Babək rayonunun Zeynəddin kənd tam orta məktəbinin idman zalında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
Babək Rayon Uşaq-gənclər idman məktəbi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 40-a yaxın güləşçi mübarizə aparıb. Yarış komanda xarakterli olub.
Yarışdan öncə çıxış edən rayon Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev, Uşaq-gənclər idman məktəbinin direktoru Emin Hüseynov və baş hakim İlyas Həsənov yarışın qaydaları barəsində idmançılara məlumat veriblər.
Sərbəst güləş növünün kütləviliyini artırmaq, şagirdlərin fiziki sağlamlığını təmin etmək məqsədilə keçirilən birincilikdə komandalar 10 çəki dərəcəsində (32, 35, 42, 46, 54, 58, 63, 69, 76, 85 kiloqram) mübarizə aparıblar. Birinciliyin yekun nəticəsinə əsasən, Zeynəddin kəndinin güləş komandası qalib adını qazanıb. Digər iki pillədə isə Cəhri və Şıxmahmud kəndlərinin komandaları qərarlaşıblar.
Sonda qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
Ceyhun Məmmədov