Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və bu illər ərzində populyarlıq qazanaraq 50 ölkədə keçirilir.
Muxtar respublikamızda da bu idman növünə maraq günü-gündən artır. Hər il məhdud fiziki imkanlı şəxslər arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir və respublika səviyyəli yarışlarda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin edir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində boccia idman növü üzrə IV respublika turniri keçirilib. Turnirdə muxtar respublikamızı məhdud fiziki imkanlı Qafqaz Hüseynov təmsil edib. Yarışda həmyerlimiz III yerə layiq görülüb.
İdmançımıza Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomu və hədiyyəsi təqdim edilib.
Ceyhun MƏMMƏDOV