18-20 yanvar tarixlərində Bakı Əl Oyunları Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıb. Karateçilərimiz beynəlxalq turnirdə 13 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, oğlanlar arasında 18-23 yaş qrupunda Sərcan Məmmədov, 23-25 yaş qrupunda Mircavid Seyidzadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. 16-17 yaş qrupunda Aslan İsmayılov (+76 kiloqram) gümüş, bu yaş qrupunda Murad Ələkbərov isə (-76) bürünc medal qazanıb. Mirpaşa Kərimzadə də 18-23 yaş qrupunda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qızların mübarizəsində isə 8-9 yaş qrupunda Zəhra Məmmədova (+28 kiloqram) hamıdan güclü olub. 6-7 yaş qrupunda Fatimə Bağırzadə (24 kiloqram) və 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram) gümüş medal qazanıblar. +28 kiloqram çəki dərəcəsində Aminə Novruzzadə, +30 kiloqram çəki dərəcəsində Özləm Hacıyeva (hər ikisi 8-9 yaş qrupu), -35 kiloqram çəki dərəcəsində Nərgiz İsmayılova və 35 kiloqram çəki dərəcəsində Nərgiz Həsənli (hər ikisi 10-11 yaş qrupu) isə turniri üçüncü pillədə başa vurublar. Özləm Hacıyeva, həmçinin kata yarışlarında da üçüncü olub.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti