Bu gün Naxçıvan Muxtar Respublikasında idman siyasəti uğurla həyata keçirilir, muxtar respublika idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda nailiyyətlər əldə edirlər. Yaradılan yeni idman bölmələri, inşa edilən idman kompleksləri və zalları idmançılarımızın daha böyük uğurlar əldə etməsinə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsi də qısa vaxt ərzində əhəmiyyətli uğurlar qazanıb.
“Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovanın rəhbərliyi altında bölmənin yetirmələri bu idman növünün sirlərinə daha dərindən yiyələnirlər. Hazırda o, həftə ərzində müxtəlif məkanlarda məşqlər keçir. Şərur rayonundakı bölmədə azyaşlılara və Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara bədii gimnastikanı öyrədir, eləcə də Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində yaradılan bölmələrdə qız tələbələrə gimnastika və aerobika hərəkətləri öyrədərək onları sağlam gələcəyə hazırlayır. Həmsöhbət olduğumuz məşqçi-müəllim uşaq və gənclərin bu idman növünə maraq göstərdiklərini bildirdi. O dedi:
– Bədii gimnastika dünyada elit idman növü kimi tanınır. Adətən, bizim bölməmizə 3-11 yaşlı qızlar cəlb olunur. Ancaq bu idman növünə maraq böyük olduğundan 12-15 yaşlarda qızlar da məşqlərdə iştirak edirlər. Valideynlərə uşaqlarının sağlam böyümələri üçün idmana cəlb etmələrini məsləhət görürəm. Eyni zamanda onların özlərini də idmanla məşğul olmağa dəvət edirəm. Bütün idman növlərinin əsasını məhz gimnastika və atletik hərəkətlər təşkil edir. Bu idman növü insanın onurğa sütununun, qamətinin düz olmasına, ayaqlarda olan əyriliyin aradan qaldırılmasına təsir göstərir. Həmçinin bədii gimnastikada uşaq mənəvi-psixoloji cəhətdən də möhkəmlənir. Yəni hər hansı bir fəndi yerinə yetirərkən ilk olaraq psixoloji cəhətdən ona hazır olmaq lazımdır. Məhz mənim də uşaqlara öyrətdiyim birinci məsələ budur.
– Artıq 3 ildir ki, muxtar respublikamızda bədii gimnastika bölməsi yaradılıb. Məşqlərdə uşaqların fəallığından razısınızmı?
– Bədii gimnastika bölməsi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir və hazırda 150-dən çox uşaq məşqlərdə iştirak edir. Yay aylarında bu say 200-ü keçir. Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında zalımız var və zal bədii gimnastika üçün lazım olan hər bir avadanlıqla təmin olunub. Eyni zamanda bu il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilən tapşırıqlara əsasən Şərur rayonunda və Naxçıvan Dövlət Universitetində bölmələrimiz fəaliyyətə başlayıb. Ən əsası isə fiziki imkanları məhdud uşaqlar üçün bölməmiz var. Ümumiyyətlə, bədii gimnastika qısa vaxt ərzində Naxçıvanda sevilən idman növünə çevrilib.
– Bu gün muxtar respublikada idmanın inkişafı üçün hər cür şərait yaradılıb, gələcəyə hesablanmış işlər görülüb. Belə bir şəraitdən bəhrələnən idmançılar yeni hədəflər müəyyənləşdirir, bu istiqamətdə çalışırlar. Bəs sizin gələcək planlarınız nədən ibarətdir?
– Həqiqətən də, Naxçıvanda idmana, idmançıya çox böyük diqqət göstərilir. Bunun bariz nümunələrindən biri də aprelin 7-də idman sahəsindəki fəaliyyətim nəzərə alınaraq mənə yeni mənzil hədiyyə edilməsidir. Əməyimin qiymətləndirilməsi məni daha da ruhlandırıb. Gözləməzdim ki, bu gənc yaşımda belə bir sevinc hissi yaşaya bilərəm. Ailəm Bakıda yaşadığından məişət şəraitimlə tez-tez maraqlanır, kirayə mənzildə yaşamağımdan narahatçılıq keçirirdi. İndi onlar da ən az mənim qədər sevincli və qürurludurlar. Naxçıvan şəhərinin mərkəzində mənə gözəl bir mənzil hədiyyə etdiyi üçün muxtar respublika rəhbərinə minnətdaram. Bu böyük qayğını heç vaxt unutmayacağam. Söz verirəm ki, əməyimə verilən dəyəri, mənə bəslənilən etimadı bundan sonra da doğruldacağam. İşimi hər zaman sevmişəm. Ona görə də məşqlərə daim xüsusi məsuliyyət və həvəslə yanaşıram.
Bədii gimnastika bölməsinin gələcək planlarına gəlincə, məqsədimiz bu növün muxtar respublikada daha da inkişaf etdirilməsinə nail olmaq və idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməkdir. Əminəm ki, yaradılmış şərait bizə qısa vaxt ərzində bu hədəflərə çatmağımıza imkan verəcəkdir. Bu məqamda qeyd etmək istəyirəm ki, Naxçıvanda idmanın maddi-texniki bazası gücləndirilib, idman infrastrukturu yenidən bərpa olunub və belə olan halda iş yalnız biz məşqçi-müəllimlərin üzərinə düşür. İstənilən idman növünü təbliğ və təşviq edən məşqçinin, eləcə də mənim bir amalım var: uşaqları idmana cəlb etmək, onlara idmançı ruhunu aşılamaq. Çünki bu, uşaqların gələcəkdə bir fərd kimi formalaşmasına, bilavasitə, təsir göstərir. Bununla yanaşı, uşaqlarda idmana həvəs oyatmaq, onların məşğul olduğu növü sevimli peşələrinə çevirmək lazımdır. Burada əsas yük biz məşqçilərin üzərindədir: biz uşaqlara həm psixologiyanı, həm elmi bilikləri, həm də idmanı öyrətməliyik. Yalnız bundan sonra idmanı aşıladığımız uşaqdan, tələbədən nəticə tələb edə bilərik.
Bu gün Naxçıvanda idmanın inkişafına, kütləviliyinə nail olmaq üçün böyük işlər görülüb. İdmançılarımızın beynəlxalq arenalarda uğur qazanmaları bunu bir daha sübut edir. Mən də çalışacağam ki, bədii gimnastika növü üzrə yeni-yeni uğurlar əldə edək.
– Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Ceyhun Məmmədov