Xaçmaz rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsinə yekun vurulub.
Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbaraatma, turnikdədartınma və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilib.
Yarışda Naxçıvanı muxtar respublika üzrə zona birinciliyində qalib olmuş Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbin komandası təmsil edib. 16 komandanın iştirak etdiyi çempionatda komandamız 1106 xalla ölkə birinciliyinin qalibi olub. Onlar Bakı, Sumqayıt və Mingəçevir komandalarını qabaqlayıblar.
Eyni zamanda təmsilçimiz Kamran Allahverdiyev turnikdədartınmada ən yüksək nəticəni göstərərək (39 dəfə) xüsusi mükafata layiq görülüb.
Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti