Bakı İdman Sarayında keçirilən budo döyüş növləri üzrə açıq dünya çempionatı başa çatıb.
Turnirdə Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan, ümumilikdə, 800 idmançı mübarizə aparıb. İdmançılar budo döyüş növünün semi kontakt, full kontakt, layt kontakt, fri kontakt, S-1, B-1, F-1, silahlı kata, kata, “submission” və “self defens” versiyaları üzrə güclərini sınayıblar.
Dünya çempionatında Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının idmançısı da iştirak edib. Belə ki, gənclərin yarışında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami Hüseynov dünya çempionu adını qazanıb. O, İran, Türkiyə və Hindistan idmançılarını məğlub edib.
Qalib idmançımıza diplom və medal təqdim olunub.
Ceyhun MƏMMƏDOV