Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublika Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVI muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub.
Çempionatın ilk dövrəsini “Araz-Naxçıvan” maksimum xalla başa vurub. 7-ci turda “Sədərək” komandasının qonağı olan “qırmızı-ağlar” meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər. Dövrənin son matçında isə Naxçıvan təmsilçisi Şahbuzun “Batabat” komandasını sınağa çəkib və rəqib qapısından 6 cavabsız top keçirib. Turnir cədvəlində onların ən yaxın izləyicisi isə Naxçıvan Dövlət Universitetinin komandasıdır. Tələbələr son iki turu qələbə ilə başa vurmaqla buna müvəffəq olublar. Öncə Kəngərli təmsilçisini 7 dəfə mərkəzə dəvət edən NDU (2:7), son turda “Dübəndi” komandası qarşısında 3 xalı çətinliklə əldə edib – 2:1.
Son iki görüşdə xal itkisi “Babək” komandasını dördüncü pilləyə salıb. Bundan isə Culfanın “Əlincə” komandası maksimum istifadə edib. Belə ki, son iki turda əldə edilən 4 xal culfalıları ilk üç pillədə qərarlaşdırıb.
Şərurun “Arpaçay”, Şahbuzun isə “Batabat” komandaları isə cari mövsümdə autsayder timsalında görünürlər. Düzdür, hər iki komanda son turlarda xal qazansalar da, bu, onlara kifayət etməyib.
Cari mövsümün bombardirlərinə gəlincə, “Araz-Naxçıvan”ın hücumçusu Turqay İbrahimov və Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimovun aktivində 11 qol var.
İlk dövrənin ən intizamsız komandası isə “Babək”dir. Belə ki, babəklilər 8 görüş ərzində 16 sarı, 6 qırmızı vərəqə ilə cəzalandırılıblar. Siyahıda digər yerlərdə “Culfa” (18 sarı, 1 qırmızı), “Araz-Naxçıvan” (13 sarı, 2 qırmızı), NDU (12 sarı, 2 qırmızı) və “Dübəndi” (14 sarı) qərarlaşıblar. Ən az vərəqə alan komanda isə “Arpaçay”dır – 4 sarı vərəqə.
Naxçıvan Muxtar Respublika Çempionatı
7-ci tur
“Əlincə” - “Arpaçay” 3:0
“Sədərək”-“Araz-Naxçıvan” 1:4
NDU - “Dübəndi” 2:1
“Babək” - “Kəngərli” 0:0
8-ci tur
“Kəngərli” - NDU 2:7
“Arpaçay” - “Sədərək” 2:2
“Dübəndi” - “Əlincə” 1:1
“Araz-Naxçıvan” - “Batabat” 6:0