Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şahbuz” komandaları arasında kross qaçışı üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi görüşdə hər iki komandanın tərkibində, ümumilikdə, 50 atlet mübarizə aparıb.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu yarışı keçirməkdə məqsəd gəncləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdir.
3 kilometr məsafədə keçirilən kross yarışının nəticələrinə əsasən oğlanlar arasında Əmrah Nağıyev, Səfər Tağıyev, İbrahim Cəfərzadə, Sərraf Kərimov, Coşqun Əliyev müvafiq olaraq ilk beş pillədə qərarlaşıblar. Qızların mübarizəsində isə Xatun Orucova qalib adını qazanıb. Gülayə Cəfərova, İlkanə Babayeva, Rəmidə Abdullayeva və Tamella Qurbanova digər yerlərə layiq görülüblər.
Qalib idmançılara diplom və hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti