Mingəçevir şəhərində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinə yekun vurulub. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, 100 metr məsafəyə üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Yarışda Naxçıvanı muxtar respublika üzrə keçirilən zona birinciliyində qalib olmuş Şərur rayonu Oğlanqala kənd tam orta məktəbinin komandası təmsil edib. 16 komandanın iştirak etdiyi çempionatda komandamız 837 xalla ikinci yerə layiq görülüb.
Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim olunub.
Yarışın keçirilməsində məqsəd poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, çağırışyaşlı və çağırışaqədərki yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Ceyhun Məmmədov