Uğurlu idman siyasəti nəticəsində muxtar respublikada mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir. Naxçıvan Muxtar Respublikasında yaradılan müasir idman infrastrukturu burada beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirməyə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına şərait yaradır. Mövcud infrastruktur eyni zamanda uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.
Muxtar respublikanın şəhər və rayonlarında yeniləşən idman obyektləri insanların idmana olan marağını gündən-günə artırmaqdadır. Belə idman obyektlərindən biri də Şərur rayonundakı Dəmirçi kənd stadionudur. Burada yenidənqurma işləri aparılır. Uzunluğu 105 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası da inşa ediləcək və idman qurğuları quraşdırılacaq. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, muxtar respublikanın kəndlərində yenidən qurulan 5-ci stadiondur.
Ceyhun MƏMMƏDOV