Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib.
Birinciliyi keçirməkdə məqsəd əməkdaşlar arasında bu idman növünü təbliğ etmək və qarşıdakı yarışlar üçün muxtar respublika komandasının heyətini formalaşdırmaq olub.
Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov son illər muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, yarış polis əməkdaşlarının fiziki hazırlıq səviyyəsini yüksəltmək və komanda ruhunu inkişaf etdirməklə yanaşı, şəxsi heyət arasında kollektiv mübarizə hisslərini möhkəmləndirmək məqsədilə təşkil olunub.
Nazirliyin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev isə iştirakçılara yarışın qaydaları haqqında məlumat verib.
Birincilikdə 13 komandanın tərkibində 130-a yaxın idmançı mübarizə aparıb.
Yekun nəticəyə əsasən Şərur Rayon Polis Şöbəsinin komandası qalib adını qazanıb.
Şahbuz Rayon Polis Şöbəsinin komandası ikinci, Hava Nəqliyyatında Polis Şöbəsinin komandası isə üçüncü olub.
Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov təqdim edib.
Ceyhun MƏMMƏDOV