Türkiyənin Malatya şəhərində şahmat üzrə 6-cı beynəlxalq “Qızıl ərik” şahmat festivalı keçirilib. Festivalda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri də iştirak ediblər.
Turnirin reqlamentinə əsasən 10 ölkədən 495 şahmatçı 5 qrupda mübarizə aparıb. “A” qrupunda mübarizə aparan FİDE ustamız Pərviz Qasımov keçirdiyi 9 görüşdən 7 xal toplayıb və nəticədə, üçüncü olub. Eyni zamanda zəka sahibimiz beynəlxalq əmsalını 27,1 (2314) artıraraq beynəlxalq usta normasının ilk balını toplayıb.
“B” qrupunda çıxış edən Tural Zeynalov 198 zəka sahibi arasında 7-ci olub. Belə ki, şahmatçımız 9 turdan 7 xal toplayıb və beynəlxalq əmsalını 20,6 (1682) artırıb.
14 yaşlı şahmatçıların mübarizəsində uğurlu nəticəni Nazlı Hümbətova əldə edib. İdmançımız, ümumilikdə, dördüncü, qızlar arasında isə ikinci olub.
10 yaşlı zəka sahiblərinin mübarizəsində Hüseyn Qənbərli 9 turdan ibarət festivalda 6,5 xal toplayaraq 5-ci yerlə kifayətlənib.
Sonda şahmatçılarımıza təşkilatçılar tərəfindən diplom, medal, kubok və pul mükafatı təqdim olunub.
Ceyhun MƏMMƏDOV