Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu gün ölkənin bütün regionlarında olduğu kimi, muxtar respublikada da idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, Naxçıvan idmançıları mütəmadi olaraq keçirilən yarışlarda, turnirlərdə layiqli çıxış etməklə böyük uğurlara imza atırlar. Həmçinin Naxçıvan hər il müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edir.
Azərbaycan Respublikası Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, “Açıq əyləncəli futbol məktəbləri”nin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev çıxışında vurğulayıb ki, dünyanın bir sıra ölkələrində, o cümlədən 2004-cü ildən Azərbaycanda da geniş vüsət alan bu layihənin əsas məqsədi münaqişələrin olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman növləri ilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişaf etdirilməsinə dəstək olmaqdır. Layihənin əsas prinsipi təkcə istedadlı futbolçular hazırlayıb təkmilləşdirməkdən ibarət deyil, həm də istedadlı uşaqları seçmək, onlarda olan qabiliyyəti inkişaf etdirməkdir. Bu kimi tədbirlərin təşkili artıq Naxçıvanda da ənənə halını alıb və ümumilikdə, Azərbaycan futbolunun inkişafına böyük zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov qonaqları və iştirakçıları salamlayaraq bildirib ki, “Açıq əyləncəli futbol məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramı yetişməkdə olan gənc nəslin sağlam böyüməsinə müsbət təsir göstərir. Muxtar respublikada yaradılan şərait böyük idman tədbirlərinin keçirilməsinə imkan verir. Bu da uşaq və yeniyetmələrin idmana kütləvi şəkildə cəlb olunmasına, onların sağlam şəkildə böyüməsinə müsbət təsirini göstərir. Nazir bu cür idman tədbirlərinin keçirilməsinin sağlam gəncliyin yetişməsində müstəsna rolunu qeyd edib, layihənin iştirakçısı olan uşaqlar arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya iştirakçılarının yetişəcəyinə inandığını vurğulayaraq məktəblilərə uğurlar arzulayıb.
Tədbirdə 200-dən çox məktəbli iştirak edib və uşaqlara müxtəlif futbol ləvazimatları paylanılıb.
Ceyhun MƏMMƏDOV