22 Dekabr 2024, Bazar

İdman insanların həyatında mühüm yer tutur. Gün ərzində yüksək əhval-ruhiyyədə və enerjili olmaq üçün mütləq şəkildə idmanla məşğul olmaq lazımdır. Mütəxəssislər maraqlı bir məqama  da toxunaraq qeyd edirlər ki, istənilən yaş həddində idman insan orqanizminə yalnız müsbət təsir göstərir. Düzdür, bəzi idman növləri var ki, onlar müəyyən fəsadlar törədə, həmin idman növünə olan marağı azalda bilər. Lakin yüngül atletika ilə məşğul olanlar bu barədə heç vaxt şikayətçi olmayıblar. Əlbəttə, bunun da səbəbləri var ki, yazıda bunları bir qədər açmağa çalışacağıq.

Zaman keçdikcə insan orqanizmi tələb olunan müəyyən təbii və süni təsirlərə uyğunlaşır. İnsan orqanizminə mənfi mənada təsir edən amillərdən biri də xəstəliklərdir. Bədənin möhkəmləndirilməsi isə bu xəstəlikləri müalicə etmir, sadəcə, onların qarşısını alır. Yəni bir növ profilaktik rol oynayır. Bədəni möhkəmləndirərkən immunitet sistemi də məşq etmiş olur. Atletika idman növlərində bu proses daha çox sezilir. Ümumiyyətlə, “atletika” qüvvə, çeviklik, cəldlik tələb edən hərəkətlərin məcmusudur. Bu, bir idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin əsasını təşkil edir. Məhz buna görə Yunanıstanda böyük fiziki qüvvəyə malik insanları – idman yarışlarının iştirakçılarını “atlet” adlandırırdılar.

Yüngül atletikada daha çox texniki hərəkətlərə fikir verilir: hər bir hərəkəti səbir və təmkinlə dəqiq yerinə yetirmək vacib şərtdir. Araşdırmalar göstərir ki, yalnız bir idman növü ilə məşğul olarkən bədən birtərəfli inkişaf edir. Müxtəlif növləri də bura əlavə etsək, o zaman uğurlu bir bünövrənin əsasını qoymaq olar. Atletikadakı ilk addımlar sağlamlı­ğın möhkəmləndirilməsinə, ümumi fiziki inkişafa xidmət edir. Bəs bu növlə məşğul olanların orqanizminə müsbət yöndə təsir edən amillər hansılardır? İlk olaraq bu idman növü ilə məşğul olanların əhvalı yüksəlir, narahatlığı və gərginliyi aradan qalxır. Xroniki xəstəliklərin qarşısı alınır, ürək və ağciyərin funksiyası yaxşılaşır, orqanizm oksigenlə tam təmin olunur, damarlarda qan dövranı sürətlənir, bütün əzələ qrupları formaya düşür. Ümumiyyətlə, yüngül atletika formada qalmaq üçün ən yaxşı və ideal vasitədir. Yüngül atletikanın digər idman növlərindən fərqi insanların özünü bu sahədə sübut etməsi üçün daha çox zamanın tələb olunmasıdır. Qaçmağı bacaran hər kəs atlet ola bilməz. Onu da deyək ki, yüngül atletikaya başlamazdan öncə insan mütləq şəkildə həkim nəzarətindən keçməli, bu növə sürətli başlanğıc etməməlidir. Məşqlərə tədricən yavaş başlayıb daha sonra fiziki güc tələb edən hərəkətləri müəyyən bir həddə qədər artırmalıdır.
Müasir idman növləri müəyyən proseslərdən keçsə də, yüngül atletika olduğu kimi qalıb. Yəni hazır­da idman yerişi, müxtəlif məsafələrə maneələri dəf etməklə qaçmaq, idman alətləri atmaq, uzunluğa və hündürlüyə tullanmaq, çoxnövçülük kimi növlərdə yarışlar keçirilir. Müasir dövrümüzdə idman mütəxəssisləri yüngül atletika terminini bir şərt kimi qəbul ediblər. Başqa sözlə ifadə etsək, bu növ “idmanın kraliçası”dır və digər növlərdən fərqi onun dövri idman növlərinə aid olmasıdır. Bu növdə yüksək səviyyəli idmançı hazırlamaq o qədər də asan deyil. Çünki burada rəqibə yox, zamana, məsafəyə qalib gəlməlisən. Digər tərəfdən, istənilən fiziki idman növlərinin əsasında atletika dayanır. Araşdırmalar sübut edir ki, idmana maraq göstərənlərin, demək olar ki, hamısı qaçışla məşğul olur. Qaçış insanın sağlamlığına böyük təsir göstərir. O, bütün orqanizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Atletikanın daha bir xüsusiyyəti digər növlərdə özünü büruzə verməsidir. Yəni futbol və ya voleybol oynayarkən idmançı atletik gücü hesabına digər komanda yoldaşlarından xeyli fərqlənə bilir. Fiziki keyfiyyətlərlə yanaşı, bu, həmin idmançıda iradə, qətiyyət yaradır, oyun zamanı məsuliyyət hissini artırır. Yüngül atletikada yüksək ustalığa nail olmaq heç də asan deyil.
Yüngül atletika muxtar respublikamızda müəyyən ənənəyə malik olan bir növdür. Hazırda Naxçıvanda Yüngül Atletika Federasiyası fəaliyyət göstərir ki, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının qorunması, onların kütləvi şəkildə yarışlara cəlb olunması üçün müxtəlif tədbirlər təşkil edilir. Diyarımızda yüngül atletikanın geniş yayılmış növü qaçışdır və federasiyanın Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi 100, 200, 400, 800 və 1500 metrlik məsafəyə qaçış və ya kross yarışlarında yüzlərlə idmançı iştirak edir.
Adətən, mütəxəssislər idman yetkinliyini yoxlamaq üçün yarışların ən yaxşı imtahan olduğunu vurğulayırlar. Çünki yarışlara düşünülmüş qaydada hazırlaşmaq əsas şərtdir. Bunun nəticəsidir ki, bu gün muxtar respublikanı təmsil edən atletlər ölkə birinciliklərində, eləcə də beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edirlər. Son iki ildə isə idmançılarımız yüngül və ağır atletika yarışlarında əhəmiyyətli nailiyyətlər qazanıblar. Xüsusilə nazirliyin Şərur rayonundakı ağır atletika bölməsinin idmançısı Tərmenxan Babayevin hazırda öz çəki dərəcəsində Avropanın, eləcə də dünyanın ən öndə gedən idmançıları siyahısında olması atletikanın Naxçıvanda inkişafından xəbər verir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR