Muxtar respublikamızda idmana göstərilən qayğı, yaradılan müasir
infrastruktur belə deməyə əsas verir
Bədən tərbiyəsi və idman muxtar respublikada prioritet istiqamətlərdən sayılır. 20 ildən çoxdur ki, bu diyarda idmanın inkişafı istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir, uşaq, yeniyetmə və gənclərin idmana cəlbi üçün bir sıra işlər görülür, yeni-yeni idman obyektləri həyata vəsiqə alır.
Təsadüfi deyil ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu sahə ilə bağlı müşavirələr keçirilir, həmin müşavirələrdə konkret istiqamətlər müəyyənləşdirilir. Bunun nəticəsidir ki, bu gün muxtar respublika idman diyarı kimi tanınır, idmançılarımız müxtəlif beynəlxalq tədbirlərdə parlaq qələbələr qazanır, ölkəmizin idman şərəfini qoruyur, üçrəngli bayrağımızı beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlərin əsas hədəflərindən biri də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin yetişdirilməsidir. Çünki sağlam gənclik sağlam və mübariz əsgər, döyüşçü, bir sözlə, xalqımızın gələcəyi deməkdir. Elə bu səbəbdəndir ki, ibtidai siniflərdən başlayaraq muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlar idmanın müxtəlif növlərinə cəlb olunurlar.
Ötən hər bir il muxtar respublikada keçirilən müxtəlif səviyyəli yarışlarla, yeni-yeni uğurlarla yadda qalır, idman sahəsində yeni istiqamətlər üzrə işlər görülür. Bu baxımdan 2016-cı il də bir sıra əlamətdar hadisələrlə xatırlanacaq.
Yola saldığımız ildə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərdə 1000-dən çox idmançı iştirak edib ki, bu da digər illərlə müqayisədə yüksək nəticədir. Bu turnirlərdə idmançılarımızın böyük ruh yüksəkliyi ilə iştirak etməsi, peşəkarlıq nümayiş etdirməsi bir daha göstərdi ki, dahi rəhbərimiz tərəfindən əsası qoyulan idmana qayğı siyasəti davam etdirilir.
Naxçıvan bu gün beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Ötən ilin idman sahəsində ən yaddaqalan tədbirlərindən biri “Naxçıvan–2016” Beynəlxalq Şahmat Festivalı oldu. Beynəlxalq turnirdə 11 ölkədən 300-dən çox qrossmeysterin, şahmat ustalarının, FİDE ustalarının və naxçıvanlı zəka sahiblərinin qələbə uğrunda mübarizəsi maraqlı səhnələrlə yadda qalıb. Turnirdə Naxçıvan şahmatçılarının parlaq qələbələr əldə etməsi qədim diyarımızda bu sahəyə göstərilən qayğının nəticəsidir. Turnir əsnasında xarici qonaqların muxtar respublikanın idman obyektləri ilə tanışlığı zamanı bir daha məlum oldu ki, Naxçıvan müasir idman infrastrukturuna görə nəinki regionda, hətta bütün dünyada nümunə olacaq yerlərdən biridir. İdmançılar etiraf edirdilər ki, heç bir yerdə idmana və idmançıya bu qədər qayğı, hörmət və ehtiram görməyiblər.
2016-cı ilin daha bir mötəbər idman tədbiri isə futbol üzrə “Heydər Əliyev Kuboku” turniridir. Bu turnirdə ölkənin 4 komandasının 100-dən çox futbolçusu mübarizə aparıb. Bundan başqa, may ayında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks, sərbəst güləş, kikboksinq, basketbol, karate-do üzrə turnirlər, Beynəlxalq Paralimpiya İdman Festivalı keçirilib. Ötən il İlham Əliyev adına Olimpiya-İdman Kompleksi usta ağır atletlər arasında Avropa çempionatına da ev sahibliyi edib. Qitə birinciliyində 21 ölkədən 210 idmançı mübarizə aparıb. Bu idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi bir daha göstərir ki, artıq muxtar respublikada beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübə formalaşıb.
Ötən il yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, onları idmana cəlb etmək üçün bir sıra addımlar atılıb, boks, kikboksinq, basketbol, voleybol, pauerliftinq, qaydasız döyüş növü (MMA), üzgüçülük, qaçış, stolüstü tennis, karate-do üzrə yarışlar keçirilib, bu yarışlarda uşaq, yeniyetmə və gənclərin kütləvi iştirakı təmin olunub. Bu yarışlar həm də ölkə miqyaslı yarışlar üçün məşqçilərə geniş seçim imkanı yaradıb. Onlar yaradılan bu imkanlardan istifadə edərək respublika miqyaslı və beynəlxalq yarışlara güclü idmançıları çıxarıblar. Peşəkar məşqçilərin muxtar respublikaya dəvət olunması və seminarların keçirilməsi qazanılan uğurların əsas səbəblərindəndir.
Geridə qoyduğumuz ildə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən yarışlar iştirakçıların hazırlıq səviyyəsini bir daha nümayiş etdirib, muxtar respublika məktəbliləri ölkə miqyaslı poliatlon yarışlarında qalib yerlərdən birini tutublar. Poliatlon yarışlarında məktəblilərin fəal iştirakı bir daha onu göstərdi ki, Naxçıvanda artıq 20 ildən çoxdur, gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində görülən işlər nəticəli və effektivdir. Artıq hərbi xidmətə yollanan hər bir gənc xidmətin ilkin mərhələsində bütün sınaqlardan keçmək üçün hazırdır və bu, böyük uğurdur.
Bədən tərbiyəsi və idman sahəsində qazanılan uğurlara bir daha nəzər salanda görürük ki, ötən il ölkədaxili və beynəlxalq turnirlərdə Naxçıvan idman məktəbinin yetirmələri öz sözlərini deyə biliblər. İdmanın müxtəlif sahələrində qələbə qazanan idmançılarımızın qarşısında indi daha böyük hədəflər durur. Bu hədəflər sırasında dünyanın ən mötəbər yarışlarında qələbə qazanaraq qızıl medalla ölkəmizə qayıtmaq da var, bayrağımızı yüksək zirvələrdə dalğalandırmaq da. 2016-cı ildə idmançılarımızın dünya və Avropa çempionatlarında uğur qazanması nailiyyətlərin davamlı olacağından xəbər verir. Sözsüz ki, göstərilən dövlət qayğısı, yaradılan müasir infrastruktur qazanılacaq qələbələrin ən böyük qarantı olacaqdır. Əldə edilən uğurlarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə bərabər, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları və idman qurumlarının da rolu böyükdür. Bunun nəticəsidir ki, ötən il muxtar respublikada 200-dən artıq yarış, turnir təşkil edilib, həmin idman tədbirlərində minlərlə yeniyetmə və gənc mübarizə aparıb, idmançılarımız beynəlxalq yarışlarda 69, Azərbaycan birinciliklərində 39 medal qazanıblar.
Bu gün dünyanın inkişaf etmiş ölkələri bütün sərvətləri, insan kapitalı və digər amilləri ilə bərabər, idmanı ilə də tanınır. İdman ölkələr arasında dostluq, əməkdaşlıq münasibətlərinin yaranmasında əsas faktorlardan biridir. İdman tarixinə nəzər yetirsək görərik ki, bəzi ölkələri hətta onun güclü idmançıları ilə tanıyıb, bu ölkələri sevib, oraya üz tutublar. Bunda da məqsəd belə olub ki, idman qəhrəmanlarının ölkələrini yaxından görüb, tanısınlar. Beləliklə, idman dolayı yolla olsa da, dünyada turizmin inkişafına öz töhfəsini verib. Əminliklə demək olar ki, gələcək illərdə həmyerlilərimiz beynəlxalq yarışlarda daha parlaq qələbələr qazanaraq doğma Naxçıvanımızı bütün dünyada tanıdacaqlar.
Ceyhun Məmmədov