Naxçıvan Muxtar Respublikasında idmanın kütləvi hal alması üçün mütəmadi olaraq yeni idman obyektləri, zallar, futbol meydançaları tikilib istifadəyə verilir. Şəhər və rayonlarla yanaşı, xüsusilə kəndlərdə də əhalinin sağlamlığı üçün idman bazalarının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Futbolun inkişafı üçün əlverişli şəraitin olması və yeni stadionların yaradılması gəncləri bu sahəyə daha çox cəlb edir.
Yaradılan bu şəraitdən məqsədyönlü şəkildə istifadə edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlardan ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinə start verilib. Sentyabr ayının 8-dək hər həftənin şənbə günü oynanılacaq oyunlar olimpiya sistemi üzrə keçiriləcək. Görüşlər Naxçıvan şəhəri üzrə İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin stadionunda, Şərur rayonu üzrə Aralıq kənd, Babək rayonu üzrə Babək qəsəbə, Nehrəm və Vayxır kənd, Ordubad rayonu üzrə Kələntər kənd, Culfa rayonu üzrə Ərəzin kənd, Şahbuz rayonu üzrə Kolanı kənd və Şahbuz şəhər stadionlarında, Kəngərli, Sədərək rayonlarında isə rayon mərkəzi stadionlarında olmaqla, muxtar respublika üzrə 11 stadionda təşkil ediləcəkdir. Şəhər və rayon üzrə birincilik uğrunda Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 13, Babək rayonu üzrə 8, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 8, Kəngərli rayonu üzrə 6, Şahbuz rayonu üzrə 9, Sədərək rayonu üzrə isə 4 olmaqla, ümumilikdə, 61 kəndin futbol komandası yarışacaqlar.
Artıq birinciliyin ilk oyunları keçirilib. Belə ki, Naxçıvan şəhəri üzrə Qaraçuq komandası Tumbul (10:1), Şərur rayonu üzrə Mahmudkənd komandası Oğlanqala (8:1), Babək rayonu üzrə Kərimbəyli komandası Qahab (3:2), Culfa rayonu üzrə Ərəzin komandası Bənəniyar (7:3), Ordubad rayonu üzrə Sabirkənd komandası Dəstə, (3:2), Şahbuz rayonu üzrə Badamlı komandası Şahbuz (6:2), Sədərək rayonu üzrə isə Sədərək komandası Heydərabad komandaları (4:1) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, şəhər və rayonlar üzrə I, II, III yerləri tutmuş komandalar kubokla, həmin komandaların üzvləri və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.
Ceyhun MƏMMƏDOV