Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin təşkil etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə açıq birinciliyə yekun vurulub.
Məktəbli qızların bədən tərbiyəsi və idmana marağının daha da artırılması məqsədilə keçirilən birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Uşaq-gənclər idman məktəbinin direktoru vəzifəsini icra edən İbrahim Məmmədov müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
16 idmançının iştirak etdiyi yarışın yekununda ilk üç pilləyə müvafiq olaraq Bəyim Nağıyeva, Mirvari Tağıyeva və Gülnar Niftəliyeva layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV