Qobustan Olimpiya-İdman Kompleksində 28 May – Respublika Gününə həsr olunmuş 2001-2003, 2004-2006-cı illər təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyinə yekun vurulub.
İki gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak ediblər. İdmançılarımızdan ən uğurlu nəticəni 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbas Məmmədov əldə edib. Belə ki, final görüşünə kimi məğlubiyyətsiz irəliləyən cüdoçumuz yalnız həlledici qarşılaşmanı məğlub tərk edib və birinciliyi ikinci pillədə başa vurub. Digər cüdoçumuz Cəfər Məmmədli isə 34 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb. Yeniyetmə idmançımız birincilikdə bürünc medal qazanıb.
Sonda qalib idmançılarımıza təşkilatçıların diplom, medal və hədiyyələri təqdim olunub.
Ceyhun Məmmədov