Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qızlar arasında həndbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi görüşdə “Naxçıvan” və “Şərur” komandaları üz-üzə gəlib.
Yoldaşlıq görüşündən öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək son illər muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar. Vurğulanıb ki, həndbol bölmələri yeni yaradılsa da, qızlar arasında bu idman növünə maraq artıb. Təsadüfi deyil ki, hazırda muxtar respublikanın bir çox tam orta məktəblərində bu idman növü üzrə məşqlər keçirilir.
Qarşılaşmada daha üstün oyun sərgiləyən “Naxçıvan” komandası şərurlu rəqiblərini 7:4 hesabı ilə məğlub edib.
Sonda hər iki komandanın idmançılarına diplomlar təqdim olunub.
Ceyhun Məmmədov