Kolumbiya ilə Azərbaycan arasında bədən tərbiyəsi və idman sahəsində mübadilə çərçivəsində voleybol üzrə yeniyetmələrdən ibarət Kolumbiya millisi Naxçıvan Muxtar Respublikasına gəlib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının təşkilatçılığı ilə qədim diyarda 4 gün qonaq olan kolumbiyalı yeniyetmə voleybolçular öncə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər. Daha sonra proqrama uyğun olaraq onlar Duzdağ Fizioterapiya Mərkəzində, “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində, Nuh Peyğəmbərin məzarüstü abidəsində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Naxçıvan Muxtar Respublikasına gələn Kolumbiya və Azərbaycanın qızlardan ibarət yeniyetmə voleybol komandaları arasında yoldaşlıq görüşü də keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ceyhun Məmmədov