22 Dekabr 2024, Bazar

Şahbuz Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi “Şən startlar” çoxnövçülük üzrə idman yarışına yekun vurulub.
Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən yarış 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Yarışda hər biri 3 oğlan və 3 qızdan ibarət olan 6 komanda mübarizə aparıb.
Sonra komandalar güclərini sınayıblar. Yekunda qalib adını 345 xal toplayan Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası qazanıb. İkinci və üçüncü pillədə isə 315 xalla Ayrınc kənd və 265 xalla Şahbuz şəhər 2 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda qalib komandaların üzvlərinə tədbirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüşdə “Şərur” və “Sədərək” komandaları üz-üzə gəliblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının təşkil etdiyi görüş Sədərək voleybolçularının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komanda Voleybol Federasiyası tərəfindən hədiyyələrlə ­mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə paralimpiyaçılar arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yoldaşlıq görüşündə Babək və Şahbuz komandaları üz-üzə gəlib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırmaqla onlarda sağlam həyat tərzinin təmin edilməsinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə bu kateqoriyadan olan gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Görüşün yekununda “Şahbuz” komandası “Babək” komandasını 3:2 hesabı ilə məğlub edib.
Qalib komandaya Paralimpiya Federasiyasının hədiyyələri təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun və Şərur Rayon Uşaq-gənclər idman məktəbinin 11-13 yaşlı yeniyetmələrindən ibarət komandaları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Uşaq futbolunun müəyyən edilmiş qaydalarına əsasən təşkil edilən yoldaşlıq görüşü 4:2 hesabı ilə “Araz-Naxçıvan” PFK-nın qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi görüşün məqsədi muxtar respublikada uşaq futbolunu inkişaf etdirmək, istedadlı uşaqları üzə çıxarmaqdır.

Ceyhun MƏMMƏDOV

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Ordubad rayon bölməsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında oğlanlardan ibarət basketbol komandaları arasında rayon birinciliyi keçirilib.
Birincilikdə 7 komandadan 62 nəfər iştirak edib. İki gün davam edən yarışın yekun nəticələrinə görə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. Gənzə kənd tam orta məktəbin komandası ikinci, Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin komandası isə üçüncü olub.

 Ceyhun MƏMMƏDOV

Culfa rayonunun Əbrəqunus kənd və Culfa şəhər 3 nömrəli tam orta məktəblərində keçirilən rayon ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında yüngül atletikanın hündürlüyə tullanma növü üzrə rayon birinciliyi başa çatıb.
Birincilik Culfa Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Gənclər Birliyi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Culfa rayon bölməsinin təşkilatçılığı ilə keçirilib.
İki yarımqrup üzrə keçirilən yarışda hər qrupda 6, ümumilikdə, 12 komanda (hər komandanın heyətində 3 oğlan və 3 qız iştirakçı olmaqla), 72 yeniyetmə bu turnirin iştirakçısı olub.
Final mərhələsində Əbrəqunus kənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci, Culfa şəhər 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

 Ceyhun MƏMMƏDOV

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmələr (2005-2007-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb. Yarışın nəticəsinə əsasən Nicat Ocaqquliyev, Yəhya Paşayev, Tuncay Məmmədov, Ramal Kələşov, Ləzgi Xudadanlı, Fərid Rzayev, Süleyman Məmmədov, Əli Cəfərov, Allahverdi Bayram və Ayxan İsmayılov müvafiq olaraq 29, 32, 35, 38, 42, 46, 50, 58, 63 və 66 kiloqram çəki dərəcələrində birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və bu illər ərzində populyarlıq qazanaraq 50 ölkə­də keçirilir.
Muxtar respublikamızda da bu idman növünə maraq günü-gündən artır. Hər il məhdud fiziki imkanlı şəxslər arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir və respublika səviyyəli yarışlarda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin edir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində boccia idman növü üzrə IV respublika turniri keçirilib. Turnirdə muxtar respublikamızı məhdud fiziki imkanlı Qafqaz Hüseynov təmsil edib. Yarışda həmyerlimiz III yerə layiq görülüb.
İdmançımıza Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomu və hədiyyəsi təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Hər il sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar təşkil edir, idmançıların respublikamızda keçirilən müxtəlif səviyyəli yarışlarda iştirakları təmin olunur.
Dekabrın 11-də Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində III Uşaq Paralimpiya Oyunları keçirilib. Qolbol, üzgüçülük, boccia, tennis və cüdo idman növləri üzrə Naxçıvan Muxtar Respublikasından sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib.
Yarışda muxtar respublikamızı təmsil edən paralimpiyaçılar layiqli yerləri tutublar. Belə ki, üzgüçülük idman növü üzrə Zeynəb İbrahimli keçirilən yarışın qalibi, tennis idman növü üzrə Mətin Bağırov və Nihal İmanov, boccia idman növü üzrə Zahir İbrahimov və Gilə Yunisova, cüdo idman növü üzrə Səfər Məmmədov və qolbol idman növü üzrə qrup yarışında 3 həmyerlimiz ikinci, üzgüçülük idman növü üzrə Hüseyn Abdullayev, boccia idman növü üzrə isə İlqar Yunisov üçüncü olublar.
Sonda qalib idmançılarımıza medal, diplom və hədiyyələr təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Hövsan Olimpiya-İdman Kompleksində keçirilən kempo qarışıq döyüş növü üzrə üçüncü Avrasiya çempionatı başa çatıb. İki gün davam edən birincilikdə 600 idmançı mübarizə aparıb.
Çempionatda Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının 13 idmançısı da iştirak edib. Onların uğurlu çıxışları 13 müxtəlif əyarlı medalın qazanılması ilə nəticələnib. Belə ki, 12-14 yaşlı idmançıların mübarizəsində 35 kiloqram çəki dərəcəsində Heydər Quliyev, 45 kiloqram çəki dərəcəsində İbrahim Əsədli qızıl, 50 kiloqram çəki dərəcəsində isə Kamal Əsədov gümüş medal qazanıblar.
Gənclərin mübarizəsində isə idmançılarımızdan Fərid Məmmədov (50 kiloqram), Əhməd Rzayev (55 kiloqram), Nizami Hüseynov (60 kiloqram) və Xızır İsmayılov (65 kiloqram) qızıl, Fərəc Quliyev (50 kiloqram) gümüş, Turqay İsmayılov (60 kiloqram) və Coşqun Əliyev (65 kiloqram) isə bürünc medal əldə ediblər.
Kişilərin mübarizəsində də idmançılarımız mükafatçılar sırasına düşməyi bacarıblar. Belə ki, 60 kiloqram çəki dərəcəsində Nail Sarıyev qızıl, 65 kiloqram çəki dərəcəsində isə Seyfulla Mehtiyev gümüş medala layiq görülüblər. Ən ağır – 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Səyyad Məmmədov isə sırası ilə Rusiya, Pakistan, İran, Gürcüstan və Türkiyə idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 22 çəki dərəcəsində 60 idmançı qüvvəsini sınayıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Naxçıvan şəhərinin dəri əlcək ustaları ilə yanaşı, Babək rayon idmançıları da iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Murad Tağıyev, Ayxan Heydərov, Hüseyn Məmmədov, Fəxrəddin Əliyev, Amal Qasımov, Ruhin Ağamalıyev, Xəyal Musayev, Nizami Novruzov, Hüseyn Hüseyn­ov, Pünhan Səmədov, Ülvi Süleymanov, Səfər Tağıyev, Cavid Hüseynov, Ayxan Süleyman­ov, Nadir Cəfərov, Rəşid Sadıqov, Xəyal Quliyev, Əli Vəliyev, Əbülfəz Xəlilli, Əlvan Cəfərov, Əlirza Mayıllı və Sərvər Abdullayev bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-gənc­lər şahmat məktəbinin təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şahmat turniri keçirilib.
Tədbirdə çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar. Olimpiya sistemi üzrə keçirilən yarışda 48 oğlan və qız zəka sahibi iştirak edib.
Sonda oğlanlar arasında Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Gökan Hüseynov, Onur Əsgərli və Hüseyn Hüseynov müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar. Qızların mübarizəsində isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Sona Səfərova qalib adını qazanıb. Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nurgül Qurbanova ikinci, Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Cəlilova üçüncü olublar.

Ceyhun MƏMMƏDOV

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində rayon Gənc­lər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin təşkil etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə açıq birinciliyə yekun vurulub.
Məktəbli qızların bədən tərbiyəsi və idmana marağının daha da artırılması məqsədilə keçirilən birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Uşaq-gənclər idman məktəbinin direktoru vəzifəsini icra edən İbrahim Məmmədov müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
16 idmançının iştirak etdiyi yarışın yekununda ilk üç pilləyə müvafiq olaraq Bəyim Nağıyeva, Mirvari Tağıyeva və Gülnar Niftəliyeva layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayonun ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət voleybol komandaları arasında rayon birinciliyi keçirilib. Yarışda 8 komanda Olimpiya sistemi üzrə mübarizə aparıb.
Yekunda bütün rəqiblərinə qalib gələn Kolanı kənd tam orta məktəbinin komandası qalib olub. Digər iki pillədə Külüs və Şahbuz şəhər 1 nömrəli tam orta məktəblərinin komandaları qərarlaşıblar.
Sonda qalib komandalar mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin sağlamlıq imkanları məhdud şagirdləri arasında dama yarışı keçirilib.
Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov çıxış edərək yarışın mahiyyəti haqqında məlumat verib.
Yekun nəticəyə əsasən Əli Rüstəmov, Şıxı Şıxıyev və Könül Mehdiyeva müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Babək qəsəbə və Nehrəm kənd məktəblərinin müəllimlərindən ibarət komandalar arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Babək rayon Çeşməbasar kənd tam orta məktəbinin mini-futbol meydançasında keçirilən yarışdan öncə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev son illər muxtar respublikada bu idman növünün kütləviliyi istiqamətində görülən işlərdən danışıb, komandalara uğurlar arzulayıb.
Yarışın yekununda “Nehrəm” komandası “Babək” komandasına 12:4 hesabı ilə qalib gəlib. Sonda hər iki komandaya təşkilatçıların diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku başa çatıb. Yarışda ölkəmizin şəhər və rayonlarının, idman cəmiyyətlərinin, klubların, idman mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin yüzə yaxın atleti qüvvəsini sınayıb. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi olub.
Körpücük üzərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin üzvü Tərmenxan Babayev də çıxıb. O, 85 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İdmançımız iki cəhddə 128 və 152 kiloqram çəki dərəcəsinin öhdəsindən gələrək, ümumilikdə, 280 kiloqram çəkini başı üzərinə qaldırıb. Bununla göstərici olaraq ən yaxın rəqibini 8 kiloqram üstələyən idmançımız Azərbaycan kubokunun qalibi adını qazanıb.
Sonda idmançımız diplom və medalla təltif edilib.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu gün ölkənin bütün regionlarında olduğu kimi, muxtar respublikada da idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, Naxçıvan idmançıları mütəmadi olaraq keçirilən yarışlarda, turnirlərdə layiqli çıxış etməklə böyük uğurlara imza atırlar. Həmçinin Naxçıvan hər il müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edir.
Azərbaycan Respublikası Milli Məclisin deputatı, AFFA-nın I vitse­-prezidenti, “Açıq əyləncəli futbol məktəbləri”nin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev çıxışında vurğulayıb ki, dünyanın bir sıra ölkələrində, o cümlədən 2004-cü ildən Azərbaycanda da geniş vüsət alan bu layihənin əsas məqsədi münaqişələrin olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman növləri ilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişaf etdirilməsinə dəstək olmaqdır. Layihənin əsas prinsipi təkcə istedadlı futbolçular hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, onlarda olan qabiliyyəti inkişaf etdirməkdir. Bu kimi tədbirlərin təşkili artıq Naxçıvanda da ənənə halını alıb və ümumilikdə, Azərbaycan futbolunun inkişafına böyük zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov qonaqları və iştirakçıları salamlayaraq bildirib ki, “Açıq əyləncəli futbol məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramı yetişməkdə olan gənc nəslin sağlam böyüməsinə müsbət təsir göstərir. Muxtar respublikada yaradılan şərait böyük idman tədbirlərinin keçirilməsinə imkan verir. Bu da uşaq və yeniyetmələrin idmana kütləvi şəkildə cəlb olunmasına, onların sağlam şəkildə böyüməsinə müsbət təsirini göstərir. Nazir bu cür idman tədbirlərinin keçirilməsinin sağlam gənc­liyin yetişməsində müstəsna rolunu qeyd edib, layihənin iştirakçısı olan uşaqlar arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya iştirakçılarının yetişəcəyinə inandığını vurğulayaraq məktəblilərə uğurlar arzulayıb.
Tədbirdə 200-dən çox məktəbli iştirak edib və uşaqlara müxtəlif futbol ləvazimatları paylanılıb.

 Ceyhun MƏMMƏDOV

Sumqayıt Olimpiya-­İdman Mərkəzində Qara dəniz və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı keçirilib.
Yarışda uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edib. Fərdi yarışlardan başqa, hər bir yaş dərəcəsində kata və kumite üzrə komanda çıxışları da keçirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 6 yetirməsi də bu çempionatda mübarizə aparıb və uğura imza atıb. Belə ki, qızların mübarizəsində tatami üzərinə Səmra Məmmədli çıxıb. 12-13 yaş qrupunda -40 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn idmançımız birinci yerə layiq görülüb.
Oğlanların mübarizəsində isə fəxri kürsünün ən yüksək zirvəsinə Rəşid Süleymanov çıxıb (10-11 yaş qrupu). 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Aslan İsmayılov (14-15 yaş) ikinci, 38 kiloqram çəki dərəcəsində isə Vüsal Seyidov (12-13 yaş) üçüncü olublar.
Sonda qalib idmançılarımız diplom və medallarla təltif ediliblər.

 Ceyhun MƏMMƏDOV

Bakı İdman Sarayında keçirilən budo döyüş növləri üzrə açıq dünya çempionatı başa çatıb.
Turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan, ümumilikdə, 800 idmançı mübarizə aparıb. İdmançılar budo döyüş növünün semi kontakt, full kontakt, layt kontakt, fri kontakt, S-1, B-1, F-1, silahlı kata, kata, “submission” və “self defens” versiyaları üzrə güclərini sınayıblar.
Dünya çempionatında Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının idmançısı da iştirak edib. Belə ki, gənclərin yarışında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami Hüseynov dünya çempionu adını qazanıb. O, İran, Türkiyə və Hindistan idmançılarını məğlub edib.
Qalib idmançımıza diplom və medal təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi böyük uğura imza atıb.
Belə ki, Bakı şəhərində universal döyüş üzrə peşəkarlar arasında beynəlxalq turnir keçirilib. İdmançımız Razzaq Əliyev Gürcüstan idmançısı Erekle Maradze ilə qarşılaşıb. Gərgin keçən döyüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu Razzaq Əliyevin üçüncü peşəkar döyüşündə üçüncü qələbəsidir.
Beynəlxalq turnirdə Şərq Döyüş Sənəti Federasiyasının məşqçi-müəllimi Xəyal Abdullayev də hakim kimi iştirak edib və o, bir neçə döyüşdə əsas hakim funksiyasını yerinə yetirib.

 Ceyhun MƏMMƏDOV

Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkil etdiyi yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparıblar.
Keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak ediblər. Belə ki, 46 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Fuad Əşrəfli final görüşünə kimi bütün rəqiblərinə qalib gəlib. Son görüşdə Qusar cüdoçusu Ərəbxan Ramazanova məğlub olan idmançımız yeniyetmələrin cüdo üzrə respublika oyunlarında gümüş medal qazanıb.
Sonda idmançımız diplom və medalla təltif olunub.

 Ceyhun MƏMMƏDOV

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının mütəmadi olaraq müxtəlif idman növləri üzrə keçirdiyi yarışlarda bu qəbildən olan şəxslərin iştirakı onların idmana kütləvi cəlbinə şərait yaradır. Bakı şəhərində “Əlillərin V Respublika İdman Oyunları”nda Naxçıvan Muxtar Respublikasından şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimizin iştirakı da bu çərçivədə həyata keçirilib.
Yarışın yekun nəticəsinə əsasən muxtar respublikamızı təmsil edən paralimpiyaçılardan 3-ü mükafatçılar sırasında yerini alıb. Stolüstü tennis idman növündə İsgəndər Hüseynov, nərd idman növündə Nazim Süleymanov qalib adını qazanıblar. Dama idman növündə isə Təvəkkül Cəfərov ikinci olub.
Sonda qalib idmançılarımıza mükafatlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

İnsan psixologiyası hər şeyə qadirdir. O, bədəni yönəldən və idarə edən ağıla və ruha sahibdir. Bunun nəticəsində insan ətrafa reaksiya verə bilir. Bu reaksiyanın qarşısının alınması və ya gücləndirilməsi özünə təlqinlə mümkün ola bilər. Bundan daha çox idmançılar istifadə edirlər. Hər bir idmançı psixi tənzimləməyə nail olmaq üçün gündə 3 dəfə olmaq şərtilə 4 ay məşq etməlidir. Alimlər bunu asan psixi tənzimləmə yolu adlandırırlar. Və ya qısa desək, bu, autogen məşqdir.

Autogen məşq nədir? Autogen məşq insanın psixi cəhətdən gərginlikdən azad olunması metodudur. Bu məşq XX əsrin əvvəlində alman həkimi tərəfindən işlənib hazırlanmışdır. O hiss etmişdir ki, xəstələr onun yanına hədsiz dərəcədə psixi gərgin vəziyyətdə gəlirlər. Həkim onları bu vəziyyətdən çıxarmaq məqsədilə indi “autogen məşq” adlanan, psixi gərginliyi aradan qaldıran bir metod yaratmışdır. Bu metoddan idmanda çox müvəffəqiyyətlə istifadə etmək mümkündür. Automəşqi bəzən “öz-özünə hipnoz” da adlandırırlar: yəni insan o dərəcədə bu texnologiyanı mənimsəyib özünə təsir eləmək qabiliyyətinə malik olur ki, istənilən vaxt istənilən xəstəlik əlamətini aradan götürə bilir. Bir sıra hallarda onu psixoterapevt icra edir, ancaq burada şəxs heç kəsə müraciət etmir.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 20 zəka sahibi mübarizə aparıb. Turnir İsveçrə sistemi üzrə 5 turdan ibarət olub.
Bütün rəqiblərinə qalib gələn Yusif Səfərəliyev turnirin qalibi olub. Digər iki pillədə Turan Nağıyev və Ramil Ələkbərov qərarlaşıblar.
Qaliblərə diplom və fəxri fərmanlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası Milli Karate Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən 18-ci respublika, böyüklər arasında isə 25-ci respublika çempionatına yekun vurulub.

Ardını oxu...

Ərəfsə kənd tam orta məktəbində Culfa Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında kikboksinq üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 40 idmançı mübarizə aparıb.
Yarış əsasnaməyə uyğun olaraq 6 çəki dərəcəsində və olimpiya sistemi üzrə keçirilib. Yarışdan öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli və Şərq Döyüş Sənəti Federasiyasının rayon bölməsinin məşqçisi Etibar Qəribov çıxış edərək idmana göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan nailiyyətlərdən və rayonda idmanın kikboksinq növünün inkişafı istiqamətində görülən işlərdən ətraflı söhbət açıblar.
Gərgin mübarizə şəraitində keçən yarışda Cəsur Hacıyev, Nəsimi Hüseynov, Razi Quliyev, Ələkbər Əliyev, Şirxan Hacıyev və Afiq Qoçəliyev birinci yerə layiq ­görülüblər.
Yekunda qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib. Birincilikdə 6 komanda iştirak edib.
Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən Olimpiya sistemi üzrə keçirilən yarışda 17 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 10 nömrəli tam orta məktəbin komandası ikinci, 3 və 5 nömrəli tam orta məktəblərin koman­da­ları isə üçüncü olublar.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim edilib.

*  *  *

Şahbuz rayonunun şəhər və kənd icra nümayəndəliklərinin kişilərdən ibarət voleybol komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən rayon birinciliyinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkil etdiyi yarışda 10 komanda iki yarımqrupda mübarizə aparıb.
Gərgin keçən yarışın final oyununda Şahbuz şəhər komandası Külüs kənd komandasını 3:2 hesabı ilə məğlub edərək birinciliyin qalibi olub. Keçili kənd komandası isə üçüncü yerdə qərarlaşıb.
Qalib komandalar təltif olunub.

Ceyhun MƏMMƏDOV

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə idmançıların həkim müayinəsindən keçirilməsinə başlanılıb.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti, Yüngül Atletika federasiyalarının rayon bölmələrinin idmançıları Şahbuz Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçiblər.
Həkimlərdən Elvin Rzayev, Təmleyxa Cəbiyev, Əli Qurbanov, Xaqani Tarverdiyev və Elvin Gülməliyev tərəfindən idmançılar yoxlanılıb və onlara lazım olan məsləhətlər verilib.
Müayinələr noyabr ayının 30-na kimi davam etdiriləcək.
Qeyd edək ki, ötən gün Şərq Döyüş Sənəti Federasiyasının Şərur rayon bölməsinin idmançıları da tibbi müayinə olunublar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublika Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVI muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub.
Çempionatın ilk dövrəsini “Araz-Naxçıvan” maksimum xalla başa vurub. 7-ci turda “Sədərək” komandasının qonağı olan “qırmızı-ağlar” meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər. Dövrənin son matçında isə Naxçıvan təmsilçisi Şahbuzun “Batabat” komandasını sınağa çəkib və rəqib qapısından 6 cavabsız top keçirib. Turnir cədvəlində onların ən yaxın izləyicisi isə Naxçıvan Dövlət Universitetinin komandasıdır. Tələbələr son iki turu qələbə ilə başa vurmaqla buna müvəffəq olublar. Öncə Kəngərli təmsilçisini 7 dəfə mərkəzə dəvət edən NDU (2:7), son turda “Dübəndi” komandası qarşısında 3 xalı çətinliklə əldə edib – 2:1.
Son iki görüşdə xal itkisi “Babək” komandasını dördüncü pilləyə salıb. Bundan isə Culfanın “Əlincə” komandası maksimum istifadə edib. Belə ki, son iki turda əldə edilən 4 xal culfalıları ilk üç pillədə qərarlaşdırıb.
Şərurun “Arpaçay”, Şahbuzun isə “Batabat” komandaları isə cari mövsümdə autsayder timsalında görünürlər. Düzdür, hər iki komanda son turlarda xal qazansalar da, bu, onlara kifayət etməyib.

Ardını oxu...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xidməti idman tədbirlərinin təqvim planına əsasən cüdo üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıdan söhbət açaraq bildirib ki, bu gün idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan təmsilçilərinin ən mötəbər yarışlarda əldə etdiyi qələbələr, keçirilən idman tədbirlərinin miqyası respublikamızın dünyanın ən güclü idman ölkələrindən birinə çevrildiyinin əyani sübutudur.

Ardını oxu...

Hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər, ilk növbədə, idmanla məşğul olmalıdırlar. “Sağlam həyat sağlam idmanın nəticəsidir”, – deyiblər. Bu deviz müasir idmanın əsas şüarı hesab edilir. Sağlamlığın bir nömrəli təminatçısı olan idmanın müxtəlif növləri mövcuddur ki, bunlarla məşğul olmaq üçün də muxtar respublikamızda hər cür şərait yaradılıb. Əgər əvvəllər idman deyəndə təsəvvürümüzdə ilk olaraq diqqətdən kənarda qalmış, kiçik, eyni zamanda varlığı belə, bilinməyən idman obyektləri canlanırdısa, indi vəziyyət tamamilə dəyişib. Artıq muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də müasir idman zalları fəaliyyət göstərir. Bunun nəticəsidir ki, bir çox idman növləri ilə məşğul olan Azərbaycan milli komandaları təlim-məşq toplanışları üçün məhz Naxçıvanda bir araya gəlirlər.

Hazırda muxtar respublikada 12 idman növü üzrə federasiya fəaliyyət göstərir. Onlar Naxçıvanda bu sahənin inkişafına, gənclərin sağlam şəkildə böyüməsinə öz töhfələrini verməkdədirlər. Bunlardan biri də Şərq Döyüş Sənəti Federasiyasıdır. Son 6 ayda əldə edilən nailiyyətlərə nəzər yetirdikdə cari ildə ən çox uğur qazanan qurumun məhz bu federasiya olduğunu görmək mümkündür. Bəhs olunan dövrdə federasiyanın məşqçi korpusunda böyük islahatlar aparılıb. Səbəbi isə çox sadədir: qələbə qazanmaq üçün, ilk növbədə, məşqçilər düzgün seçilməlidir. Məhz bu yolda Şərq Döyüş Sənəti Federasiyası gənc məşqçilərə üstünlük verməklə, bunun nə qədər düzgün atılmış addım olduğunu göstərib.

Ardını oxu...

Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi yeniyetmələr arasında sərbəst güləş üzrə birinciliyə yekun vurulub. Yarışda 8 çəki dərəcəsində 40-dan artıq yeniyetmə idmançı mübarizə aparıb. Yekun nəticədə Suat Məmmədov, Ayxan Bağırov, Məmməd Cabbarov, Əmrə Ağayev, Uğur İsmayılov, Məhəmmədəli Rəsulov, Nihad Ramazanov və Murad Abdullayev müvafiq olaraq 23, 26, 29, 32, 35, 38, 46 və 58 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Belə ki, Dnepr şəhərində təşkil olunan “Dnepr Open” turnirində idmançılarımız uğurlu çıxışları ilə yadda qalıblar.
14-15 yaşlı idmançıların mübarizəsində muxtar respublikanı Aslan İsmayılov təmsil edib. 70 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız bürünc medal qazanıb. 18 yaşlı idmançıların mübarizəsində isə Sərcan Məmmədov eyni uğuru təkrarlayıb. O, 55 kiloqram çəki dərəcəsində bu uğura imza atıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərindəki Şağan Olimpiya-İdman Kompleksində Braziliya ciu-citsu üzrə Bakı kuboku keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda 180-dən çox idmançı mübarizə aparıb.
Keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının idmançısı Fərid Məhərrəmov iştirak edib. O, 45 kiloqram çəki dərəcəsində 12-13 yaş qrupu idmançılar arasında bürünc medal qazanıb.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın mükafatçısı olan idmançımız diplom və medalla təltif edilib.

Ceyhun MƏMMƏDOV

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletika üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 70-ə yaxın atlet mübarizə aparıb. Naxçıvan Muxtar Respublika Stadionunun qaçış zolağında ke­çirilən yarışın reqlamentinə əsasən oğlanlar 100, 200, 400, 800 və 1500, qızlar isə 100, 200, 400 və 800 metr məsafəni qət etməli idilər.
Yekun nəticəyə əsasən oğlanlar arasında Məhəmməd Tağıyev (Naxçıvan Dövlət Universiteti), Bəhlul Əsgərli (“Naxçıvan” Universiteti), Sərdar Tağıyev (Naxçıvan Müəllimlər İnstitutu), Cəbrayıl Yunusov (Naxçıvan Dövlət Texniki Kolleci) və Əmrah Nağıyev (Naxçıvan Dövlət Texniki Kolleci) müvafiq olaraq 100, 200, 400, 800 və 1500 metr məsafələrdə finiş xəttinə hamıdan öndə çatıblar. Qızların mübarizəsində isə Gülayə Cəfərova (100 və 400 metr, Naxçıvan Dövlət Universiteti), Aytən Rəhimova (200 metr, Naxçıvan Musiqi Kolleci) və Sevgi Məmmədli (800 metr, Naxçıvan Dövlət Texniki Kolleci) qalib adını qazanıblar.

Ardını oxu...

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-gənclər idman məktəbi və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrinin komandaları arasında 17 noyabr – Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günü münasibətilə mini-futbol turniri təşkil olunub.
Olimpiya sistemi ilə keçirilən yarışda 4 komanda iştirak edib. Yekun nəticəyə əsasən Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası final görüşündə Heydər­abad qəsəbə tam orta məktəbinin komandasını məğlub edərək birinciliyin qalibi olub. Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası isə üçüncülüklə kifayətlənib.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və kubok təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə yeniyetmələr (2002-2004-cü illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançılara Milli Dirçəliş Günü haqqında geniş məlumat verib, onları yarışın qaydaları barədə məlumatlandırıblar.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Rəvan Novruzov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Seymur Qasımov, Heydər Nəcəfov, Abbas Nəzərəliyev, Anar Həsənov, Rəvan Bayramov və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda müxtəlif çəki dərəcələrində qalib gələn idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Culfa Rayon Uşaq-gənclər şahmat məktəbində rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsinin təşkilatçılığı ilə yeniyetmələr arasında şahmatın tempo növü üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 40 yeniyetmə şahmatçı mübarizə aparıb. Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov, Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov və rayon Uşaq-gənclər şahmat məktəbinin direktor əvəzi Vüsalə Ələkbərova çıxış edərək idmana göstərilən dövlət qayğısından, federasiyaların qarşısına qoyulan məqsədlər və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Gərgin mübarizə şəraitində keçən görüşlərdə 6,5 xal toplayan Elcan Qulamzadə qalib adını qazanıb. Sunay Kərimli 6 xalla ikinci, Şahin Dünyamalıyev isə 5,5 xalla üçüncü olub.
Yekunda qalib və fərqlənən şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsinin təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Günü münasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 2000 metr məsafəyə kross yarışı keçirilib.
Yarış başlanmazdan öncə rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov, Uşaq-gənc­lər idman məktəbinin direktoru Ramil Qənbərov çıxış edərək iştirakçılara yarışın keçirilməsi və tədbirin mahiyyəti haqqında geniş məlumat veriblər.
Şəhərin “28 May” küçəsində keçirilən yarışda 40-dan artıq atlet qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk iki pillədə Sələsüz kənd tam orta məktəbinin şagirdləri Rəşad İsmayılov və Malik Zeynibəyli qərarlaşıblar. Ayrınc kənd tam orta məktəbinin şagirdi Yusif Həsənli isə üçüncü olub.
Yarışda I, II, III yerləri tutan atletlərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının daha bir rayon bölməsi fəaliyyətə başlayıb. Kəngərli və Culfa rayonlarından sonra federasiyanın Şahbuz rayonunda da kikboksinq bölməsi yaradılıb. Burada məşqçi-müəllim Etibar Qəribovun rəhbərliyi altında 15-dən çox uşaq və yeniyetmə bu idman növünün sirlərini öyrənir. Artıq bölmə müəyyən kikboksinq avadanlıqları ilə təmin olunub.
Etibar Qəribov bizimlə söhbətində bildirdi ki, yeni fəaliyyətə başlayan bölmə kikboksinq idman növünün Şahbuzda kütləvi hala gəlməsinə şərait yaradacaq. Bölmənin yeni yaradılmasına baxmayaraq, artıq çox sayda uşaq və yeniyetmə bura müraciət edib. Səbəbi isə yaradılan şəraitdir. İlk olaraq məqsədimiz uşaq və yeniyetmələrin sağlam şəkildə böyüməsinə çalışmaq, onları qarşıdakı yarışlara və turnirlərə hazırlamaqdır. Eyni zamanda muxtar respublikada keçirilən yarışlarda uğur qazanıb ölkədaxili turnirlərdə iştirak etmək istəyirik.
Qeyd edək ki, kikboksinq məşqləri həftənin II, IV və VI günləri saat 1430-dan 1600-a kimi keçirilir.

Ceyhun MƏMMƏDOV

17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin oğlan və qız şagirdləri arasında keçirilən velosiped yarışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov birinciliyin qay­daları haqqında iştirakçıları məlumatlandırıblar.
Yarışda qızlar 800, oğlanlar isə 1200 metr məsafədə qüvvələrini sınayıblar. Qızlar arasında finiş xəttinə hamıdan tez Gülcan Vəliyeva (Naxçıvan) çatıb. Digər iki pillədə isə Sevgi Məmmədli (Naxçıvan) və Rəqsanə Nağıyeva (Şahbuz) qərarlaşıblar. Oğlanların mübarizəsində ilk üç pillənin sahibləri Kəngərli rayon məktəbliləri olublar. Belə ki, Hüseyn Cəfərov, Hilal Cəfərli və Nihad Məmmədli müvafiq olaraq I, II və III yerlə kifayətləniblər.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən peşəkarlar arasında respublika turnirində mübarizə aparıblar.
Pirallahı İdman Kompleksində 10 komanda və 110-dan çox idmançının çıxış etdiyi Kempo Qarışıq döyüş növü üzrə turnirdə Naxçıvan Muxtar Respublikasını 3 idmançı təmsil edib.
Kişilər arasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Seymur Mürsəlov bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. Bu çəki dərəcəsində gənclərin mübarizəsində Nizami Hüseynov da eyni uğuru təkrarlayıb. Fərəc Quliyev isə 50 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının idmançıları da öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 20 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi rinqə çıxıb.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Sədərək rayon bölməsinin təşkilatçılığı ilə ekstremal idman yürüşü üzrə Sədərək rayon birinciliyi ke­çirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə iştirakçılar “Heydər bulağından” Heydərabad qəsəbəsi istiqamətində 3 kilometr məsafəni qət ediblər.
Yarışda 90 nəfər yeniyetmə və gənc iştirak edib. Oğlanlar arasında Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Əli Seyidzadə finiş xəttinə hamıdan tez çatıb. Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Yasin Səlimzadə ikinci, bu məktəbin digər şagirdi Vüsal Salahov üçüncü olublar.
Qızlar arasında ilk üç pillənin sahibləri isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Şəbnəm Mustafazadə, Nurtac Həbibzadə və Dilbər Dünyamalıyeva olublar.
Sonda yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Yarışdan sonra tədbir iştirakçıları rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

 Ceyhun MƏMMƏDOV

Şahtaxtı kənd tam orta məktəbinin idman zalında Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında boks üzrə açıq birincilik keçirilib.
Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Təhsil Şöbəsinin əməkdaşı İbrahim Məmmədov çıxış edərək idmana göstərilən dövlət qayğısı, bu sahədə əldə olunan nailiyyətlər və idmanın bu növünün inkişafı istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Gərgin mübarizə şəraitində keçirilən görüşlərdə Ramin Babayev, Hüseyn Qəmbərli, Sənan Seyidov, Sinan Əbilov, Ucal Musayev və Tural Babayev mükafat qazanıblar.
Sonda qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Uşaq futbolunun inkişafı ilə əlaqədar Şahbuz Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin təşkil etdiyi ümumtəhsil məktəblərinin 10-11 yaşlı şagirdləri arasında keçirilən rayon birinciliyinə yekun vurulub.
Yarış zonalar və bu zonaların qalibləri arasında final mərhələsi olmaqla iki mərhələdə keçirilib. Kolanı, Şahbuzkənd və Şahbuz şəhər futbol meydançalarında keçirilən birinciliyin final mərhələsində Biçənək, Şahbuzkənd və Şahbuz şəhər 1 nömrəli tam orta məktəblərinin komandaları qarşılaşıb.
Gərgin və maraqlı keçən görüşün sonunda Şahbuzkənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Biçənək kənd tam orta məktəbinin komandası isə üçüncü olub.
Qaliblərə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Bəs Naxçıvanda məşqçi yetişdirmək üçün hansı addımlar atılır

İdman sağlam həyat tərzinin formalaşmasına bilavasitə təsir göstərməklə yanaşı, eyni zamanda sağlamdüşüncəli gənclərin də uğurlar qazanmasına şərait yaradır. Bəs idmançı gənclərin uğur qazanmasında əsas amillər nələrdir? İlk olaraq yaradılmış şəraiti, mövcud idman infra­strukturunu, digər tərəfdən isə idmançını formalaşdıran məşqçiləri xüsusilə qeyd etmək lazımdır.

 

İdmançı o vaxt uğur qazanır ki, məşqçisini daim yanında hiss edir: həm idmanda, həm də həyatında. Məşqçinin şəxsiyyəti, onun əxlaqı, yetirməsinə münasibəti idmançının nəinki peşəkar karyerasında böyük uğurlar qazanmasına, həm də bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Bu zaman idmançı öz məşqçisinin timsalında ona yol göstərən dostunu görür. Təbii ki, uğurlara aparan yolda məşqçilərin nizam-intizamı, peşəkar­lığı, idmançıya yanaşma tərzləri də mühüm rol oynayır.
Məşqçi və idmançı arasındakı münasibətlərə gəlincə, əslində, bu münasibətlərin gələcəyi onların hər ikisindən asılıdır. Belə ki, məşq prosesində məşqçi rəhbər kimi əmr verir, idmançı isə onun əmrlərini səhvsiz yerinə yetirməyə çalışır. Əgər bu iki şəxs arasında qarşılıqlı hörmət varsa, o zaman idmançı məşqçinin əmrlərini daha həvəslə yerinə yetirir. Bu baxımdan ikinci mühüm məqam idmançının yaradıcı­lıq qabiliyyəti, işləmək bacarığıdır. Məşqçi nə qədər bacarıqlı olursa-olsun, iradəsiz idmançı ilə heç bir nəticə əldə etmək mümkün deyil. Məhz bu amillərə görə idman mütəxəssisləri məşqçi-idmançı münasibətlərində 3 əsas nüansı qabardırlar:

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən cüdo birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 komandadan 85 hərbi qulluqçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb. Hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da yarışda iştirak ediblər.
Birincilikdə komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə sərhədçilər, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Fərdi hesabda isə əsgərlər Məhəmməd Muradov (60 kiloqram), Orxan Cabbarlı (66 kiloqram), Orxan Əsgərzadə (73 kiloqram), Yusif Ələkbərov (81 kiloqram), baş leytenant Ziya Şıx­əliyev (90 kiloqram), gizir Sadiq Qasımov (100 kiloqram), kiçik çavuş Dərya Quliyev (+100 kiloqram) birinci yerin qalibi olublar.
Qalib komandalara və hərbi qulluqçulara fəxri fərmanlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib.
Turnir cədvəlinin şəriksiz lideri “Araz-Naxçıvan” Naxçıvan Dövlət Universitetinin komandasının qonağı olub. Görüşə sürətli başlayan “qırmızı-ağlar” ilk hissədə vurduğu 4 qolla 3 xalı aktivinə yazıb. Son 2 turu itkisiz başa vuran digər komanda isə “Əlincə”dir. Culfa təmsilçisi “Kəngərli” və “Batabat” komandalarını məğlub edərək maksimum nəticə əldə edib.
Turnir cədvəlində yerini itirən digər komanda “Babək”dir. Belə ki, universitet komandasına məğlub olan babəklilər növbəti turda Şərurun “Arpaçay” komandasını məğlub etməyi bacarıblar. Mövsüm ərzində yalnız bir qələbə qazanan “Arpaçay” hazırda son pillədə qərarlaşıb. Onlar kimi “Batabat” komandası da mövsümə uğursuz başlayıb.
Cari mövsümün bombardirlərinə gəlincə, Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimov 7 qolla bu cədvələ başçılıq edir. “Araz-Naxçıvan”ın iki hücumçusu – Turqay İbrahimov və İbrahim Əliyevin isə aktivində 6 qol var.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR