Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr və ilin yekunu ilə bağlı yığıncaq olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da fəaliyyətini müşavirədə verilən tapşırıqların icrası istiqamətində qurur. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə qruplar fəaliyyət göstərir. Naxçıvan şəhərində, Şərur və Şahbuz rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 103 qrupda 1399 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür.
Belə ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növləri üzrə muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunmuşdur. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Belə ki, federasiya idmançılarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə, 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyində və İran İslam Respublikasının Miyanduab şəhərində keçirilən beynəlxalq turnirdə, gənclər arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyində, Bakı şəhərində sərbəst güləş üzrə paytaxt birinciliyində, Türkiyə Respublikasının Samsun şəhərində və İran İslam Respublikasında cüdo üzrə təlim-məşq toplantısında və beynəlxalq turnirlərdə iştirakları təmin edilmişdir. Ümumilikdə, 2018-ci ildə güləş idman növləri üzrə idmançılar 5 beynəlxalq, 7 ölkə və 2 muxtar respublika birinciliklərində, milli və dövlət bayramları ilə əlaqədar 20 daxili birincilikdə iştirak etmişlər. Azərbaycan birinciliklərində 9, beynəlxalq turnirlərdə 7-si birinci yer olmaqla, 31 medal qazanmışlar.
Qeyd olunmuşdur ki, 2018-ci ilin mart, sentyabr və noyabr aylarında Azərbaycan Cüdo Federasiyasının tanınmış məşqçi-müəllimləri muxtar respublikaya dəvət edilmiş, Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançılarına seminar-treninqlər keçirilmişdir. Federasiyanın məşqçi-müəllim və idmançıları muxtar respublikada keçirilən tədbirlərdə yaxından iştirak etmiş, qrafikə uyğun olaraq muxtar respublikadakı muzeylərə gəzintiləri, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə nazirliyə və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına tapşırıqlar verilmişdir. Həmin tapşırıqlara uyğun olaraq 2019-cu ildə bir sıra tədbirlər həyata keçiriləcək, idmanın kütləviliyinə nail olunacaq, ölkə səviyyəli və beynəlxalq yarışlarda muxtar respublika idmançılarının iştirakı təmin ediləcəkdir.
Qeyd olunmuşdur ki, 2018-ci ildə nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirmişdir. Bunlardan 3-ü beynəlxalq, 55-i muxtar respublika, 220-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olmuşdur. Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya səviyyəli yarışlarda 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə, 195 medal qazanmışlar. İdmanın ən qədim növlərindən biri olan güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2018-ci ildə görülən işlər barədə məlumat vermişdir.
Güləş Federasiyasının məşqçi-müəllimi Seymur Məmmədov və idmançı Hüseyn Əhmədli çıxış edərək bildirmişlər ki, muxtar respublikamızda idmanın bütün növləri kimi, güləş idman növü də öz inkişaf dövrünü yaşayır. Son illərdə bu idman növünə gənclərin, xüsusən də azyaşlı uşaqların marağı artmaqdadır. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada istifadəyə verilən uşaq-gənclər idman məktəbləri, idman obyektləri bu sahədə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda beynəlxalq və ölkə miqyaslı idman yarışlarının, genişmiqyaslı təlim-məşq toplantılarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Bu da qazanılan idman nəticələrinə öz müsbət təsirini göstərir. Muxtar respublikanın şəhər və rayonlarında güləş bölmələrinin fəaliyyətinin təmin olunması bu idman növünə göstərilən diqqət və qayğının təzahürüdür. Çıxış edənlər federasiyada fəaliyyət göstərən məşqçi-müəllim və idmançılar adından göstərilən diqqətə, yaradılan yüksək şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.
İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Orxan Quliyev, güləş üzrə məşqçilər Ayaz Bağırov və Cavid Salmanlı, cüdo üzrə uğur qazanan idmançılar Abbas Məmmədov, Fuad Əşrəfli, güləş üzrə uğur qazanan idmançılar Hüseyn Əhmədli və Xəzər Abdullayev mükafatlandırılmışlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı və keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov bildirmişdir ki, federasiya yaradılan şəraitdən səmərəli istifadə edərək dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaqdır.
“Şərq qapısı”