Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadaya start verilib.
İki gün davam edəcək spartakiada “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat, yüngül atletika, basketbol, həndbol və stolüstü tennis növlərini əhatə edir.
Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayırlar. 8 komandalı yarışda 2005-2007-ci illər təvəllüdlü məktəbli şahmatçılar mübarizə aparırlar. Hər komandanın heyətində 5 oğlan və 4 qız zəka sahibi qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə keçirilir.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışın proqramına əsasən 9 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdədartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda mübarizə aparırlar.