Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatının yüksək və I dəstənin növbəti oyunları keçirilib.
Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstəsinin ilk iki turunu qələbə ilə başa vuran “Ordubad” komandası bu turda da uğura imza atıb. Səfərdə “Şərur” komandasının qonağı olan ordubadlı basketbolçular meydanı 54:26 hesablı qələbə ilə tərk ediblər.
Heç kimin gözləmədiyi halda bu tur “Naxçıvan” komandası məğlubiyyətlə üzləşib. Culfalı həmkarları qarşısında 20 top (63:43) fərqi ilə məğlubiyyət onların turnir cədvəlindəki mövqelərini də dəyişib.
I dəstədə isə “Şahbuz” komandası liderliyi qoruyub saxlaya bilib. Bu turda onlar doğma arenada Sədərək basketbolçularını sınağa çəkiblər və 45:34 hesablı qələbəyə seviniblər. “Lokomotiv” isə cari mövsümdə ikinci qələbəsini qazanıb. “Kəngərli” komandası ilə görüşdə 2 xalı bayram etmək onlar üçün heç də çətin olmayıb – 70:22.
Ceyhun Məmmədov