22 Dekabr 2024, Bazar

Ordubad Rayon Şahmat Məktəbində rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə tempo turnir keçirilib.
50 nəfər şahmatçının iştirak etdiyi tempo turnir İsveçrə sisteminə uyğun olaraq 7 turdan ibarət olub. Yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev, Təhsil Şöbəsinin əməkdaşı Elvin Məmmədov çıxış edərək muxtar respublikada aparılan idman siyasəti haqqında iştirakçılara məlumat veriblər.
İki gün davam edən yarışın yekununda Hüseyn Seyid qalib adını qazanıb. Elçin Rza ikinci, Zərrin Məmmədli üçüncü olub.
Sonda fərqlənən şahmatçılara yarışın təşkilatçıları tərəfindən hədiyyələr təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkil etdikləri turnirdə Rusiya, İran, Gürcüstan, Ukrayna, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının boksçuları da mübarizə aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV muxtar respublika çempionatına yekun vurulub.
Çempionatın son turunda “Araz-Naxçıvan” və “Batabat” komandaları üz-üzə gəliblər. İlk hissəsi qolsuz başa çatan görüşün ikinci hissəsində daha üstün oyun sərgiləyən “qırmızı-ağlar” Amil Həsənovun qolu sayəsində meydanı qələbə ilə tərk ediblər. Bununla, üç tur öncə çempionluğunu təmin edən “Araz-Naxçıvan” ardıcıl olaraq üçüncü dəfə muxtar respublika çempionatının qalibi adını qazanıb.
Görüşdən sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov Milli Qurtuluş Günü münasibətilə yarış iştirakçılarını təbrik edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, idmana da xüsusi diqqət göstərirdi. Bu diqqət sayəsində idman respublikamızda yüksək sürətlə inkişaf etdi. Ulu öndərin yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti nəticəsində bu inkişaf daha da sürətləndi. Artıq Azərbaycan beynəlxalq miqyasda idman sahəsində tanınan ölkələr sırasındadır. İdmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bu da gənc­lərin bu sahəyə marağını gündən-günə artırır.

Ardını oxu...

Naxçıvanda Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start verilib.

Ardını oxu...

İdman yarışlarının məkanına çevrilən Naxçıvan Muxtar Respublikası daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçiriləcək.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçiriləcək turnirdə iştirak edəcək ölkələrin adları və idmançıların Naxçıvana gələcəkləri vaxt da məlumdur. Belə ki, muxtar respublikada Qırğızıstan (10 boksçu), Gürcüstan (12), Ukrayna (12), Macarıstan (12), Qazaxıstan (13) dəri əlcək sahibləri ilə yanaşı, Azərbaycan (16) və Naxçıvan (17) boksçuları da mübarizə aparacaqlar. Komandalar iyun ayının 10-da muxtar respublikaya gələcəklər.
Ümumilikdə, 100-ə yaxın dəri əlcək sahibinin iştirak edəcəyi turnirin açılış mərasimi iyunun 12-də keçiriləcək. Beynəlxalq turnirin son günündə isə qaliblərin təntənəli surətdə mükafatlandırma mərasimi təşkil ediləcək.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri növbəti uğura imza atıblar. Belə ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində karate-do üzrə “Georgia open” turniri keçirilib. İki gün davam edən turnirdə iki idmançımız medal qazanmağa müvəffəq olub. 14-15 yaş qrupunda 70 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Aslan İsmayılov bürünc medal qazanıb. 16-17 yaş qrupunda mübarizə aparan Sərcan Məmmədov (-55 kiloqram) da eyni uğuru təkrarlayıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında keçirilən basketbol üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirin son oyunları daha gərgin mübarizə şəraitində yekunlaşıb. Sonuncu gün “Naxçıvan” komandasının üzvləri culfalı həmkarları ilə üz-üzə gəlib. Səbəti daha dəqiq nişan alan Naxçıvan basketbolçuları xal fərqinə görə “Culfa” komandasını qabaqlayıb və turnirin qalibi olub. “Babək” komandası isə üçüncülüklə kifayətlənib.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

 Ceyhun MƏMMƏDOV

Mayın 31-də Şərq Döyüşü Sənəti Federasiyasının sədri Azad Cabbar­ov federasiyanın üzvləri və məşqçi­-müəllimləri ilə görüşmüşdür.
Görüşdə federasiyanın 2017-ci il üçün iş planı müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Əsasən, federasiyanın işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında idmanın bu növlərinin təbliği, kütləviləşməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının konfransı keçirilmişdir. Konfransda gündəlikdə duran məsələlər və federasiyaya yeni sədrin seçilməsi müzakirə olunmuşdur. Sonda Naxçıvan Muxtar Respublika­sının gənclər və idman naziri Azad Cabbarov yekdilliklə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilmişdir.

“Şərq qapısı”

Qobustan Olimpiya-İdman Kompleksində 28 May – Respublika Gününə həsr olunmuş 2001-2003, 2004-2006-cı illər təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyinə yekun vurulub.
İki gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak ediblər. İdmançılarımızdan ən uğurlu nəticəni 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbas Məmmədov əldə edib. Belə ki, final görüşünə kimi məğlubiyyətsiz irəliləyən cüdo­çumuz yalnız həlledici qarşılaşmanı məğlub tərk edib və birinciliyi ikinci pillədə başa vurub. Digər cüdoçumuz Cəfər Məmmədli isə 34 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb. Yeniyetmə idmançımız birincilikdə bürünc medal qazanıb.
Sonda qalib idmançılarımıza təşkilatçıların diplom, medal və hədiyyələri təqdim olunub.

Ceyhun Məmmədov

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kikboksinqin lokinq versiyası üzrə dünya kuboku uğrunda yarışa yekun vurulub.
Dörd gün davam edən yarışda 60 ölkədən 3 mindən çox idmançı mübarizə aparıb. Kikboksinq üzrə Azərbaycan millisi də yarışda iştirak edib. Millimizin heyətində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi Ruslan Musayev 67 kiloqram çəki dərəcəsində rinqə çıxıb. İdmançımız yarımfinal mərhələsində ukraynalı idmançı Sabar Yaraslovu məğlub edərək finala yüksəlib. Final qarşılaşmasında isə Ruslan Musayev rəqibi bolqar Dimitar Pençev üzərində də qələbə qazanıb.
İdmançımıza təşkilatçılar tərəfindən kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Bu ay Naxçıvan Muxtar Respublikası daha bir mötəbər turnirə ev sahibliyi edəcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri may ayının 26-da start götürəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkil edəcəyi turnirdə iştirak edəcək komandalar da artıq məlumdur. Yerli “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu ilə yanaşı, İmişlinin “Mil-Muğan”, Zaqatalanın “Zaqatala” və Bakının Mərkəzi Ordu İdman Klubu (MOİK) birincilik uğrunda mübarizə aparacaqlar.
Oyunlar 26, 28 və 30 may tarixlərində Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Qrup mərhələsi oyunlarında gün ərzində iki görüş olacaq. Oyunlar saat 1200 və 1700-da başlayacaqdır.
Görüşlərdə ən çox xal toplayan komanda turnirin qalibi olacaq, qalib komandaya isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Türkiyədə xüsusi olaraq hazırlanmış, sertifikatlı kubok təqdim olunacaq. Eyni zamanda ikinci və üçüncü yerləri tutmuş komandalar medallarla, oyunları idarə edəcək hakimlər plaketlərlə, turnir ərzində fərqlənən futbolçular isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, mayın 26-da start veriləcək futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin açılış mərasimi may ayının 30-da keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

Uğurlu idman siyasəti nəticəsində muxtar respublikada mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir. Naxçıvan Muxtar Respublikasında yaradılan müasir idman infrastrukturu burada beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirməyə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına şərait yaradır. Mövcud infrastruktur eyni zamanda uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.
Muxtar respublikanın şəhər və rayonlarında yeniləşən idman obyektləri insanların idmana olan marağını gündən-günə artırmaqdadır. Belə idman obyektlərindən biri də Şərur rayonundakı Dəmirçi kənd stadionudur. Burada yenidənqurma işləri aparılır. Uzunluğu 105 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası da inşa ediləcək və idman qurğuları quraşdırılacaq. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, muxtar respublikanın kəndlərində yenidən qurulan 5-ci stadiondur.

 Ceyhun MƏMMƏDOV

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir. 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə apardığı yarışda artıq boksçularımız final mərhələsinə adlayıblar.
Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyevin də mübarizə apardığı 56 kiloqram çəki dərəcəsində finalçılar məlum olub. İdmançımız 1/4 finalda mərakeşli dəri əlcək sahibi Toufik Kaçfini məğlub edərək bürünc medalı qazanıb. Həlledici qarşılaşmada rinqə çıxmaq üçün Özbəkistan təmsilçisi Abdulxay Şaraxmatovla qarşılaşan idmançımız məğlub olub və islamiadanı bürünc medalla başa vurub. Bu çəki dərəcəsində final görüşü türkmənistanlı boksçu Yakub Meredovla Abdulxay Şaraxmatov arasında olacaq.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və 14 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə mini-futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Məktəblər arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə keçirilən görüşdə Naxçıvan şəhər 14 və 17 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparıblar. Birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Ağayeva muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıblar.
İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbinin süni örtüklü mini-futbol meydançasında baş tutan görüşdə daha üstün oyun sərgiləyən 17 nömrəli tam orta məktəbin komandası meydanı 4:3 hesablı qələbə ilə tərk edib.
Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom və kubok təqdim edilib.

 Ceyhun Məmmədov

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı xarici ölkələrdən gələn iştirakçıların yaddaşında dərin iz buraxıb. Həmsöhbət olduğumuz zəka sahibləri bundan sonra da ənənə halını alan festivalın daim iştirakçısı olmaq arzusundadırlar.
Valeri QRİNEV (beynəlxalq usta, Ukrayna): “Festivalda uğurlu nəticələr əldə etdim. Yarışa başlamazdan əvvəl “A” qrupunda əmsalına görə 17-ci sırada mən idim və belə güclü zəka sahibləri arasında qalib olmağım gələcək karyeram üçün əhəmiyyətlidir. Onu da deyim ki, şahmatçı üçün əsas məsələ sakitlik və rahatlığın təmin olunmasıdır. Naxçıvanda bu baxımdan heç vaxt əziyyət çəkmədik. 10 günə yaxın burada qaldım, Naxçıvandakı sabitlik, şəhərin daim təmiz olması məni çox təəccübləndirdi. Təşkilatçılığa isə söz ola bilməz. Hər kəs bizimlə maraqlanırdı. Bu işdə əməyi olan, bizə bu şəraiti yaradan, vətənini sevən və idmana dəyər verən insanlara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələn il keçiriləcək festivalda yenidən iştirak edəcəyəm”.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il­dönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi açıq çempionat iki gün davam edib.
Çempionatın bağlanış mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Ulu öndərimizin əsasını qoyduğu gənclər və idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir.
Nazir vurğulayıb ki, təkcə bu ilin ötən dövrü ərzində idmançılarımız Azərbaycan birinciliklərində 58, Beynəlxalq turnirlərdə 49, Asiya çempionatlarında 2 medal qazanıblar ki, bunlardan da 5-i karate-do üzrə idmançılarımız tərəfindən qazanılıb.

Ardını oxu...

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək. Oyunlarda 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparacaq.
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin heyətində Naxçıvan idmançıları da iştirak edəcəklər. Belə ki, boks və sərbəst güləş millimizin heyətində iki idmançımız – Tayfur Əliyev və Hacı Əliyev uğur qazanmağa çalışacaq. “Bakı Kristal Zal-2”də təşkil olunacaq boks yarışlarına mayın 12-də start veriləcək və idmançımız Tayfur Əliyev 56 kiloqram çəki dərəcəsində rinqə çıxacaq. Püşkə uyğun olaraq bu çəkidəki idmançılar may ayının 13-də və 15-də döyüşəcəklər. Boks yarışlarında azarkeşlər mayın 17-də yarımfinal, mayın 18-də isə final görüşlərini izləyə biləcəklər.
Sərbəst güləşdə isə arazkeşlər daha çox 61 kiloqram çəki dərəcəsində mübarizə aparacaq naxçıvanlı idmançı, ikiqat dünya çempionumuz Hacı Əliyevdən uğur gözləyirlər. Bu idman növündə (yunan-Roma və sərbəst güləş) yarışlara mayın 17-də start veriləcək.
Qeyd edək ki, İslam dünyasından dünya idmanına körpü istiqaməti üzrə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılar ağır atletika, atıcılıq, basketbol, bədii gimnastika, boks, cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suya tullanma, taekvando, tennis, uşu, üzgüçülük, voleybol, yüngül atletika və zorxana idman növlərində qüvvələrini sınayacaqlar. İdmançılar 16 idman obyektində mübarizə aparacaqlar. İslamiadaya ən çox idmançı ilə Türkiyə millisi qatılıb. V Oyunları təşkil edəcək ölkə paytaxtımıza 345 atletlə gəlib. Azərbaycan turnirdə onlardan 10 nəfər az idmançı ilə mübarizə aparır – 335 nəfər. İlk “üçlük”də digər yer İran İslam Respublikasına məxsusdur. Cənub qonşumuz ölkəmizə 300 idmançı gətirib. Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin keçirilmə saatı da artıq məlumdur. Yarışın Əməliyyat Komitəsi bildirib ki, İslamiada mayın 22-də saat 2300-da başa çatacaq. Bağlanış tədbiri isə saat 2000-da start götürəcək. Bağlanış da açılış mərasimi kimi, təxminən, 3 saat davam edəcək.

Ceyhun Məmmədov

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirə yekun vurulub.
Final görüşünün açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov son illər muxtar respublika idmançılarının uğurlu çıxışını yaradılan infra­strukturla əlaqələndirib. Nazir bildirib ki, bu gün Naxçıvanın hər bir bölgəsində idman sahəsində mühüm addımlar atılır. Uşaq və yeniyetmələrin, gənclərin, hətta yaşlı nəslin idmanla məşğul olmaları üçün idman zalları, obyektləri istifadəyə verilib. Həmçinin Naxçıvanda futbolun inkişafı üçün şəhər və rayonlarla yanaşı, kəndlərdə də stadionlar gənclərin ixtiyarına verilib. Azad Cabbarov ulu öndərin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən hər bir komandaya gələcək oyunlarda uğurlar arzulayıb.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq və bench press idman növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycan Respublikası, eyni zamanda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri və Azərbaycan Respublikası Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi beynəlxalq turnir dörd gün davam edib.
Turnirin yekun nəticəsinə əsasən, bench press idman növü üzrə 60 kiloqram çəki dərəcəsində Vüsal Bağırov, 67,5 kiloqram çəki ­dərəcəsində Elvin Eynalov, 75 kiloqram çəki dərəcəsində Samir Məmmədov, 90 kiloqram çəki dərəcəsində Kamil Qafarov, 100 kiloqram çəki dərəcəsində Bəhlul Ağayev, 110 kiloqram çəki dərəcəsində Şahin Eyvazov və 140 kiloqram çəki dərəcəsindən yuxarı isə Əbülfəz Cəfərov bütün rəqiblərini qabaqlayaraq turnirin baş mükafatını qazanıblar.

Ardını oxu...

May ayında Naxçıvan Muxtar Respublikasında daha bir mötəbər turnir keçiriləcək. Mayın 25-də start veriləcək II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil edəcəyi yarışın kubokunun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində respublikamız dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir. Ulu öndərimizin əsasını qoyduğu idman siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada 40 minədək uşaq, yeniyetmə və gənc idmanın müxtəlif növlərinin sirlərini öyrənir.

Ardını oxu...

Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə atletlər 5 kilometrlik məsafəni qət etməyə çalışıblar.
Yarışın yekun nəticəsinə əsasən, Ordubad təmsilçisi Əmrah Nağıyev oğlanların mübarizəsində birinciliyi əldə edib. Kərim Quliyev ikinci, Cavid Qasımov üçüncü olub. Qızlar arasında isə Sədərək idmançısı Gülayə Cəfərova hamını qabaqlayaraq turnirin qalibi adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Telli Abbasova və “Rabitəçi” idman klubunun yetirməsi Sevgi Məmmədli ikinci və üçüncü pillələri bölüşüblər.
Sonda finiş xəttini ilk 10 pillədə başa vuran qız və oğlan atletlər mükafatlandırılıb.
Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov və Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov təqdim edib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirinin final oyunları keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi turnirdə 10 çəki dərəcəsində 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, Şəmsəddin Əliyev, Məmməd İsmayılzadə, Turqay Məmmədov, İsmayıl Yaqubov, İsmayıl Niftizadə, Fərman Rzayev, Əhməd Rzayev, Ayaz Osmanov, İlkin Əsgərov və Abbas Qədimov müvafiq olaraq 30, 33, 36, 39, 45, 49, 51, 57, 71 və 74 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Şərq Döyüşü Sənəti Federasiyasının diplom və medalları təqdim olunub. Komanda hesabında isə “Naxçıvan” komandası turnirin baş mükafatı olan kuboku qazanıb.

 Ceyhun Məmmədov

Mayın 5-də Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.
Final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının ifalarında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra oyuna start verilib. Final oyununda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. Birinci hissədə “Qəbələ”nin müdafiəçisi Tellur Mütəllimov zədələnib və oyunu sona qədər davam etdirə bilməyib. Onu Roman Hüseynov əvəz edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Oyunun ikinci hissəsində “Qarabağ”ın futbolçusu Mahir Mədətov vurduğu qolla komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə “Qəbələ”nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq “Qarabağ”ı 2:0 hesabı ilə irəli çıxarıb.
Azərbaycan kuboku uğrunda final oyunu “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tural Ağayev

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirakçıları salamlayaraq deyib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərilib, idman və bədən tərbiyəsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası gücləndirilib, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda iştirakı təmin olunub.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında üçüncü turun oyunları başa çatıb.
“A” qrupunda keçirilən üçüncü turun oyunlarında belçikalı qrossmeyster Vadim Malaxatko (2487) azərbaycanlı qrossmeyster Nicat Abbasovla (2575), rusiyalı qrossmeyster Vladimir Burmakin (2508) belarus qrossmeyster Nikita Mairovla, rusiyalı qrossmeyster Sergey Volkov (2617) isə azərbaycanlı şahmatçı Ülvi Sadıqovla (2467) xalları yarı bölüblər.
Beləliklə, turnir cədvəlində ilk üç yerdə Vadim Malaxatko, Nikita Mairov və Nicat Abbasov qərarlaşıblar.
Ölkənin müxtəlif regionlarından 92 zəka sahibinin mübarizə apardığı “B” qrupunda da liderlər məlum olub. 5 şahmatçı hər üç turda qələbə qazanıb və liderliyə yüksəlib. Bunlar Babək Cəfərli, Çingiz Rzayev, Ağazahir İlyaslı, İlkin Rəhimli və Uğur İlyaslıdır.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının “C” qrupunun liderləri naxçıvanlı zəka sahibləridir. Belə ki, 12 yaşlı Həsən Həşimli (Culfa), Ayxan Zeynalov (Şərur), 10 yaşlı Elçin Rza (Ordubad) üç xalla ilk üç pillədə qərarlaşıblar.

Tural Ağayev

Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan sərbəst güləş üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında ikinci turun oyunları keçirilib.

“A” qrupunda ilk görüşünü qələbə ilə başa vuran rusiyalı qrossmeyster Sergey Volkov (2617) bu turda xal itirib. O, azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli (2439) ilə xalları yarı bölüb. FİDE ustası Əhməd Əhmədzadə (2357) ilk turdakı uğurunu təkrarlaya bilməyib. Buna azərbaycanlı qrossmeyster Nicat Abbasov (2575) imkan verməyib. Bu, Nicat Abbasovun turnirdə ardıcıl ikinci qələbəsidir. Rusiyalı qrossmeyster Vladimir Burmakin (2508) ikinci görüşünü də qələbə ilə başa vurub. O, ilk turda qələbə qazanan idman ustası Səbinə İbrahimovadan (2198) üstün olub. Eyni uğuru azərbaycanlı zəka sahibi Ülvi Sadıqov (2467) da qazanıb. İdman ustası ilk turu boş keçirən naxçıvanlı, 14 yaşlı şahmatçı Sadiq Məmmədovla (2091) üz-üzə gəlib və qələbə qazanıb.
Naxçıvanlı şahmatçılardan söz düşmüşkən, ikinci tur zəka sahiblərimiz üçün elə də uğurlu alınmayıb. Belə ki, qrossmeyster Toğrul Həsənzadə (2347) qrossmeyster, turnirin ən reytinqli şahmatçısı Eltac Səfərli (2668) ilə görüşdə məğlub olub. Belçika təmsilçisi Vadim Malaxatko (2487) ilə qarşılaşan FİDE ustası Pərviz Qasımov (2318) da eyni aqibətlə üzləşib. Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2366) isə qrossmeyster Zeynəb Məmmədyarova ilə (2321) xalları yarı bölüb.
İlk iki turdan sonra “A” qrupuna 5 zəka sahibi maksimum xalla ­başçılıq edir.
Ölkənin müxtəlif regionlarından 92 zəka sahibinin mübarizə apardığı “B” qrupunda liderlər məlum olmağa başlayıb. 21 şahmatçı hər iki turda qələbə qazanıb və liderliyə yüksəliblər. Onlar arasında Naxçıvan şahmat məktəbinin yetirmələri Azər Bayramov və Orxan Həsənov da var.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının “C” qrupunun liderləri naxçıvanlı zəka sahibləridir. 12 yaşlı Həsən Həşimli (Culfa) və 10 yaşlı Abdulla Hüseynli ilk iki pillədə qərarlaşıblar. Ümumiyyətlə, bu qrupda 34 şahmatçının iki xalı var.

 Ceyhun MƏMMƏDOV

Mayın 3-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya­-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalına start verilib.
Şahmat festivalı çərçivəsində zəka sahibləri 3 qrupun iştirakçısı olacaqlar. Belə ki, reqlamentə əsasən, beynəlxalq festivalda güclülərin (“A” qrupu), əmsalı az olanların (“B” qrupu) və uşaqların (“C” qrupu) yarışı keçiriləcək. Artıq festivalın “A” qrupunda iştirak etmək üçün 47 şahmatçı müraciət edib. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub. Turnirdə 14-15 yaşlı yeniyetmələr, 18-19 yaşlı gənclər və böyüklər 10 çəki dərəcəsində ən güclünü müəyyən etməyə çalışıblar.

Ardını oxu...

Şərur Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkar­lararası reytinq və kəmər döyüşləri uğrunda turnirə yekun vurulub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq və muxtar respublika Şərq Döyüşü Sənəti federasiyalarının təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar.
Turnirin açılış mərasimində çıxış edən muxtar respublika gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Aparılan məqsədyönlü idman siyasəti idmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradıb. Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, hər il ölkəmizdə, eləcə də muxtar respublikamızda beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir.

Ardını oxu...

Ən qədim oyun növlərindən biri olan şahmat uşaq və yeniyetmələrin əqli inkişafına təsir edən mühüm vasitələrdən biridir. Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən bu idman növü onlarda diqqətli olmaq, düşünmək, müqayisə etmək qabiliyyətlərini gücləndirir. Şahmat həmçinin ixtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü də inkişaf etdirir. Uşaqlara özünə tənqidlə yanaşmağı, sərbəst qərar vermək bacarığını aşılayır. Bir sözlə, şahmat həm yaxşı zaman keçirmək, həm də zehni inkişaf etdirmək üçün mühüm vasitədir.

İdmanın, o cümlədən şahmatın kütləviliyinə, onun inkişaf və təbliğinə nail olmaq, bu sahədə yeni idmançılar hazırlamaq muxtar respublikada aparılan idman siyasətinin tərkib hissəsidir. Son illər bu məqsədə xidmət edən ardıcıl tədbirlər görülür. Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən növbəti müşavirə də muxtar respublikada idmana, o cümlədən şahmatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müşavirədə uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi, rayon şahmat məktəbləri arasında interaktiv dərslərin qrafik əsasında keçilməsinin təmin edilməsi barədə konkret tapşırıqlar verilib.

Ardını oxu...

“Heydər Əliyev kuboku” uğrunda boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 14-15 yaşlı yeniyetmələr, 18-19 yaşlı gənclər və böyüklər 10 çəki dərəcəsində mübarizə aparırlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarışda idmançılar müxtəlif çəki dərəcələrində ən güclünü müəyyən edəcəklər.
Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilən yarış olimpiya sistemi üzrə təşkil olunub. Turnirdə muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparır.
Üç gün davam edən yarışa bu gün keçiriləcək final görüşləri ilə yekun vurulacaq.

Ceyhun Məmmədov

Mingəçevir şəhərində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinə yekun vurulub. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, 100 metr məsafəyə üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Yarışda Naxçıvanı muxtar respublika üzrə keçirilən zona birinciliyində qalib olmuş Şərur rayonu Oğlanqala kənd tam orta məktəbinin komandası təmsil edib. 16 komandanın iştirak etdiyi çempionatda komandamız 837 xalla ikinci yerə layiq görülüb.
Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim olunub.
Yarışın keçirilməsində məqsəd poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, çağırışyaşlı və çağırışa­qədərki yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Ceyhun Məmmədov

Aprelin 27-30-da Balakən rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında XI Respublika Oyunları keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 10 idmançısı mübarizə aparıb. Pəhləvanlarımız keçirilən yarışda 2 medal qazanıblar.
İlk olaraq 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Əziz İsmayılov yarımfinala qədər irəliləyib. Bu mərhələdə məğlub olan güləşçimiz üçüncü yer uğrunda görüşü qələbə ilə başa vuraraq bürünc medal əldə edib. Digər bürünc medalı komandamıza 73 kiloqram çəki dərəcəsində Qoca Əhmədov qazandırıb.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında stolüstü tennis üzrə birincilik keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, İlham Əliyev adına Olimpiya-İdman Kompleksi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda mübarizə aparıb.
Birinciliyin nəticəsinə əsasən, 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini məğlub edərək əsas mükafatı qazanıb. 5 nömrəli tam orta məktəbin komandası ikinci, 6 və 7 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü olublar.
Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
Birinciliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi təşkil edib.
Yarışa start verilməzdən öncə Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilov çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib və gənclərə uğurlar arzulayıblar.
Oyun 2 mərhələ və finaldan ibarət olub. Birinci mərhələdə “Təbriz”, “Araz”, “İncilər” və “Turan” komandaları, ikinci mərhələdə isə “Savalan”, “Vətən”, “Nəqşicahan” və “Zəka” komandaları mübarizə aparıblar. Hər iki mərhələdə birinci və ikinci yerləri tutmuş “Təbriz”, “Turan”, “Savalan” və “Vətən” komandaları finala vəsiqə qazanıblar. Yekunda “Təbriz” komandası qalib olub. “Savalan” komandası 2-ci, “Turan” komandası isə 3-cü yerə layiq görülüb.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərman, kubok və bilik kitabları təqdim olunub.
Qeyd edək ki, I, II və III yerləri tutmuş komandalar Balakən şəhərində keçiriləcək “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatında muxtar respublikamızı təmsil edəcəklər.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdiyi birincilikdə 20 idmançı mübarizə aparıb. Yarışı keçirməkdə məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün idmanın, o cümlədən armreslinq idman növünün inkişaf etdirilməsidir.
Birincilik iştirakçıları 75 kiloqramadək və 75 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.
Yarışın nəticəsinə əsasən, 75 kiloqramadək idmançıların mübarizəsində Turan Hüseynov bütün rəqiblərinə qalib gələrək əsas mükafatı qazanıb. Allahverdi Məmmədov ikinci, Məmili Məmmədov isə üçüncü olub. 75 kiloqramdan yuxarı çəki dərəcəsində İlqar Sadiqov qalib adını qazanıb. Digər iki pillədə Ələkbər Salmanov və Nəriman Mehdiyev qərarlaşıblar.
Sonda idmançılar diplom və hədiyyələrlə təltif olunublar.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qızlar arasında həndbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi görüşdə “Naxçıvan” və “Şərur” komandaları üz-üzə gəlib.
Yoldaşlıq görüşündən öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək son illər muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar. Vurğulanıb ki, həndbol bölmələri yeni yaradılsa da, qızlar arasında bu idman növünə maraq artıb. Təsadüfi deyil ki, hazır­da muxtar respublikanın bir çox tam orta məktəblərində bu idman növü üzrə məşqlər keçirilir.
Qarşılaşmada daha üstün oyun sərgiləyən “Naxçıvan” komandası şərurlu rəqiblərini 7:4 hesabı ilə məğlub edib.
Sonda hər iki komandanın ­idmançılarına diplomlar təqdim olunub.

 Ceyhun Məmmədov

Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş üzrə ölkə birinciliyinə yekun vurulub. Üç gün davam edən yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar.
Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin rəhbərliyi ilə paytaxta yollanan idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, 16 komandanın mübarizə apardığı çempionatda güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində Elşən Qasımov, 85 kiloqram çəki dərəcəsində Elvin Əliquliyev və 96 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev həlledici görüşə kimi bütün rəqiblərini məğlub ediblər. Yalnız final görüşlərində məğlub olan idmançılarımız ölkə çempionatını ikinci pillədə başa vurublar. Digər üç güləşçimiz – Mahir Babayev (66 kiloqram), Ramal Qafarov (74 kiloqram) və Kamil Salayev (96 kiloqram) bürünc medalla kifayətləniblər.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.

Ceyhun Məmmədov

Məlum olduğu kimi, mayın 3-7-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda pouerliftinq və bench press idman növləri üzrə beynəlxalq turnir keçiriləcəkdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası Pouerliftinq Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq turnir öz reqlamentinə görə digər turnirlərdən fərqlənəcək.
Turnirdə iştirak edəcək Naxçıvan Muxtar Respublikası yığma komandasının tərkibini müəyyən etmək üçün İlham Əliyev adına Olimpiya-İdman Kompleksində seçmə yarış keçirilib. Yarışda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 50-dən çox idmançı qüvvəsini sınayıb. Seçmə yarışda qalib olan, eyni zamanda fərqlənən idmançılar muxtar respublikanı beynəlxalq turnirdə təmsil edəcəklər.

Ceyhun Məmmədov

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi keçirilib.
10 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, 2 nömrəli tam orta məktəbin komandası qalib olub. Digər iki pillədə isə 15 və 16 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub. Məlumat üçün qeyd edək ki, 2 nömrəli tam orta məktəbin komandası II mərhələdə, yəni Naxçıvan Muxtar Respublikası zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.

Ceyhun Məmmədov

Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin oğlan və qız tələbələri arasında keçirilən atıcılığın tir növü üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub. Atıcılıq Mərkəzində keçirilən yarışda 30-a yaxın idmançı mübarizə aparıb.
Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Atıcı­lıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Oğlanların mübarizəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nihad Novruzov hədəfi daha dəqiq nişan alaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi Qəşəm Əkbərov ikinci, universitetin digər tələbəsi Yuris Allahverdiyev üçüncü olublar. Qızlar arasında isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnar Əlizadə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Digər iki pillədə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nuray Mahmudova və Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Ayla Əsədli qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.

Ceyhun Məmmədov

Bu gün Naxçıvan Muxtar Respublikasında idman siyasəti uğurla həyata keçirilir, muxtar respublika idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda nailiyyətlər əldə edirlər. Yaradılan yeni idman bölmələri, inşa edilən idman kompleksləri və zalları idmançılarımızın daha böyük uğurlar əldə etməsinə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsi də qısa vaxt ərzində əhəmiyyətli uğurlar qazanıb. 

“Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovanın rəhbərliyi altında bölmənin yetirmələri bu idman növünün sirlərinə daha dərindən yiyələnirlər. Hazırda o, həftə ərzində müxtəlif məkanlarda məşqlər keçir. Şərur rayonundakı bölmədə azyaşlılara və Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara bədii gimnastikanı öyrədir, eləcə də Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində yaradılan bölmələrdə qız tələbələrə gimnastika və aerobika hərəkətləri öyrədərək onları sağlam gələcəyə hazırlayır. Həmsöhbət olduğumuz məşqçi-müəllim uşaq və gənclərin bu idman növünə maraq göstərdiklərini bildirdi. O dedi:
– Bədii gimnastika dünyada elit idman növü kimi tanınır. Adətən, bizim bölməmizə 3-11 yaşlı qızlar cəlb olunur. Ancaq bu idman növünə maraq böyük olduğundan 12-15 yaşlarda qızlar da məşqlərdə iştirak edirlər. Valideynlərə uşaqlarının sağlam böyümələri üçün idmana cəlb etmələrini məsləhət görürəm. Eyni zamanda onların özlərini də idmanla məşğul olmağa dəvət edirəm. Bütün idman növlərinin əsasını məhz gimnastika və atletik hərəkətlər təşkil edir. Bu idman növü insanın onurğa sütununun, qamətinin düz olmasına, ayaqlarda olan əyriliyin aradan qaldırılmasına təsir göstərir. Həmçinin bədii gimnastikada uşaq mənəvi-psixoloji cəhətdən də möhkəmlənir. Yəni hər hansı bir fəndi yerinə yetirərkən ilk olaraq psixoloji cəhətdən ona hazır olmaq lazımdır. Məhz mənim də uşaqlara öyrətdiyim birinci məsələ budur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atıcı­lıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnöv­çülüyü üzrə muxtar respublika çempionatı keçirilib. Yarışı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə təşkil edib.
Yarışın keçirilməsində məqsəd muxtar respublikanın bədən tərbiyəsi və idman kollektivlərində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün təbliğ edilməsi, çağırışyaşlılar və çağırışaqədərki yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və gənclərin orduda xidmət etməsi üçün fiziki hazır­lıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Ardını oxu...

Culfa rayonunun Göydərə kəndindəki futbol meydançasında Culfa şəhər və kənd komandaları arasında futbol üzrə rayon birinciliyinə start verilib. Birinciliyi rayon Gənc­lər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Culfa rayon bölməsi təşkil edib.
Yarış iki yarımqrupda, olimpiya sistemi üzrə keçirilir. Yarışda 16 komanda mübarizə aparır. Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli və Futbol Federasiyasının Culfa rayon bölməsinin sədri Əli Adıgözəlov çıxış edərək idmana göstərilən diqqət və qayğıdan söhbət açıblar.
“A” qrupunun ilk oyununda Saltaq və Bənəniyar kənd komandaları üz-üzə gəliblər. Daha üstün oyun sərgiləyən Bənəniyar kənd koman­da­­sı qalib gələrək növbəti tura vəsiqə qazanıb.

Ceyhun Məmmədov

Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Əvvəlcə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, birinciliyin keçirilmə məqsədi yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və yarışa start verilib.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın güləşçi öz qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Turqut Abdullayev, Əli Əlioğlu, Fuad Məmmədov, Nurəddin Əliyev və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Kəngərli rayon mərkəzində yerləşən futbol meydançasında rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında yaz çağırışına həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün Kəngərli rayon mərhələsi keçirilib.
Bu mərhələdə 8 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq 5 növ üzrə keçirilib.
Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov, Təhsil Şöbəsinin əməkdaşı Səməd Səmədov çıxış edərək yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idmanda əldə olunan nailiyyətlərdən, gənclərin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıblar. Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışın yekun nəticəsinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Yurdçu kənd tam orta məktəbinin komandası ikinci, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Yekunda qalib komanda və müxtəlif növlərdə fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində karate-do üzrə kəmər imtahanı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi imtahanda muxtar respublikanın şəhər və rayonlarından 50-dən çox idmançı iştirak edib.
Reqlamentə əsasən, idmançılar kəmər imtahanında kixon, kumite və kata üzrə bacarıqlarını nümayiş etdiriblər.
Kəmər imtahanı Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hidayət Şabanov və Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev tərəfindən aparılıb. İmtahan ərzində idmançılara bu növ üzrə məlumatlar verilib, tətbiq olunan yeni qaydalar haqqında fikir mübadilələri aparılıb.
Qeyd edək ki, sonra 31 idmançı müxtəlif kəmər dərəcələrinə layiq görülüblər.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR