Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə Naxçıvan Muxtar Respublikası məktəbliləri arasında keçirilən seçmə yarışlarına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox zəka sahibi mübarizə aparıb.
Reqlamentə əsasən 7, 9, 11, 13 və 15 yaşlı oğlanlar və qızlar ayrı-ayrı qruplarda ən güclünü müəyyənləşdirməyə çalışıblar. İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub və hər görüşdə zəka sahiblərinə 60 dəqiqə vaxt verilib.
Yekun nəticəyə əsasən oğlanlar arasında Turan Mirzəyev (Naxçıvan şəhəri, 7 yaş), Əli Məmmədli (Naxçıvan, 9 yaş), Zahid Allahverdiyev (Naxçıvan, 11 yaş), Sadiq Qarayev (Naxçıvan, 13 yaş) və Əli Alıyev (Babək rayonu, 15 yaş) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Qızların mübarizəsində isə Nigar Qənbərli (Babək rayonu, 7 yaş), Almara İbrahimbəyli (Naxçıvan, 9 yaş), Nazlı Hümbətova (Naxçıvan, 11 yaş), Nəsrin Babayeva (Naxçıvan, 13 yaş) və Yeganə Əhmədova (Şərur rayonu, 15 yaş) hamıdan güclü olublar.
Qeyd edək ki, hər yaş qrupunun qalibi olan zəka sahibləri Azərbaycan çempionatının seçmə yarışlarında iştirak etmək hüququ qazanıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti