31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futzal üzrə birinciliyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə partiyanın gənc üzvləri mübarizə aparıblar.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən birinciliyin final görüşündə “Şərur” və “Sədərək” komandaları üz-üzə gəlib. Daha maraqlı oyun sərgiləyən şərurlular meydanı 5:1 hesablı qələbə ilə tərk ediblər. Üçüncü yer uğrunda görüşdə isə “Naxçıvan” komandası kəngərlili həmkarlarından üstün olub – 5:3.
Sonda qalib komandalar diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev təqdim ediblər.
Ceyhun MƏMMƏDOV