Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş üzrə ölkə birinciliyinə yekun vurulub. Üç gün davam edən yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar.
Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin rəhbərliyi ilə paytaxta yollanan idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, 16 komandanın mübarizə apardığı çempionatda güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində Elşən Qasımov, 85 kiloqram çəki dərəcəsində Elvin Əliquliyev və 96 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev həlledici görüşə kimi bütün rəqiblərini məğlub ediblər. Yalnız final görüşlərində məğlub olan idmançılarımız ölkə çempionatını ikinci pillədə başa vurublar. Digər üç güləşçimiz – Mahir Babayev (66 kiloqram), Ramal Qafarov (74 kiloqram) və Kamil Salayev (96 kiloqram) bürünc medalla kifayətləniblər.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Ceyhun Məmmədov