Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş boks üzrə yeniyetmə, gənclər və kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib.
Noyabr ayının 19-da başlayan birincilikdə 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarış Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilir.
Birincilikdə 2000 və 2003-cü illər təvəllüdlü yeniyetmələr və 1999-cu il təvəllüddən yuxarı gənclər və kişilər 12 çəki dərəcəsində rinqə çıxırlar. Onlar 35, 40, 45, 50, 53, 57, 60, 64, 69, 75, 81 və 91 kiloqram çəki dərəcələrində ən güclünü müəyyənləşdirməyə çalışacaqlar. Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq təşkil edilən birincilik olimpiya sistemi üzrə keçirilir. Yarışı keçirməkdə məqsəd muxtar respublikada bu idman növünü təbliğ etmək, boksçuların dərəcələrini və döyüş təcrübələrini artırmaq, eyni zamanda istedadlı dəri əlcək sahiblərini üzə çıxarmaqdan ibarətdir.
Bu gün birinciliyin final görüşləri keçiriləcək. Yarışın qalibləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Ceyhun Məmmədov