Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən cüdo birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 komandadan 85 hərbi qulluqçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb. Hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da yarışda iştirak ediblər.
Birincilikdə komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə sərhədçilər, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb. Fərdi hesabda isə əsgərlər Məhəmməd Muradov (60 kiloqram), Orxan Cabbarlı (66 kiloqram), Orxan Əsgərzadə (73 kiloqram), Yusif Ələkbərov (81 kiloqram), baş leytenant Ziya Şıxəliyev (90 kiloqram), gizir Sadiq Qasımov (100 kiloqram), kiçik çavuş Dərya Quliyev (+100 kiloqram) birinci yerin qalibi olublar.
Qalib komandalara və hərbi qulluqçulara fəxri fərmanlar təqdim edilib.
Ceyhun MƏMMƏDOV