Ərəfsə kənd tam orta məktəbində Culfa Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında kikboksinq üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 40 idmançı mübarizə aparıb.
Yarış əsasnaməyə uyğun olaraq 6 çəki dərəcəsində və olimpiya sistemi üzrə keçirilib. Yarışdan öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli və Şərq Döyüş Sənəti Federasiyasının rayon bölməsinin məşqçisi Etibar Qəribov çıxış edərək idmana göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan nailiyyətlərdən və rayonda idmanın kikboksinq növünün inkişafı istiqamətində görülən işlərdən ətraflı söhbət açıblar.
Gərgin mübarizə şəraitində keçən yarışda Cəsur Hacıyev, Nəsimi Hüseynov, Razi Quliyev, Ələkbər Əliyev, Şirxan Hacıyev və Afiq Qoçəliyev birinci yerə layiq görülüblər.
Yekunda qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV