10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletika üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 70-ə yaxın atlet mübarizə aparıb. Naxçıvan Muxtar Respublika Stadionunun qaçış zolağında keçirilən yarışın reqlamentinə əsasən oğlanlar 100, 200, 400, 800 və 1500, qızlar isə 100, 200, 400 və 800 metr məsafəni qət etməli idilər.
Yekun nəticəyə əsasən oğlanlar arasında Məhəmməd Tağıyev (Naxçıvan Dövlət Universiteti), Bəhlul Əsgərli (“Naxçıvan” Universiteti), Sərdar Tağıyev (Naxçıvan Müəllimlər İnstitutu), Cəbrayıl Yunusov (Naxçıvan Dövlət Texniki Kolleci) və Əmrah Nağıyev (Naxçıvan Dövlət Texniki Kolleci) müvafiq olaraq 100, 200, 400, 800 və 1500 metr məsafələrdə finiş xəttinə hamıdan öndə çatıblar. Qızların mübarizəsində isə Gülayə Cəfərova (100 və 400 metr, Naxçıvan Dövlət Universiteti), Aytən Rəhimova (200 metr, Naxçıvan Musiqi Kolleci) və Sevgi Məmmədli (800 metr, Naxçıvan Dövlət Texniki Kolleci) qalib adını qazanıblar.
* * *
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində isə bu münasibətlə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilik olimpiya sistemi üzrə keçirilib və 6 komanda mübarizə aparıb.
Birinciliyin həlledici görüşündə “Naxçıvan” Universiteti ilə Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən birincilər 2:0 hesabı ilə qalib gələrək yarışın baş mükafatını qazanıblar. Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.
Qaliblər 17 noyabr 2017-ci il tarixdə “Gənclik” Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
Ceyhun MƏMMƏDOV