Muxtar respublikamızın şəhər və rayonlarında 50-dən çox idman obyekti fəaliyyət göstərir. Yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışları yüksək səviyyədə keçirməyə imkan verir, idmançılarımız üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına yol açır. Bu, muxtar respublikamızda idmana göstərilən qayğının nəticəsidir.
Naxçıvanda yeniləşən idman obyektlərindən biri də Culfa Rayon Mərkəzi Stadionudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon mərkəzi stadionunun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi muxtar respublikamızda idmanın inkişafına növbəti töhfə olacaq.
Stadion müasir standartlara cavab verə biləcək şəkildə təmir olunur, ətrafındakı çəpərlər boyanır. Həmçinin stadionun ətrafındakı bordürlər yenilənir, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşlar döşənilir. Uzunluğu 100, eni isə 60 metr olan təbii ot örtüklü stadion ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində voleybol və basketbol, mini-futbol meydançaları, ehtiyat oyunçular üçün kabinlər də inşa ediləcək. Eyni zamanda burada sadə idman qurğuları quraşdırılacaq, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınacaq.
Qeyd edək ki, stadionun sulama sistemi də yenidən bərpa olunur və su nasosları yeniləri ilə əvəzlənir.
Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.
Ceyhun MƏMMƏDOV