22 Dekabr 2024, Bazar

2018-ci il Naxçıvan Muxtar Respublikasının idman həyatında bir çox əlamətdar hadisələrlə yadda qalıb. Ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvanımızda muxtar respublikanın Gənclər və İdman Nazirliyi idmanın inkişafı və kütləviliyinin təmin olunması məqsədilə yarışların, turnirlərin təşkili yolu ilə uşaqları, yeniyetmələri və gəncləri bu sahəyə cəlb edib. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nazirlik ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də yeni-yeni nailiyyətlər qazanılmasında müstəsna rol oynayıb. İdmançılarımız geridə qoyduğumuz il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionatlarında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında uğur qazanmaqla Naxçıvanda idmanın sürətli inkişafını bir daha sübut ediblər. Məşqçi-müəllimlər və idmançılar üçün təşkil edilən təlim-məşq toplanışları isə onların təcrübə qazanmasında müstəsna rol oynayıb. 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə isə idmanın inkişafında yol verilən nöqsanları üzə çıxarıb qarşıda duran vəzifələri müəyyənləşdirməklə bu sahədə  yeni mərhələnin əsasını qoyub.

Muxtar respublikada keçirilən beynəlxalq turnirlər

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən və artıq ənənə halını alan “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalı ötən il də keçirilib. 1-10 may tarixlərdə Naxçıvan Şahmat Mərkəzində keçirilən festivalda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın şahmatçıları ağ-qara taxtada mübarizə aparıblar. Qeyd edək ki, bu şahmat bayramında 23 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 14 FİDE ustası, ümumilikdə, 300-dən çox zəka sahibi A, B və C qruplarında yarışıblar.

Elə həmin ay Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi daha bir beynəlxalq turnirə ev sahibliyi edib. Bu dəfə cüdo üzrə idmançılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə bir araya gəliblər. Turnirdə Gürcüstan, Türkiyə və Rusiya komandaları, eləcə də ölkəmizin Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Naxçıvan və Culfa komandaları mübarizəyə qoşulublar. Olimpiya sistemi üzrə təşkil edilən beynəlxalq turnirin final görüşündə Naxçıvan Muxtar Respublikasının komandası gürcüstanlı rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.
Daha bir mötəbər turnirdə isə kikboksinqçilər rinqə çıxıblar. Öz möhtəşəmliyi ilə seçilən turnirdə Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan idmançıları ilə yanaşı, Naxçıvan kikboksinqçiləri də mübarizə aparıblar.
Ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turnirində isə muxtar respublikamızı təmsil edən “Araz-Naxçıvan” futbol komandası gümüş medal qazanıb.
Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş digər yarışlar da yaddaqalan olub. Bu münasibətlə müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərə ev sahibliyi edən Naxçıvanda həm də yerli federasiyalar nazirliklə birgə yarışlar, tədbirlər təşkil ediblər. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən boks üzrə muxtar respublika birinciliyində 100-dən çox dəri əlcək sahibi rinqə çıxmaqla kimin güclü olduğuna aydınlıq gətirib.
Duzdağ Fizioterapiya Mərkəzi yolunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kross qaçışında isə 200-ə yaxın idmançı iştirak edib. İndividual idman növlərindən olan sərbəst güləş, kikboksinq, velosiped yarışı, süni divaradırmanma üzrə muxtar respublika turnirləri də öz gərginlikləri ilə yaddaqalan olub.
Muxtar respublika gənclərinin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü və karate-do üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatı təşkil olunub.
Kollektiv idman növlərindən olan voleybol, basketbol, futbol və peyntbol üzrə muxtar respublika birinciliklərində yüzlərlə gəncin iştirakı bu idman növlərinin geniş yayıldığını bir daha nümayiş etdirib.

Beynəlxalq Tələbə-Gənclər Həftəsi və əlamətdar günlərlə bağlı silsilə tədbirlər keçirilib

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən bir sıra yarışlar da ötən ilin uğurlu idman tədbirlərindən olub. 2018-ci ildə tələbələr arasında stolüstü tennis, badminton, voleybol, kross qaçışı üzrə muxtar respublika birincilikləri keçirilib, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət Naxçıvan şəhər, Ordubad və Şərur rayon komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü təşkil edilib.
Geridə qoyduğumuz il daha bir məqamla yaddaşlara həkk olunub. Belə ki, nazirlik və federasiyalar ölkə­mizin əlamətdar günləri ilə əlaqədar bir sıra yarışlar, turnirlər təşkil ediblər. Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar peyntbol və kikboksinq üzrə muxtar respublika birincilikləri, basketbol üzrə Culfa rayon və Naxçıvan şəhər “Lokomotiv” komandaları, voleybol üzrə Naxçıvan şəhər və Şahbuz rayon komandaları arasında yoldaşlıq görüşü, yeniyetmələr (2005-2006-cı illər) arasında sərbəst güləş üzrə şəhər birinciliyi, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən nazirlik, komitə, xidmət, idarə və müəssisələrin əməkdaşları arasında şahmat üzrə birincilik keçirilib.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş, qadınlar arasında atıcılığın stend növü, cüdo, paralimpiyaçılar arasında voleybol, yeniyetmələr (2001-2002-ci illər) arasında yüngül atletika üzrə muxtar respublika, eləcə də şahmat, yeniyetmə və gənclər arasında boks üzrə şəhər birinciliklərində 400-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.
Eyni zamanda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yeniyetmə və gənclər arasında boks, cüdo, sambo idman növləri üzrə Naxçıvan şəhər açıq birincilikləri, yeniyetmələr arasında (2006-2008-ci illər) sərbəst güləş üzrə şəhər, qol güləşi idman növü üzrə muxtar respublika birincilikləri ilin yaddaqalan idman hadisələri olub.
Ötən il İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə muxtar respublika birinciliyi, oğlan və qızlardan ibarət yeniyetmə və gənclər arasında Əshabi-Kəhf ziyarətgahına yürüş, yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə şəhər birinciliyi, 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında boks üzrə şəhər, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş üzrə muxtar respublika birincilikləri, 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri arasında speleo (mağara) turizm yürüşü üzrə muxtar respublika birincilikləri təşkil olunub.
Ümumilikdə, 2018-ci ildə keçirilən kollektiv idman növlərində 2000-ə yaxın idmançı iştirak edib.

Digər tədbirlər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ötən il ərzində əlamətdar günlərin qeyd edilməsi, gənclərin dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinə nail olunması, sağlam ruhda böyümələri istiqamətində idman federasiyaları və digər idman qurumları ilə birgə 330 tədbir keçirib. Federasiyalarda aparılan struktur dəyişiklikləri onların fəaliyyətlərinin gücləndirilməsinə, idmanın müxtəlif sahələrinin inkişafına, gənc, istedadlı idmançıların federasiyalara cəlb olunmasına təkan verib. 2018-ci ildə Naxçıvanda daha hansı idman hadisələri gündəmdə olub? Qısa ­xülasə:
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən Kəngərli və Culfa Rayon Mərkəzi stadionları yenidən qurularaq istifadəyə verilib;
– Yeni yaradılan Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası yığma komandasının tərkibinin formalaşdırılması məqsədilə muxtar respublika birinciliyi təşkil edib, futbol üzrə XVII muxtar respublika çempionatına start verilib;
– Məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Üzgüçülük Mərkəzində qızlar arasında üzgüçülük üzrə şəhər, Naxçıvan Şahmat Mərkəzində isə şahmat üzrə mərkəzin təsnifat birincilikləri keçirilib;
– İdman federasiyalarının üzvlərinin Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil edilib, avqust ayının hər şənbə günü gənclərin idmana cəlbi istiqamətində görülən tədbirlərin davamı olaraq futbol üzrə rayon, şəhər birincilikləri təşkil edilib;
– Məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib, komandaların təlim-məşq toplanışları olub;
– Naxçıvan Muхtаr Rеspublikаsındа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sаğlаmlıqlаrının bərpası sаhəsində paralimpiyaçılar arasında armrestlinq (qol güləşi), yüngül atletika (qaçış), pauerliftinq, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis, 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birincilikləri, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında voleybol üzrə Culfa və Şahbuz rayon komandaları arasında yoldaşlıq görüşü, 18 yaşadək sağlamlıq imkanları məhdud oğlanlar və qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi, 13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Gününə həsr olunmuş qolbol üzrə yoldaşlıq görüşü təşkil olunub.

Ölkədaxili və beynəlxalq turnirlərdə qazanılan uğurlar

Ötən il istər ölkədaxili yarışlarda, istərsə də beynəlxalq turnirlərdə idmançılarımızın əldə etdikləri qələbələr muxtar respublikada idmanın inkişafı ilə yanaşı, eyni zamanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.
İlk olaraq ölkədaxili yarışlarda uğur qazanan idmançılarımız barədə. Ötən il karate-do, boks, şahmat, güləş, cüdo, kikboksinq, bədii gimnastika, ağır atletika, yüngül atletika, MMA, uşu-sando üzrə Azərbaycan birincilikləri və ölkə miqyaslı yarışlarda, eyni zamanda pankration, qrapplinq və kempo üzrə keçirilən Bakı çempionatlarında qazanılan uğurlar fərdi idman növlərinin geniş vüsət almasından xəbər verir.
Kollektiv idman növlərində də idmançılarımız yaddaqalan çıxışları ilə 2018-ci ilə uğurla yekun vurublar. Belə ki, il ərzində Xaçmaz rayonunda keçirilən “Vətənin müdafiəsinə hazı­ram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsində iştirak edən komandamız qalib adını qazanıb. Naxçıvan Şahmat Mərkəzində isə internet üzərindən şahmat üzrə Naxçıvan komandası ilə Qırğızıstan Respublikasının Talas şəhərinin komandası və Şimali Amerikanın “Bermuda” komandası arasında yoldaşlıq görüşləri olub.
Beynəlxalq yarışlarda isə Naxçıvan idmançıları daha böyük uğurlara imza atıblar. Belə ki, sərbəst güləş komandamız İran İslam Respublikasının Miyanduab, cüdoçularımız isə Dağıstan Respublikasının Dərbənd, Türkiyə Cümhuriyyətinin Samsun şəhərlərində keçirilən beynəlxalq turnirlərdə mükafat qazanıblar.
Karateçilərimiz Rusiyanın Mos­kva, Lipeçk, Sankt-Peterburq, Omsk, İran İslam Respublikasının Astara, Urmiya, Türkiyə Cümhuriyyətinin İstanbul, boksçularımız İran İslam Respublikasının Miyanduab və Bukan, Rumıniyanın Tirqu-Jin, şahmatçılarımız isə Türkiyə Cümhuriyyətində, Gürcüstanda keçirilən turnirlərdə və Avropa çempionatlarında muxtar respublikanın idman ənənələrini layiqincə qoruyublar.
Ağır atletimiz Tərmenxan Babayev İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində qızıl medal qazanıb. Eyni zamanda atletimiz Argentinanın Buenos-Ayres şəhərində keçirilən yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib.
Ümumilikdə, 2018-ci ili Naxçıvan idmanı üçün uğurlu il hesab etmək olar. Belə ki, muxtar respublika idmançıları il ərzində dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində isə 105 medal qazanıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR