Müstəqil ölkəmizdə dövlətçiliyin təbliği, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin olunmasında bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi aktual məsələlərdən birinə çevrilib.
Dövlət başçısının həyata keçirdiyi uğurlu gənclər siyasəti, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən, idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınması deməkdir. Bu istiqamətdə dövlətimiz lazım olan bütün tədbirləri həyata keçirməklə yanaşı, ölkədə sağlam həyat tərzinin təbliğini də diqqətdə saxlayır. Fəal yaş qruplarından olan insanların əhalinin ümumi sayının 60 faizini təşkil etməsi, onların təhsil səviyyələrinin yüksək olması, xüsusən yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmana kütləvi maraq göstərmələri kimi amillər buna müsbət şərait yaradır.
Bölgələrdə olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin yaradılması, idman növlərinin inkişafına diqqətin artırılması, hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi – sağlamlıq və idman tədbirlərinin təşkili gənc nəslin fiziki və mənəvi inkişafında böyük rol oynayır. Bu baxımdan gənclərin idman sahəsinə cəlbi də xüsusilə diqqət mərkəzində saxlanılır.
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman aktuallığını qoruyub saxlayıb. Sevindirici haldır ki, bu istiqamətdə bir sıra məqsədyönlü layihələr həyata keçirilir. Onu da qeyd edək ki, gənclərin idman sahəsində fəallığı onların ictimai fəaliyyətinə də müsbət təsir göstərir. Bir çox hallarda gənclərin ictimai fəaliyyəti daha çox onların idarəetmə orqanlarında, seçkili strukturlarda təmsili kimi xarakterizə edilsə də, ictimai fəallığa fərdi aktivasiya kimi baxılmamalıdır. Niyəsinə gəlincə, bu proses fərdi qaydada ictimai fəallıq nümayiş etdirən gənclərin təşkilatlanması ilə daha geniş vüsət alır. Bu baxımdan gənclərin ictimai fəallığının ilk addımları məhz onların idman sahəsindəki təşkilatlarından başlayır. Bu məsələ muxtar respublikamızda öz müsbət həllini tapıb. Diyarımızda qanunvericiliyə uyğun istənilən siyasi platformada gənclər təmsil olunur və bu imkanlar gələcəyin gənc siyasi liderlərinin yetişməsində xüsusi rol oynayır.
Bu gün Naxçıvanda gənclər mərkəzləri fəaliyyət göstərir və onların idarəçiliyi gənclərə həvalə olunur. Gənclər strategiyasına uyğun olaraq bu cür məkanların istifadəsi, Gənclər və İdman Nazirliyinin fəaliyyəti onların gələcək hədəflərinin, ambisiyalarının seçilməsinə xidmət edir.
O da qeyd olunmalıdır ki, gənclərin idman birliklərinin, qruplarının fəaliyyəti bir çox parametrlərdən asılıdır. Sosial-iqtisadi göstəricilər, təhsil səviyyəsi, şəbəkələşmə vəziyyəti və onların doğru istiqamətləndirilməsi fəaliyyətin profili üçün əsas amillərdəndir. Muxtar respublikada gənclər üçün sosial mərkəzlərin idarə edilməsi, gənclərlə iş sahəsində çalışan kadrların öz bilik və bacarıq səviyyələrinin artırılması gənclərin təşkilatlanmasına öz müsbət təsirini göstərir.
Bu gün naxçıvanlı gənclər müxtəlif ictimai təşkilatlarda sıx birləşiblər. Uğurlu şəbəkələşmə, müxtəlif universitetlərdən olan tələbələr arasında daha sıx əlaqələrin qurulması onların muxtar respublikanın gənclər siyasətində də aktiv şəkildə iştirak edərək gələcəkdə daha hazırlıqlı kadr kimi formalaşmasında böyük önəm daşıyır. Bu da onların ictimai fəallığını daha da artırmış olur.
Muxtar respublikamızda gənclərin idman siyasətinin geniş vüsət aldığı bir zamanda onların təşkilatlanması, bir araya gəlməsinin ən asan və səmərəli yolu isə sosial şəbəkələrdir. İctimai fəaliyyəti geniş olan, eyni zamanda idman sahəsində uğur qazanan gənclər beynəlxalq sosial paylaşma platformalarında dövlətçiliyin, vətənpərvərliyin təbliğində də əsas rol oynayırlar. İctimai fəaliyyəti müsbət yöndə olan gənclərin təşkilatlanması, müəyyən amal ətrafında birləşmələri onların siyasi ideologiyalarının formalaşmasına yol açır.
Bir sözlə, bütün sahələrdə gənclər üçün əlverişli mühitin yaradılması onların gələcək inkişafı baxımından əhəmiyyətlidir. Bu isə ilk növbədə, güclü dövlətin mövcudluğu ilə bağlıdır. Bu halda gənclər də öz potensiallarını hərəkətə gətirə bilərlər. Qürurverici haldır ki, bu gün naxçıvanlı gənclər onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar. Bu da onların ictimai fəallığını artırmalarına öz müsbət təsirini göstərir.
Ceyhun MƏMMƏDOV