Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
Birinciliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi təşkil edib.
Yarışa start verilməzdən öncə Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilov çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib və gənclərə uğurlar arzulayıblar.
Oyun 2 mərhələ və finaldan ibarət olub. Birinci mərhələdə “Təbriz”, “Araz”, “İncilər” və “Turan” komandaları, ikinci mərhələdə isə “Savalan”, “Vətən”, “Nəqşicahan” və “Zəka” komandaları mübarizə aparıblar. Hər iki mərhələdə birinci və ikinci yerləri tutmuş “Təbriz”, “Turan”, “Savalan” və “Vətən” komandaları finala vəsiqə qazanıblar. Yekunda “Təbriz” komandası qalib olub. “Savalan” komandası 2-ci, “Turan” komandası isə 3-cü yerə layiq görülüb.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərman, kubok və bilik kitabları təqdim olunub.
Qeyd edək ki, I, II və III yerləri tutmuş komandalar Balakən şəhərində keçiriləcək “Xəmsə” Milli İntellektual Oyununun IX Azərbaycan çempionatında muxtar respublikamızı təmsil edəcəklər.
Ceyhun Məmmədov