22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub.

10 komandanın dairəvi sistem üzrə mübarizə apardığı çempionatın ilk dövrəsi 9 turdan ibarət olub. Komandaların qış fasiləsinə yollandığı dövrəni lider kimi “Araz-Naxçıvan” komandası başa vurub. Cari mövsümə də iddialı başlayan son iki mövsümün çempionu 9 oyunda maksimum xal toplayıb və ən yaxın izləyicisini 6 xal qabaqlayıb. “Qırmızı-ağlar” cari ildə ən çətin oyunlarını səfərdə keçirib. Belə ki, 4-cü və 5-ci turda müvafiq olaraq “Arpaçay”la Naxçıvan Dövlət Universitetinin (NDU) komandasının qonağı olan “Araz-Naxçıvan” rəqiblərini bir top fərqi ilə üstələyib (3:2, 2:1).
Hər mövsüm çempionatı qazanmağa iddialı olan “DİN-Darıdağ” futbol komandası isə ilk dövrəni ikinci pillədə başa vurub. Mövsümün açılış oyununda “Araz-Naxçıvan”a quru hesabla (0:3) məğlub olan “DİN-Darıdağ” daha bir məğlubiyyəti “Arpaçay”la görüşdə alıb (1:2). Maraqlısı odur ki, hər iki görüşdə onlar doğma arenada bu vəziyyətlə üzləşiblər. Cari mövsümdə sürpriz nəticələrə imza atan komanda isə “Batabat”dır. Şahbuz təmsilçisi ilk dövrədə 3 məğlubiyyətlə barışmalı olub və digər oyunlarda meydanı 3 xalla tərk edib. Şahbuzlular həmçinin ilk dövrədə gözlənilmədən “Sədərək” komandasına məğlub olmaqla hamını təəccübləndiriblər.

Turnir cədvəlinin 4 və 5-ci pillələrində qərarlaşan “Arpaçay”la Naxçıvan Dövlət Universitetinin komandasının hər birinin 16 xalı var. Ümumiyyətlə, şərurluların cari mövsümdə uğurlu çıxış etdiyini deyə bilərik. Onların “Batabat”la “Araz-Naxçıvan”a məğlub olmaları diqqət çəkməsə də, “Kəngərli” komandasına uduzması (3:5) böyük ajiotaj yaratdı. Bu mövsüm Kəngərli təmsilçisinin oyununu xüsusi vurğulamaq lazımdır. Rəqiblərindən istər səfərdə, istərsə də doğma meydanda üstün olan “Kəngərli” komandası ilk dövrəni 6-cı pillədə başa vurub. Kəngərli futbolçuları eyni zamanda ilk dövrədə qapısından ən çox qol buraxan komandadır – 28 qol. Naxçıvan Dövlət Universitetinin komandası isə cari ildə qeyri-sabit oyun sərgiləyir. Tələbələr turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan komandaların hamısına məğlub olublar.
Son pillələrdə özlərinə yer tapan komandaların xalları eynidir – 5 xal. “Dübəndi”, “Babək” və “Sədərək” komandalarının eyni xalının olmasına baxmayaraq, onların turnir cədvəlindəki mövqeləri aralarındakı oyunlara görə təyin edilib.
İlk dövrəyə nəzər yetirərkən ən kobud komandanın “Əlincə” olduğu görünür. Culfalı futbolçular keçirdikləri 9 oyunda 14 sarı, 3 qırmızı vərəqə ilə cəzalandırılıblar. Bu göstəriciyə görə, “Kəngərli” 7 sarı, 3 qırmızı ilə ikinci, “DİN-Darıdağ” isə 8 sarı, 2 qırmızı ilə üçüncüdür. “Babək” və “Batabat” komandaları da aqressiv oyunları ilə seçiliblər – 14 və 11 sarı. İlk dövrədə “feyr-pley” qaydalarına əməl edən komanda isə “Araz-Naxçıvan”dır – 7 sarı.
Bombardirlər siyahısına gəlincə, “Arpaçay” komandasının hücumçusu Hüseyn Əliyev və “Batabat” komandasının futbolçusu Samir Kərimov hərəyə 12 qolla ilk pillədə qərarlaşıblar. Onları 11 qolla “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov izləyir.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR