir göstərir, uşağın orqanizmini möhkəmləndirir. Eyni zamanda bədii gimnastika əzələ sistemini bərkidir, koordinasiyanı inkişaf etdirir. Bu idman növü həmçinin uşaqda gələcək üçün fiziki tərbiyə formalaşdırır, əqli inkişafa kömək edir. Valideynlər bilməlidirlər ki, gimnastika iradəni möhkəmlədir, uşaqda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Bizim əsas məqsədimiz fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir”.
Humay Qafarova bildirdi ki, bədii gimnastika bölməsinə müraciət edənlərin sayı xeyli artıb: “Bu sahəyə maraq göstərən idmançılar ilk günlər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşq etsələr də, sonra bizim üçün xüsusi yer ayrıldı. Uşaqların bu növə cəlb edilməsi üçün müəyyən işlər gördük. Nəticədə, bu gün Naxçıvanda bədii gimnastika ilə məşğul olan uşaqların sayı 150-dən çoxdur. Yay aylarında isə müraciət edənlərin sayı daha da artır. Hazırda məşqlərimiz Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasının idman zalında aparılır. Həftənin 6 günü uşaqlar 3 qrupda keçirilən məşqlərdə iştirak edirlər. Eyni zamanda qarşıdakı yarışlara daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq bir qrup da yaratmışıq və yarışlarda iştirak edəcək uşaqlarla fərdi məşqlər aparılır. Bununla yanaşı, Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində fiziki imkanları məhdud uşaqlar üçün də məşqlər təşkil edilib. Uşaqlar istədikləri vaxt bu məşq proseslərində iştirak edə bilərlər”.
Uşaq Bərpa Mərkəzində olarkən valideynlərlə söhbətləşdik. Sevinc Musayevanın da övladı bərpa mərkəzində məşq edir. O bildirdi ki, bədii gimnastika bölməsinin yaradılması uşaqların sağlamlığına xeyli təsir göstərib: “Eşitdik ki, burada bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Vaxt itirmədən müraciət etdik və uşaqda olan həvəsin gündən-günə artdığını gördük. Fiziki imkanları məhdud uşaqlar üçün hər cür şərait yaradılıb və onları cəmiyyətə qazandırmaq üçün işlər aparılır”.
Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında məşqlərini davam etdirən bədii gimnastlara göstərilən diqqət valideynləri də sevindirir. Həmsöhbət olduğumuz Təhminə Mikayılova vurğuladı ki, bu idman növündə bölmənin açılması, ilk növbədə, qız uşaqlarının sağlamlığı üçün çox vacibdir. Valideyni hər zaman uşağının sağlam böyüməsi ilə yanaşı, onun gələcək karyerası da maraqlandırır. Əgər uşaq kiçik yaşlarından idmana cəlb olunarsa, o zaman onun cəmiyyətə faydalı olacağı da şübhəsizdir. Təhminə Mikayılova uşaqların bədii gimnastika ilə məşğul olması üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi.
Güllü Məmmədova isə söhbətində bədii gimnastika bölməsinin fəaliyyətinin təkcə uşaqlar üçün yox, valideynlər üçün də xeyirli olduğunu vurğuladı: “Uşaqların məşq prosesi zamanı biz valideynlər vaxtın hədər getməməsi üçün özümüz də məşq edirik. Stadionun qaçış zolağından istifadə edir, eyni zamanda quraşdırılan qurğulardan yararlanırıq”.
Sonda məşqçi-müəllim gələcək planlar barədə də danışdı: “Naxçıvanda bədii gimnastika inkişaf yolundadır. Qarşıdakı aylarda muxtar respublikanın rayonlarında da bölmələrin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetində də bədii gimnastika bölməsi fəaliyyət göstərəcək. Bütün bunlar onu göstərir ki, bu gün muxtar respublikada idmanın inkişafı üçün yüksək şərait var. Biz məşqçilər isə bundan istifadə edib uşaqları bədii gimnastikaya cəlb etməliyik”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR