22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda mübarizə aparıb.
Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına uyğun olimpiya sistemi üzrə keçirilən yarışın yekununa əsasən 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 17 nömrəli tam orta məktəbin komandası ikinci, 1 və 3 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü olublar.
Qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim ­edilib.

Ceyhun MƏMMƏDOV

18-20 yanvar tarixlərində Bakı Əl Oyunları Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıb. Karateçilərimiz beynəlxalq turnirdə 13 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, oğlanlar arasında 18-23 yaş qrupunda Sərcan Məmmədov, 23-25 yaş qrupunda Mircavid Seyidzadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. 16-17 yaş qrupunda Aslan İsmayılov (+76 kiloqram) gümüş, bu yaş qrupunda Murad Ələkbərov isə (-76) bürünc medal qazanıb. Mirpaşa Kərimzadə də 18-23 yaş qrupunda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qızların mübarizəsində isə 8-9 yaş qrupunda Zəhra Məmmədova (+28 kiloqram) hamıdan güclü olub. 6-7 yaş qrupunda Fatimə Bağırzadə (24 kiloqram) və 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram) gümüş medal qazanıblar. +28 kiloqram çəki dərəcəsində Aminə Novruzzadə, +30 kiloqram çəki dərəcəsində Özləm Hacıyeva (hər ikisi 8-9 yaş qrupu), -35 kiloqram çəki dərəcəsində Nərgiz İsmayılova və 35 kiloqram çəki dərəcəsində Nərgiz Həsənli (hər ikisi 10-11 yaş qrupu) isə turniri üçüncü pillədə başa vurublar. Özləm Hacı­yeva, həmçinin kata yarışlarında da üçüncü olub.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçirilir. Məqsəd regionlarda atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilən yarışlarda Bakı (bütün idman cəmiyyətləri), Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı, Cəlilabad, Neftçala, Lənkəran, Lerik, Astara, Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar. Mərhələ yarışlarında 2001-2007-ci illər və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparırlar.
9 gün davam edəcək yarışda Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Gülcahan Əliyeva da iştirak edib. İdmançımız mərhələ yarışlarında öz yaş qrupunda (15 yaş) ikinci olub.
Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2007-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Güləş Federasiyası ilə Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 70-dən çox idmançı iştirak edib. Açıq birincilikdə Naxçıvan şəhərinin cüdoçuları ilə yanaşı, Culfa rayonunun idmançıları da mübarizə aparıblar.
Cüdonun mövcud qaydalarına uyğun olaraq keçirilən açıq birinci­liyin yekununa əsasən Yusif Əhmədli (23 kiloqram, Naxçıvan), Rəhim Qaybalıyev (27 kiloqram, Naxçıvan), Qurban Məmmədli (30 kiloqram, Culfa), İlham Məmmədli (34 kiloqram, Culfa), Yusif Quliyev (38 kiloqram, Culfa), Asiman Muradov (42 kiloqram, Culfa), Faiq Məmmədli (46 kiloqram, Naxçıvan), Əli Cəfərzadə (50 kiloqram, Naxçıvan), Üfüq Ələkbərov (55 kiloqram, Naxçıvan) və Sadiq Həsənzadə (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplomla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 17 komanda, hər komandanın tərkibi 3 qız, 3 oğlan olmaqla, 102 şahmatçı iştirak edib. Tədbirin bağlanış mərasimində çıxış edənlər muxtar respublikamızda şahmata göstərilən dövlət qayğısından danışıb, uğur qazanan şahmatçıları qələbə münasibətilə təbrik ediblər.
Birinciliyin seçmə turu olimpiya sistemi üzrə keçirilib, qalib gələn 8 komanda isə dairəvi sistem üzrə mübarizə aparıb.
Keçirilən yarışın yekun nəticəsinə əsasən 17 nömrəli tam orta məktəbin “Buta” komandası qalib adını qazanıb. Digər iki pillədə isə 6 nömrəli tam orta məktəbin “Qaraxan” və 1 nömrəli tam orta məktəbin “Şahin” komandaları qərarlaşıblar.
Taxtalar üzrə isə birinci taxtada Ümid Məmmədov (3 nömrəli tam orta məktəb), ikinci taxtada Hüseyn İvazov (6 nömrəli tam orta məktəb), üçüncü taxtada Mir­ismayıl Seyidov (1 nömrəli tam orta məktəb), dördüncü taxtada Nərgiz Həsənli (15 nömrəli tam orta məktəb), beşinci taxtada Gülüzar Fərzəliyeva (6 nömrəli tam orta məktəb) və altıncı taxtada Rəna Rəhimli (1 nömrəli tam orta məktəb) bütün rəqiblərindən üstün olaraq birinci yerlərə layiq görülüblər.
Qalib komandalar və taxtalar üzrə birinci yerləri tutan şahmatçılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turniri keçirilib.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak ediblər. Yarışda 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası ­Güləş Federasiyasının yetirməsi Camal Qasımov da turnirdə iştirak edib. 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçi bürünc medal qazanıb.
“Sərhədçi” Olimpiya-İdman Kompleksində isə yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Paşa Ələkbərov birinciliyin bürünc medalını qazanıb. İdmançımız bu uğura 50 kiloqram çəki dərəcəsində nail olub.
Qeyd edək ki, qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Şahbuz rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında ­rayon birinciliyi keçirilib.
Birincilikdə 7 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Yekun nəticəyə əsasən Biçənək kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Digər iki pillədə Külüs kənd tam orta məktəbinin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları qərarlaşıblar.
Qalib komandalar yarış təşkilatçılarının diplomları ilə təltif ­olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Mənşur Gülməmmədli bildirib ki, federasiya ötən il işini günün tələbləri səviyyəsində quraraq bu idman növünün inkişafı və kütləviliyinə nail olunması istiqamətində bir sıra işlər görüb. Belə ki, muxtar respublikada çempionat, birincilik, turnir və yoldaşlıq görüşləri keçirilib. Eyni zamanda Naxçıvanın kişilərdən ibarət voleybol üzrə yığma komandası Yüksək Liqa Azərbaycan çempionatında iştirak edib. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində komandanın maddi­-texniki bazası gücləndirilib. Voleybol üzrə yığma komandamız həftənin beş günü İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərini davam etdirib.
Vurğulanıb ki, muxtar respublika üzrə daxili yarışlar da federasiyanın diqqətindən kənarda qalmayıb. Federasiya muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə birgə 11 tədbir keçirib. Həmçinin ötən il fevral ayında Bakı şəhərindəki Dərnəgül İdman Mərkəzində Yüksək Liqa kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında I dövrənin I, II, III və IV turunun oyunları keçirilib. Çempionatda Bakının “Neftçi”, “Sərhədçi”, “Lokomotiv” və “Ekspress” komandaları ilə yanaşı, muxtar respublikamızın “Naxçıvan” komandası da mübarizə aparıb. Eyni zamanda federasiyanın iki yetirməsi yeniyetmələrdən ibarət milli komandaya dəvət alıb və təlim-məşq toplanışlarında iştirak edib.
Federasiyanın sədri çıxışının sonunda həyata keçirilən tədbirlərin federasiya ilə Gənclər və İdman Nazirliyinin birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların bundan sonra da layiqincə yerinə yetiriləcəyinə, eyni zamanda yığma komandanın tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görüləcəyinə əminliyini bildirib.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, bu gün muxtar respublikada artıq gənc idmançılar nəsli yetişib, yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlara əsasən Voleybol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, gənclərin idmana cəlbini, idman yarışlarının kütləviliyinin artırılmasını diqqətdə saxlamalıdır. Həmçinin federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməli, ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsini, həmçinin Azərbaycanın iştirak etdiyi beynəlxalq səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakını təmin etməlidir.

Ardını oxu...

2018-ci il Naxçıvan Muxtar Respublikasının idman həyatında bir çox əlamətdar hadisələrlə yadda qalıb. Ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvanımızda muxtar respublikanın Gənclər və İdman Nazirliyi idmanın inkişafı və kütləviliyinin təmin olunması məqsədilə yarışların, turnirlərin təşkili yolu ilə uşaqları, yeniyetmələri və gəncləri bu sahəyə cəlb edib. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nazirlik ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də yeni-yeni nailiyyətlər qazanılmasında müstəsna rol oynayıb. İdmançılarımız geridə qoyduğumuz il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionatlarında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında uğur qazanmaqla Naxçıvanda idmanın sürətli inkişafını bir daha sübut ediblər. Məşqçi-müəllimlər və idmançılar üçün təşkil edilən təlim-məşq toplanışları isə onların təcrübə qazanmasında müstəsna rol oynayıb. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə isə idmanın inkişafında yol verilən nöqsanları üzə çıxarıb qarşıda duran vəzifələri müəyyənləşdirməklə bu sahədə  yeni mərhələnin əsasını qoyub.

Muxtar respublikada keçirilən beynəlxalq turnirlər

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən və artıq ənənə halını alan “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı ötən il də keçirilib. 1-10 may tarixlərdə Naxçıvan Şahmat Mərkəzində keçirilən festivalda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın şahmatçıları ağ-qara taxtada mübarizə aparıblar. Qeyd edək ki, bu şahmat bayramında 23 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 14 FİDE ustası, ümumilikdə, 300-dən çox zəka sahibi A, B və C qruplarında yarışıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev gündə­likdə duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Hafiz Əliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə danışıb.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verilən tapşırıqlardan bəhs edib.
Bildirilib ki, muxtar respublikamızda futbol idman növü ilə 5242 idmançı 296 qrupda məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Futbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. 2018-ci il 12-16 iyun tarixlərdə Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirdə doğma diyarımızı təmsil edən “Araz-Naxçıvan” komandası da uğurlu nəticə göstərərək yarışın mükafatçıları sırasına düşüb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı­­ vəziyyəti və qarşıda duran vəzifələr haqqında” ­keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin­­ diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Naxçıvanda Olimpiya-İdman kompleksləri, Üzgüçülük, Şahmat və Atıcılıq mərkəzləri, bir çox idman zalları, obyektləri tikilərək və ya əsaslı təmir olunaraq yeniyetmə və gənclərin ixtiyarına verilib. Beynəlxalq yarışların muxtar respublikada keçirilməsi, idmançılara və məşqçilərə müxtəlif mükafat və adların verilməsi Naxçıvanda idmana və idmançılara göstərilən diqqətin bariz nümunəsidir. Bu siyahıda Boks Federasiyasının məşqçi-müəllimlərinin və idmançılarının da adlarının olması muxtar respublikada bu idman növünün inkişafı və kütləviliyinə nail olunmasının göstəricisidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Mayis Əliyev bildirib ki, federasiya Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq ötən il ərzində müxtəlif idman növləri üzrə yarışlar keçirib. Bu yarışlarda, ümumilikdə, 861 idmançı, 61 məşqçi və 21 hakim iştirak edib. Bunlardan da 250-yə yaxını qız idmançılardır. Hazırda federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. 2018-ci ildə təşkil olunan şəhər və rayon birinciliklərində, ümumilikdə, 710 idmançı mübarizə aparıb.
Diqqətə çatdırılıb ki, il ərzində federasiyanın dəvəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi-təlimçisinin iştirakı ilə keçirilən təlim-məşq toplantılarında federasiyanın “İlandağ”, “Qapıcıq” idman klubları və 10 komandanın üzvündən ibarət 221 idmançı iştirak edib. Ötən il fevralın 24-də Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu federasiyasının “İlandağ” idman klubunun 11 idmançısı ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edib.

Ardını oxu...

Bəzi insanlar müxtəlif səbəblərə görə azhərəkətli həyat tərzi keçirirlər. Onların bir qismi bunu işin ağırlığı, vaxt qıtlığı, digərləri streslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə çalışırlar. İnsan müəyyən yaşa çatdıqdan sonra funksional inkişafının ən yüksək səviyyəsinə çatır. Yalnız bundan sonra fiziki inkişafında, tədricən, geriləmə ilə üz-üzə qalır. Aparılan tədqiqatlar sübut edib ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Fiziki fəallığın qocalma prosesinin sürətini azaltması, müəyyən xəstəliklərin qarşısını alması və həyat keyfiyyətini yaxşılaşdırması haqqında yetərli məlumatlar vardır. Odur ki, insan kiçik yaşlarından etibarən idmana meyil etməli və müəyyən idman növü ilə məşğul olmalıdır. Bəs bu zaman uşaqları gözləyən təhlükə nədir? Onlar qış aylarında hansı xəstəlik­lərlə üzləşə bilərlər?

Bu dövrdə uşaqlarda daha çox rast gəlinən xəstəliklər mau (şeyerman) və şintsdir (haqlund). Adıçəkilən xəstəliklər son zamanlar uşaqlarda tez-tez müşahidə olunur və vaxtında müalicə edilməzsə, bunun nəticəsi ağır ola bilər. Mau xəstəliyi uşaqların sürətli inkişaf dövründə rast gəlinən onurğa sütunu xəstəliyidir. Bu xəstəliyə onu öyrənən danimarkalı həkim Verfel Şeyermanın adına uyğun olaraq şeyerman xəstəliyi də deyirlər. 8-14 yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. 14 yaşından yuxarı uşaq və gənclər nadir hallarda bu xəstəliklə üzləşirlər. Bəs bu xəstəlik necə yaranır? İnsanın onurğasında normal qaydada bir neçə fizioloji əyrilik (20-40 faiz) olur. Mau xəstəliyi zamanı isə əyilmə 45 faizdən çox olur və döş qəfəsində yerləşən orqanların, o cümlədən ağciyər və ürəyin funksiyasının pozulmasına gətirib çıxarır. Nəticədə, uşaqda qozbel­lik yaranır. Bu xəstəlik bəzən insanı aldadır. Belə ki, ilkin mərhələdə bilinməyən xəstəlik müəyyən zamandan sonra bel nahiyəsində ağrıların yaranmasına səbəb olur.

Ardını oxu...

Bakı şəhərində uşaq, yeniyetmə və gənclər arasında karate üzrə klublararası açıq çempionat keçirilib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş çempionatda idmançılar kata və kumite yarışlarında qüvvələrini sınayıblar. İki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıblar.
Şəxsi yarışlarda ən uğurlu nəticələri Rafiq Hüseynli, Elgün Zeynalov, Ağoş Allahverdiyev, Həsən Səfərli və Yaqub Qənbərov əldə ediblər. Belə ki, idmançılar bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Hüseyn Əlili və Rəhman İsmayılov isə ikinci olublar.
Komanda hesabında isə Karate-do Federasiyası açıq çempionatda iki komanda ilə tatami üzərinə çıxıb. Hər iki komandamız çempionatın bürünc medalını qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olmuşdur.
Tədbiri giriş sözü ilə açan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilmişdir.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirmişdir ki, muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən məlum müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına, o cümlədən Karate-do Federasiyasına bir sıra ­tapşırıqlar verilmişdir.

Ardını oxu...

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr və ilin yekunu ilə bağlı yığıncaq olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da fəaliyyətini müşavirədə verilən tapşırıqların icrası istiqamətində qurur. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə qruplar fəaliyyət göstərir. Naxçıvan şəhərində, Şərur və Şahbuz rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 103 qrupda 1399 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kikboksinq üzrə uşaq və yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Birinciliyin reqlamentinə əsasən idmançılar 8-9, 10-11, 12-14 və 15-17 yaş qrupları üzrə 14 çəki dərəcəsində rinqə çıxıblar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov idmanın daha da inkişaf etdirilməsi və buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı federasiyalara da müvafiq tapşırıqlar verib.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Hazırda federasiyanın nəzdində iki klub və 7 rayon bölməsi fəaliyyət göstərir. Klub və bölmələrdə təşkil edilən 84 qrupda 695 idmançı təlimlərdə iştirak edir. Bunlardan 280-i qız, 415-i isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, Yüngül Atletika Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə çalışıb. 2018-ci ili federasiya üçün uğurlu il hesab etmək olar. Belə ki, il ərzində federasiyanın idmançıları 1 beynəlxalq, 3 ölkə, 5 muxtar respublika əhəmiyyətli və 17 rayon birinciliyində öz qüvvələrini sınayıb və uğurlu nəticələr əldə ediblər. Federasiya qazanılan medalların sayına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif edilib, atletimiz Gülayə Cəfərova “İlin ən yaxşı gənc idmançısı”, Şamil Hüseynov isə “İlin ən yaxşı gənc məşqçisi” adlarına layiq görülüblər. Federasiyanın idmançılarından 3 nəfəri Azərbaycan yığma komandasının üzvlüyünə namizəd qəbul edilib, idmançılarımız və məşqçi-müəllimlərimiz üçün Azərbaycan Respublikası Atletika Federasiyasının peşəkar mütəxəssisləri tərəfindən treninq təlimləri keçirilib.

Ardını oxu...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futzal üzrə birinciliyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə partiyanın gənc üzvləri mübarizə aparıblar.
Naxçıvan şəhərindəki İlham ­Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən birinciliyin final görüşündə “Şərur” və “Sədərək” komandaları üz-üzə gəlib. Daha maraqlı oyun sərgiləyən şərurlular meydanı 5:1 hesablı qələbə ilə tərk ediblər. Üçüncü yer uğrunda görüşdə isə “Naxçıvan” komandası kəngərlili həmkarlarından üstün olub – 5:3.
Sonda qalib komandalar diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev təqdim ediblər.

 Ceyhun MƏMMƏDOV

Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar kursantlar arasında “Poliqon” strateji intellekt oyunu keçirilib.
16 komandanın iştirak etdiyi oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi təşkil edib.
Yarışda ən çox xal toplayan “Əlincə” komandası qalib adını qazanıb. Digər iki pillədə “Qartal” və “Uğur” komandaları qərarlaşıblar.
Qalib komandalar mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İdman edərkən yol verilən səhvlər insan orqanizmi üçün sonradan bir sıra fəsadlar törədir ki, bu da zaman keçdikcə orqanizmdə müəyyən problemlər yaradır. Məhz buna görə, idman ilin hər fəslinə uyğun şəkildə edilməlidir. Məsələn, yay və yaz aylarında daha çox açıq havada məşq etmək məsləhət görülür.
Həkimlərin araşdırması göstərir ki, ilin hər fəslində idman həyatımızın bir hissəsi olmalıdır. Qidalanmanı tənzimləmək, idmanı həyat tərzi halına gətirmək daha yaxşı və uzun ömür üçün sadə, ancaq effektli bir yoldur. Bu zaman ortaya maraqlı sual çıxır – soyuq havada qadın və kişilərə hansı yaşda, hansı idman növü ilə məşğul olmaq məsləhət görülür?
İdman mütəxəssisləri məsləhət görürlər ki, qadınlar 20-30 yaş aralığında daha çox fitneslə məşğul olmalıdırlar. Çünki 20 yaşdan sonra maddələr mübadiləsi yavaşlamağa başlayır. Buna görə də 30 yaşına kimi həftədə 4 gün 1 saat məşq etmək məsləhətdir. 40 yaşında isə günlərin sayını azaltmaq və daha çox ağırlıq məşqi etmək lazımdır – həftədə 3 gün. Bu yaşda idmana yeni başlayanlar isə həkimlə məsləhətləşməlidirlər. 50 yaş üçün ən ideal məşq həftədə iki dəfə ağırlıq məşqidir. Bu yaşdan sonra idmanı buraxmaq sağlamlığa bilavasitə təsir göstərir. Ona görə də qısa qaçışlar, üzgüçülük və ya velosiped sürmək bu yaşa tam uyğundur.

Ardını oxu...

Şərur Olimpiya-İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə oğlanlardan ibarət “Şərur”, “Naxçıvan”, “Kəngərli” və “Sədərək” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 80 idmançı mübarizə aparıb. 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə görə, 6-7 yaş qrupunda Fərman Məmmədov (-20 kiloqram, Şərur), 8-9 yaş qrupunda Elgün Zeynalov (-23 kiloqram, Kəngərli), Xəzər Məmmədli (-33 kiloqram, Kəngərli), 10-11 yaş qrupunda Qafar Hüseynov (-30 kiloqram, Naxçıvan), Həbib Əhmədov (-38 kiloqram, Şərur), 12-13 yaş qrupunda Məhəmməd ­Abbaslı (-33 kiloqram, Naxçıvan), Fuad Məmmədov (-48 kiloqram, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kiloqram, Naxçıvan) və 16-17 yaş qrupunda Baloğlan Qurbanov (-55 kiloqram, Şərur), Murad Ələkbərov (-61 kiloqram, Naxçıvan) bütün görüşləri qalib kimi başa vuraraq birinci olublar.
Komanda hesabında isə “Naxçıvan” komandası birinci, “Şərur” komandası ikinci, “Kəngərli” komandası üçüncü yerlərə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib. Yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın Bermuda (Hamilton) komandası qarşılaşıb. azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandamızın heyətində 10 zəka sahibi (8 oğlan, 2 qız), rəqibin heyətində isə 5 şahmatçı ağ-qara taxtada mübarizə aparıb.
10 oyundan ibarət olan görüşün nəticəsinə əsasən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 8:2 hesabı ilə qələbə qazanıblar. Görüşdə ən maraqlı nəticəyə isə 8 yaşlı zəka sahibimiz Ramal Həsənov imza atıb. Belə ki, o, rəqibin heyətində mübarizə aparan beynəlxalq əmsalı 1876 olan 52 yaşlı Sergey Gontçarovu məğlub edib.
Qeyd edək ki, komandamızın heyətində Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Emil Salmanov, Rasim Ağayev, Oğuz Cabbarlı, Ramal Həsənov, Fateh Məmmədov, Azərin Cəfərli, Ercan Sevdimalı və Ümid Hüseynli təmsil olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təşkil olunan seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıb.
Bildirilib ki, Naxçıvanda bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi əhəmiyyət verilir, yeniyetmə və gənc­lərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infra­strukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənc­lərin idmana cəlbinə hərtərəfli şərait yaradıb. Bu gün Yüngül Atletika Federasiyasının nəzdindəki klublar və rayon bölmələri yüksək nəticələr əldə edir, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar qazanırlar.
Qeyd olunub ki, hər il məşqçi və idman müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq seminarlar, təlimlər təşkil olunur. Bu da yüngül atletika sahəsində yeni-yeni nailiyyətlərin əldə olunması məqsədi daşıyır. Cari ilin əvvəlində təsdiq edilmiş təqvim planına əsasən məşqçilər və idman müəllimlərinin iştirakı ilə keçirilən seminar da bu sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Sonra Azərbaycan Respublikası Atletika Federasiyasının məşqçisi, Hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov məşqçi və müəllimlərə yüngül atletika üzrə uşaq, yeniyetmə və gənclərin hazır­lanması metodları barədə geniş ­məlumat verib.
Sonda diskussiya olub, suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə Naxçıvan Muxtar Respublikası məktəbliləri arasında keçirilən seçmə yarışlarına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox zəka sahibi mübarizə aparıb.
Reqlamentə əsasən 7, 9, 11, 13 və 15 yaşlı oğlanlar və qızlar ayrı-ayrı qruplarda ən güclünü müəyyənləşdirməyə çalışıblar. İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub və hər görüşdə zəka sahiblərinə 60 dəqiqə vaxt verilib.
Yekun nəticəyə əsasən oğlanlar arasında Turan Mirzəyev (Naxçıvan şəhəri, 7 yaş), Əli Məmmədli (Naxçıvan, 9 yaş), Zahid Allahverdiyev (Naxçıvan, 11 yaş), Sadiq Qarayev (Naxçıvan, 13 yaş) və Əli Alıyev (Babək rayonu, 15 yaş) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Qızların mübarizəsində isə Nigar Qənbərli (Babək rayonu, 7 yaş), Almara İbrahimbəyli (Naxçıvan, 9 yaş), Nazlı Hümbətova (Naxçıvan, 11 yaş), Nəsrin Babayeva (Naxçıvan, 13 yaş) və Yeganə Əhmədova (Şərur rayonu, 15 yaş) ­hamıdan güclü olublar.
Qeyd edək ki, hər yaş qrupunun qalibi olan zəka sahibləri Azərbaycan çempionatının seçmə yarışlarında iştirak etmək hüququ qazanıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələr­arası kubok yarışları ­keçirilib.
Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparıblar. İdmançılar arasında idman klubları ilə yanaşı, Sumqayıt, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan, Göyçay rayonlarının, həmçinin Naxçıvan Muxtar Respublikasının yetirmələri də iştirak ediblər.
Turnirin son günündə bölgələrarası kubok yarışlarında gimnastlar həm fərdi, həm də qrup hərəkətləri pro­qramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər.
2007-ci il təvəllüdlü gimnastlar arasında mübarizə aparan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinin yetirməsi Günəş Hüseynova iki hərəkət üzrə, ümumilikdə, 12900 xal toplayıb və bürünc medal ­qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər.
İclasda çıxış edən muxtar respublikanın gənc­lər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı 18 mart 2013-cü il tarixdə keçirilən müşavirədən sonra muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri də atıcılıq üzrə idman klublarının təsis edilməsi olub. Müşavirədən sonra Naxçıvanda iki atıcılıq klubu yaradılıb və yaradılmış bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis edilib. 2013-cü ilin dekabr ayının 7-də isə Atıcılıq Mərkəzi istifadəyə verilib. Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi yaradılıb. Federasiya muxtar respublikada atıcılıq üzrə idman yarışlarının keçirilməsinə təşəbbüskarlıq göstərilməsini, təşkil olunan atıcılıq üzrə idman yarışlarında klub üzvlərinin iştirakının təmin olunmasını, mütəxəssislərin ixtisaslarının artırılmasını, atıcılıq üzrə muxtar respublikanın yığma komandasına cəlb edilmiş klub üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şərait yaradılması kimi məsələləri də özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.

Ardını oxu...

Hindistanlı şahmat ustası, qadın qrossmeyster Tanya Saçdev deyir ki, şahmat  fiziki gücə deyil, daha yaxşı və sürətli hesablamaya, hiyləli ideyalara və gedişlərə, saatın səsi saniyələri göstərərkən əsəblərini nəzarət altında saxlamağa əsaslanır. Kənardan bu, bəzən sakit və səssiz görünə bilər, lakin daxildə – beyində isə bu, sirkə bənzəyir.

Bu gün muxtar respublikamızda da bu oyuna meyil göstərənlərin sayı yüzlərlədir. Şahmatın kütləviliyinin təmin olunması, inkişafı, şahmat məktəbləri üçün yeni binaların tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Belə məktəblərdən biri də Ordubad Rayon Şahmat Məktəbidir. Məktəb 35 il bundan öncə fəaliyyətə başlayıb. 2011-ci il iyul ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Ordubad şəhərində şahmat məktəbi üçün yeni bina istifadəyə verilib. Burada müasir tədris şəraiti yaradılıb. Bunun nəticəsidir ki, son illər muxtar respublika şahmatçılarının ölkə miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə böyük uğurlar qazanırlar. Həmin uğurlarda bu məktəbin də payı var.

Ardını oxu...

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkə­nin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks mərkəzində təşkil olunan çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları da mübarizə aparıblar. Ən uğurlu nəticəni 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev əldə edib. Belə ki, dəri əlcək sahibimiz final görüşündə “DİN” İdman Cəmiyyətinin boksçusu Ümid Rüstəmovu məğlub edərək ölkə birinciliyinin qalibi olub.
60 kiloqram çəki dərəcəsində isə Sərxan Əliyev finala kimi itkisiz irəliləyib. O, yalnız həlledici görüşdə “Qəbələ” İdman Klubunun boksçusu Elvin Çələbiyevə məğlub olaraq ölkə birinciliyini ikinci pillədə başa vurub. Digər dəri əlcək sahibimiz Eldar Quliyev isə bürünc medal qazanıb.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə yarış keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Sadiqov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Rəşad Həsənov (66 kiloqram) isə finala kimi yüksəlsə də, həlledici qarşılaşmada məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Mahir Babayev (70 kiloqram), Cavanşir Yaqubov və Sadiq Qasımov (97 kiloqram) isə yarışın bürünc medalını qazanıblar.
Ölkənin bir çox komandasının mübarizə apardığı yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası ümumi hesabda yarışın ikincisi olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medal, komandaya isə kubok təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilir.
İlham Əliyev adına Olimpiya-­İdman Kompleksində “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komanda qələbə uğrunda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri yarışlar olimpiya sistemi üzrə keçirilir.

Nəriman NƏCƏFOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya­-İdman Kompleksində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçısı olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gəncləri ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.

Ardını oxu...

Şərur rayon ağır atletika bölməsindən reportaj


Tarix hər zaman sübut edib ki, yeddiaylıq doğulan insanlar müxtəlif sahələrdə başqalarının qazana bilmədikləri uğurlara imza atır, həyatda böyük iz qoyurlar. İdmanda da belələri yüzlərlədir. Məsələn, idmanın ağır atletika növü haqqında danışarkən, hər zaman mükəmməl göstəriciləri və nailiyyətləri ilə diqqətləri özünə çəkən türk idmançı Halil Mutlu yada düşür. Soyadına sadiq qalaraq Türk dünyasını hər zaman xoşbəxt edən ağır atletin davamçıları artıq idman arenasında öz sözlərini deməkdədirlər. Qürur hissi ilə deyə bilərik ki, Naxçıvan idman məktəbinin yetirməsi, prinsipiallığı və idmançı əzmi ilə həmkarlarına nümunə olan Tərmenxan Babayev də ağır atletika sahəsində əhəmiyyətli uğurları ilə artıq özünü təsdiq etmiş, gələcəyi daha böyük ümidlər doğuran idmançılarımızdandır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Olimpiya oyunlarında gümüş medal qazanan Tərmenxan Babayevin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov qeyd edib ki, ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların təcrübə qazanmaları, peşəkar kimi formalaşmaları baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait gənc­lərin asudə vaxtlarının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə də səbəb olub. Bu gün muxtar respublika idmançıları artıq ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edir, böyük uğurlara imza atırlar. Məhz belə idmançılarımızdan biri də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayevdir. O, bir çox beynəlxalq səviyyəli yarışlardan qalib kimi Vətənə dönüb. Bu ilin 6-18 oktyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Olimpiadasında ikinci yerə layiq görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün seminar keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən seminara məşqçi­-müəllimlər, muxtar respublikanın perspektivli cüdoçuları qatılıblar. Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sekto­runun müdiri, ikiqat Avropa çempionu Tərlan Poladov, Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov və federasiyanın Hakimlər Komitəsinin üzvü Valeh Məhərrəmov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib.
Sonra suallar cavablandırılıb.
Qeyd edək ki, bu gün 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyinə start veriləcək.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatının ilk dövrəsinə yekun vurulub.
Cari mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası ilk dövrəni lider kimi başa vurub. “Qırmızı-ağlar” keçirdiyi 8 görüşdə yalnız bir dəfə heç-heçə edib. Son turda isə Naxçıvan təmsilçisi yaxın izləyicisi “Arpaçay” komandasını səfərdə məğlub etməyi bacarıb. Çempionatın ilk dövrəsində məğlubiyyət üzü görməyən yeganə komanda da məhz “Araz-Naxçıvan”dır.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Şərurun “Arpaçay” komandası 7-ci turda “Araz-Naxçıvan” məğlubiyyətindən sonra səfərdə Sədərəyin eyniadlı komandasının qonağı olub. Çətin keçən görüş Şərur təmsilçisinin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə, eyni zamanda “Arpaçay” komandasını liderə bir qədər yaxınlaşdırıb.

Ardını oxu...

Ordubad rayon 3 nömrəli tam orta məktəbin idman zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Yoldaşlıq görüşünü keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənc qızlar arasında təbliğ etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə 60 qız idmançı iştirak edib. 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən 6-7 yaş qrupunda Zəhra Əli (-20 kiloqram, Naxçıvan), Ayşən Mehbalılı (+25 kiloqram, Ordubad), 8-9 yaş qrupunda Aminə Novruzzadə (-35 kiloqram, Naxçıvan), Nərgiz İsmayılova (+35 kiloqram, Naxçıvan), 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram, Naxçıvan), 12-13 yaş qrupunda Sevgi Məmmədova (-42 kiloqram, Naxçıvan), Ulduz Hümbətzadə (-47 kiloqram, Naxçıvan), 14-15 yaş qrupunda Fatimə Qasımova (+54 kiloqram, Naxçıvan), Səmra Məmmədli (-47 kiloqram, Naxçıvan) və 16-17 yaş qrupunda Gülnur Abdullayeva (+54 kiloqram, Ordubad) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerlərə layiq görülüblər.
Komanda hesabında isə “Naxçıvan” komandası qalib olub. “Ordubad” və “Şərur” komandaları digər yerlərlə kifayətləniblər.
Sonda hər yaş qrupunda yer tutan idmançılara təşkilatçıların diplom və medalları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika turnirinə yekun vurulub.
Naxçıvan Şahmat Mərkəzində təşkil olunan turnirdə şəhər və rayonları təmsil edən 83 şahmatçı mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.
Turnirin son turu daha maraqlı olub. Belə ki, liderlər cədvəlində qərarlaşan beynəl­xalq qrossmeyster Urfan Sevdimalıyev (2386) və FİDE ustası Pərviz Qasımov (2303) müvafiq olaraq Sadiq Qarayev (1740) və Əli Məm­mədovla (1550) qarşılaşıblar. Bu tura kimi aktivlərində 7,5 xal olan hər iki zəka sahibi son turu da qələbə ilə başa vurub. Bununla da 8,5 xal toplayan şahmatçılar 1 və 2-ci yerləri bölüşüblər. Turnirin 2 nömrəli şahmatçısı, beynəlxalq usta Talıb Babayev (2333) son turda Ərturan İsmayılovu (1428) sınağa çəkib və qələbə qazanaraq 7 xalla turnirin üçüncüsü olub.
6,5 xal toplayan Elmar Süleymanlı, Sadiq Qarayev, Zahid Allahverdiyev və Tural Zeynalov 4-7-ci yerləri bölüşüblər.
Veteran şahmatçılar arasında Akif Əliyev (1536) 6,5 xalla qalib adını qazanıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri arasında voleybol üzrə muxtar respublika birinciliyi keçirilib.
Olimpiya sistemi üzrə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb.
Birinciliyin final görüşündə “Naxçıvan” və Naxçıvan Dövlət universitetlərinin komandaları üz-üzə gəlib. Daha baxımlı oyun sərgiləyən birincilər yarışın qalibi adını qazanıblar. Naxçıvan Müəllimlər İnstitutunun komandası isə muxtar respublika birinciliyini üçüncü pillədə başa vurub.
Qeyd edək ki, qalib komandalar və komanda üzvləri noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Uşaqların bu sahəyə cəlbi üçün nə edilməlidir?

Uşaq futbolu – hazırda dünya ölkələrində futbolun inkişafına gedən yol məhz burdan başlayır. Qazanılan nəticələrdən, əldə edilən uğurlardan da görmək mümkündür ki, uşaq futbolunun inkişafına diqqət və qayğıyla yanaşan ölkələrdə bu idman növünün tərəqqisi pik nöqtədədir. Uşaqlarımızın həyatında futbol məhəllədə arxasınca qaçdıqları top, daha sonra bacarıqlarını nümayiş etdirə biləcəkləri bir sahədir. Bu sahənin də digərləri kimi müəyyən problemləri var və bunların aradan qaldırılması üçün muxtar respublikamızda mühüm addımlar atılır. Bəs bu problemlər nədən ibarətdir? Yaradılan infrastruktura və göstərilən dövlət qayğısına baxmayaraq, futbol həyatında ilk addımlarını atan uşaqların bu sahədə irəliləyə bilməməsinin səbəbi nədir?

Valideyn amili

Araşdırmalar göstərir ki, uşaqların futboldan uzaqlaşmasının iki səbəbi var: valideyn və təhsilə yönləndirilmə. İlk olaraq valideyn problemindən başlayaq. Bəzən uşaqların inkişafı üçün atdığımız addımlar onlara kömək etmək əvəzinə, bumeranq rolu oynayır və onların futboldan uzaqlaşmalarına səbəb olur. Əslində, burada valideyni qınaq obyektinə çevirmək mütləqdir. Səbəbi: əgər valideyn övladında futbola maraq oyatmaq, onun düzgün bir idmançı kimi yetişməsini istəyirsə, o zaman bu sahəni dərindən bilən mütəxəssislərin fikirlərini öyrənməlidir. Çünki o, kiçik yaşlarından etibarən keçirilən məşqlərə, uşaqların peşəkar futbola hazırlanmasına da önəm verməlidir. İndi, demək olar ki, bəzi valideynlər futbola maraq göstərməyən övladlarını zorla bu idman növü ilə məşğul olmağa vadar edirlər. Psixoloqların fikrincə, belə hallarda valideyn sözü uşaqda müəyyən psixoloji hallar yaradır və onun məşq zamanı fikri və istəyi başqa olur. Digər tərəfdən futbola marağı olan uşaqların idman və təhsillə plansız məşğul olması hər iki sahənin uğursuzluğu ilə nəticələnə bilər. Ümumiyyətlə, uşaqları təhsildən yayındırmamaq şərtilə onları futbola necə yönləndirmək olar?

Ardını oxu...

Xaçmaz rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poli­atlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinə ­yekun vurulub.
Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbaraatma, turnikdə­dartınma və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Yarışda Naxçıvanı muxtar respublika üzrə zona birinciliyində qalib olmuş Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbin komandası təmsil edib. 16 komandanın iştirak etdiyi çempionatda komandamız 1106 xalla ölkə birinciliyinin qalibi olub. Onlar Bakı, Sumqayıt və Mingəçevir komandalarını qabaqlayıblar.
Eyni zamanda təmsilçimiz Kamran Allahverdiyev turnikdədartınmada ən yüksək nəticəni göstərərək (39 dəfə) xüsusi mükafata layiq görülüb.
Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Kəngərli rayon tam orta məktəblərinin şagirdləri arasında 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ekstremal idman növləri üzrə keçirilən rayon birinciliyinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 məktəbin, ümumilikdə, 60 şagirdi iştirak edib.
Əsasnaməyə uyğun olaraq yarış 2000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Sunay Mütəlov qalib adını qazanıb. Həmin kəndin 1 nömrəli tam orta məktəbinin şagirdi Sinan Cəlilov ikinci, 2 nömrəli tam orta məktəbin şagirdi Təhmin Hacıyev isə üçüncü olublar.
Qızların mübarizəsində isə finiş xəttinə ilk olaraq Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzayeva çatıb. Bu məktəbin digər şagirdləri Bülbül Hüseynova və Lalə Cəfərova ikinci və üçüncü olublar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş boks üzrə açıq birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdikləri birincilikdə 100-ə yaxın dəri əlcək sahibi 21 çəki dərəcəsində mübarizə aparıb.
Sonda qaliblər mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsində gənclərin bədən tərbiyəsi və idmana olan marağı gündən-günə artır, hər il idman infra­strukturu müasirləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Culfa Rayon Mərkəzi Stadionunun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi muxtar respublikamızda idmanın inkişafına növbəti töhfədir.

Qeyd edək ki, stadion müasir standartlara cavab verə biləcək şəkildə təmir olunub, ətrafındakı çəpərlər yenidən boyanıb, bordürlər yenilənib, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşları döşənilib. Uzunluğu 100 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılıb. Burada, həmçinin voleybol və basketbol meydançası, ehtiyat oyunçular üçün kabinələr də inşa edilib. Ərazidə sadə idman qurğuları quraşdırılıb, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınıb, suvarma sistemi yenidən bərpa olunub və su nasosları yeniləri ilə əvəzlənib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham ­Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaş­lıq görüşü keçirilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüşdə “Sədərək” və “Culfa” komandaları qarşılaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş Sədərək voleybolçularının 3:2 hesablı qələbəsi ilə ­yekunlaşıb.
Sonda hər iki komanda federasiya tərəfindən voleybol topları ilə ­mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən yarış keçirilib. Yarışda Naxçıvan komandası ilə Qırğızıstan Respublikasının Talas şəhərinin komandası mübarizə aparıb, azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandaların hər birinin heyətində 7 zəka sahibi yarışıb.
7 oyundan ibarət olan görüşün nəticəsinə əsasən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 4,5:2,5 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, komandamızın heyətində Sadiq Qarayev, Zahid Allahverdiyev, Oğuz Cabbarlı, Ramal Həsənov, Nəzrin Cəfərli, Almara İbrahimbəyli və Şahnaz Əlizadə təmsil olunublar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənc­lər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı iştirak edib.
Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı (33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) çəki dərəcəsində birinci olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadanın açılış və bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı spartakiada haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir ki, bu spartakiada da məhz həmin yarışlardan biridir.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental rəqs ansamblının ifasında konsert pro­qramı ilə davam edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birinci­lik keçirilib.
Birinciliyi keçirməkdə məqsəd əməkdaşlar arasında bu idman növünü təbliğ etmək və qarşıdakı yarışlar üçün muxtar respublika komandasının heyətini formalaşdırmaq olub.
Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov son illər muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, yarış polis əməkdaşlarının fiziki hazırlıq səviyyəsini yüksəltmək və komanda ruhunu inkişaf etdirməklə yanaşı, şəxsi heyət arasında kollektiv mübarizə hisslərini möhkəmləndirmək məqsədilə təşkil olunub.
Nazirliyin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir­ Salayev isə iştirakçılara yarışın qaydaları haqqında məlumat verib.
Birincilikdə 13 komandanın tərkibində 130-a yaxın idmançı mübarizə aparıb.
Yekun nəticəyə əsasən Şərur Rayon Polis Şöbəsinin komandası qalib adını qazanıb.
Şahbuz Rayon Polis Şöbəsinin komandası ikinci, Hava Nəqliyyatında Polis Şöbəsinin komandası isə üçüncü olub.
Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov təqdim edib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatında növbəti turun oyunları olub.
Mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası geridə qalan turlarda məğlubiyyətsizlik seriyasını davam etdirib. İlk olaraq Şahbuzda “Batabat” komandasının qapısından 5 cavabsız top keçirən “qırmızı-ağlar” növbəti iki turda “Dübəndi” (Ordubad) və “Sədərək” (Sədərək) komandalarını qəbul edib. Hər iki komandanı “evə” xalsız yola salan Naxçıvan təmsilçisi 5 görüşdən sonra maksimum xalla turnir cədvəlinin lideridir. Eyni zamanda “Araz-Naxçıvan” cari mövsümdə qapısının toxunulmazlığını qoruyan yeganə komandadır.
Keçirilən növbəti 3 tur ərzində məğlub olmayan daha 3 komanda var: “Arpaçay”, “Babək” və Naxçıvan Dövlət Universiteti (NDU). Şərur təmsilçisi səfərdə “Dübəndi” komandasını məğlub etdikdən sonra (4:0) doğma arenada NDU komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 1:1 hesabı ilə başa çatıb. Bu görüşdə yaddaqalan digər məqam hakim tərəfindən göstərilən 4 qırmızı vərəqə olub. Növbəti görüşdə isə “Arpaçay” “Kəngərli” komandasını 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR