18 oktyabr – Müstəqillik Günü münasibətilə tələbələr arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Uzunoba Su Anbarı ətrafında təşkil olunan birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışda oğlanlar 3, qızlar isə 2 kilometr məsafəni qət etməyə çalışıblar.
Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında “Naxçıvan” Universitetinin tələbəsi Abbas Babayev finiş xəttinə hamıdan tez çatıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri – Əkbər Mehdiyev və Fərid Qasımov ikinci və üçüncü olublar.
Qızların mübarizəsində isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülayə Cəfərova qalib adını qazanıb. İlkanə Babayeva (Naxçıvan Dövlət Texniki Kolleci) və Dünya Əmrahlı (Naxçıvan Tibb Kolleci) digər pillələrdə qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti