“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi keçirilib.
10 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, 2 nömrəli tam orta məktəbin komandası qalib olub. Digər iki pillədə isə 15 və 16 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub. Məlumat üçün qeyd edək ki, 2 nömrəli tam orta məktəbin komandası II mərhələdə, yəni Naxçıvan Muxtar Respublikası zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.
Ceyhun Məmmədov