22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın kütləvi hal alması, gənclərin bu sahəyə cəlbi və onların asudə vaxtlarının səmərəli təşkili üçün hər bir şərait yaradılıb. Bu da qazanılan uğurların sayını daha da artırmağa imkan verib. Hazırda regionun şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın inkişafı üçün mühüm addımlar atılır. Təbii ki, belə addımlar istedadlı gənclərin üzə çıxmasına, onların bu sahədə yüksək nəticələr əldə etməsinə və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmasına səbəb olur. 

İdmanın inkişafı infrastrukturun geniş, çoxşaxəli olmasından asılıdır. Yəni idman obyektləri, zalları, kompleksləri nə qədər çox olarsa, qazanılan uğurların sayı da bir o qədər çox olacaq. Naxçıvan bu baxımdan ölkədə ad qazanmış regiondur. Muxtar respublikamızın, demək olar ki, hər bölgəsində tikilən, yenidən bərpa olunan idman obyektlərinin qapıları bu gün sakinlərin üzünə açıqdır.

Yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançalarını xüsusi qeyd etmək lazımdır. Bu stadionların kəndlərdə olması diqqəti daha çox cəlb edir. Xüsusilə yeni tikilən stadionların müasir standartlara cavab verməsi yeniyetmə və gənclərin futbola marağını birə-beş artırır. Bəs yeni istifadəyə verilən stadionlardan gənclər necə yararlanırlar?
İlk olaraq Şərur rayonunda istifadəyə verilən stadionlar barədə. Aralıq kəndində tikilən futbol meydançasının uzunluğu 96, eni isə 51 metrdir. Bu stadionun ot örtüyü xüsusi toxum vasitəsilə əmələ gətirilib. 156 tamaşaçı tutumu olan stadionda paltardəyişmə otaqları, hakim otağı idmançıların ixtiyarındadır. Hazırda bu meydançada 11, 12, 13 və 14 yaşlı uşaqların məşqləri keçirilir. Eyni zamanda gənclərin də ixtiyarında olan arenada kənd­lərarası çempionat oyunları təşkil olunur.
Mahmudkənd stadionu da öz görüntüsü ilə kəndə gözəllik verir. Uzunluğu 106, eni 60 metr olan stadion 104 tamaşaçı tutumuna malikdir və burada gənclərin məşq keçmələri üçün hər bir şərait yaradılıb. Təsadüfi deyil ki, bu stadion kəndlərarası çempionat oyunlarına, eyni zamanda futbol üzrə muxtar respublika çempionatının bəzi oyunlarının keçirilməsinə ev sahibliyi edir. Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov bizimlə söhbətində bildirdi ki, bu stadionların istifadəyə verilməsi rayonda futbola olan marağı xeyli artırıb, istedadlı gənclərin üzə çıxmasına imkan verib. Təsadüfi deyil ki, bu stadionların tikintisindən sonra gənclər mütəmadi olaraq rayonun futbol komandasının heyətinə cəlb olunurlar.
Şərur rayonunda istifadəyə verilən stadionlardan biri də Aşağı Yaycı kənd stadionudur. Meydançanın uzunluğu 96, eni isə 52 metrdir. 84 nəfərlik tutuma malik olan stadionun ot örtüyü də yenidən salınıb. Bu stadiondan kənd camaatı ilə yanaşı, qonşu kəndlərin də idmançıları yararlanırlar.
Rayonda son olaraq idmançıların ixtiyarına verilən stadion Arbatan kəndindədir. Stadion 120 tamaşaçı tutumuna malikdir. Uzunluğu 60, eni isə 40 metr olan meydançada rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulub.
Futbolçuların ixtiyarına verilən meydançalardan biri də Culfa rayonundakı Bənəniyar kənd stadi­onu­dur. Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli deyir ki, stadion idmançıların ixtiyarına verildikdən sonra Bənəniyarla yanaşı, qonşu kəndlərin futbolçuları da meydançadan yararlanırlar. Həmçinin futbol meydançası məktəbə yaxın olduğundan şagirdlər də buradan istifadə edirlər. Rayonun futbol komandası stadion yenidən bərpa olunduqdan sonra məşqlərini və bəzi oyunlarını bu arenada keçirir.
Qeyd edək ki, təbii ot örtüyünə malik olan stadionun uzunluğu 90, eni 65 metrdir.
Göründüyü kimi, idmanın inkişafı üçün muxtar respublikada şəhər və rayonlarla yanaşı, kəndlərdə də idman obyektləri yeniyetmə və gənc­lərin ixtiyarına verilib. Bunları qorumaq və idman obyektlərindən maksimum yararlanmaq isə hamımızın borcudur.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR