6-18 oktyabr tarixlərdə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev olimpiadada Azərbaycanı ağırlıqqaldırmada təmsil edəcək. Yığmamızın heyətində ilk dəfə olaraq olimpiya oyunlarında iştirak edəcək Tərmenxana böyük ümidlər var. Səbəbi isə hazırda onun öz yaş qrupu və çəki dərəcəsində dünyanın güclü idmançılarından biri olmasıdır. Məşqçi Səfi Hüseynovun yetirməsi idman mütəxəssisləri tərəfindən olimpiadada qələbə qazanmağa real namizəd kimi göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda Naxçıvan idmanı tarixində ilkdir.
Qeyd edək ki, bu gün Azərbaycan olimpiya komandası Cənubi Amerika ölkəsinə 17 idmançı (8 qız və 9 oğlan), 12 məşqçi və həkim, nümayəndə heyətinin rəhbəri və gənc səfirdən ibarət heyətlə yollanıb. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri də daxildir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti