Hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər, ilk növbədə, idmanla məşğul olmalıdırlar. “Sağlam həyat sağlam idmanın nəticəsidir”, – deyiblər. Bu deviz müasir idmanın əsas şüarı hesab edilir. Sağlamlığın bir nömrəli təminatçısı olan idmanın müxtəlif növləri mövcuddur ki, bunlarla məşğul olmaq üçün də muxtar respublikamızda hər cür şərait yaradılıb. Əgər əvvəllər idman deyəndə təsəvvürümüzdə ilk olaraq diqqətdən kənarda qalmış, kiçik, eyni zamanda varlığı belə, bilinməyən idman obyektləri canlanırdısa, indi vəziyyət tamamilə dəyişib. Artıq muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də müasir idman zalları fəaliyyət göstərir. Bunun nəticəsidir ki, bir çox idman növləri ilə məşğul olan Azərbaycan milli komandaları təlim-məşq toplanışları üçün məhz Naxçıvanda bir araya gəlirlər.
Hazırda muxtar respublikada 12 idman növü üzrə federasiya fəaliyyət göstərir. Onlar Naxçıvanda bu sahənin inkişafına, gənclərin sağlam şəkildə böyüməsinə öz töhfələrini verməkdədirlər. Bunlardan biri də Şərq Döyüş Sənəti Federasiyasıdır. Son 6 ayda əldə edilən nailiyyətlərə nəzər yetirdikdə cari ildə ən çox uğur qazanan qurumun məhz bu federasiya olduğunu görmək mümkündür. Bəhs olunan dövrdə federasiyanın məşqçi korpusunda böyük islahatlar aparılıb. Səbəbi isə çox sadədir: qələbə qazanmaq üçün, ilk növbədə, məşqçilər düzgün seçilməlidir. Məhz bu yolda Şərq Döyüş Sənəti Federasiyası gənc məşqçilərə üstünlük verməklə, bunun nə qədər düzgün atılmış addım olduğunu göstərib.
Federasiya bununla yanaşı, rayonlarda bölmələrin fəaliyyətini genişləndirməyi qarşısına məqsəd qoyub. Bununla bağlı keçirilən yığıncaqda federasiyanın sədri Azad Cabbarov vurğulayıb ki, cari ilin yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarına əsasən üstünlük daha çox peşəkar məşqçilərin dəvətinə, rayon və kəndlərdə yeni bölmələrin açılışına veriləcək. Məqsəd il ərzində federasiyanın nəzdində olan bölmələrdə kütləviliyin artırılmasıdır. Federasiyanın bölməsi ilk olaraq Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyətə başlayıb. Ardınca Culfa rayonunun Milax və Ərəfsə kəndlərində, həmçinin Şahbuz və Babək rayonlarında açılan yeni bölmələr bu məsələnin həllində mühüm rol oynayıb. Təsadüfi deyil ki, yeni fəaliyyətə başlayan bölmələr nəticəsində bu gün muxtar respublikada federasiyanın nəzdində olan idmançıların sayı 500-ə çatıb.
Yeni yaradılan bölmələr uşaq və yeniyetmələrin bu sahəyə cəlbi istiqamətində aparılan işlər uğurların da sayını artırmaqdadır. Qələbənin daimi olması üçün federasiya qarşısına qoyduğu daha bir məqsədə çatıb: uşaq və yeniyetmələr, eyni zamanda gənclər üçün təlim-məşq toplanışı təşkil etmək. Şərur Olimpiya-İdman Kompleksində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının təlim-məşq toplanışı təşkil edilib. Beşgünlük təlim-məşq toplanışında məşqlər Bakı şəhərindən dəvət olunmuş məşqçilər – üçqat dünya və Avropa çempionu, A kateqoriyalı məşqçi, beynəlxalq dərəcəli hakim, eyni zamanda kadetlərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Elnur Alıyev və WAKO növündə gənclərin dünya çempionu və dünya üçüncüsü Camal Məmmədov tərəfindən aparılıb. Gündə iki dəfə keçirilən təlim-məşq toplanışında idmançıların texniki və fiziki hazırlıqları diqqətdə saxlanılıb. Eyni zamanda təlim-məşq prosesi zamanı hakimlər və məşqçilər üçün də seminarlar təşkil edilib. Bu seminarlarda daha çox yeni qaydalar və verilən xallar, kikboksinq idman növündə olan dəyişikliklər nəzəri olaraq hakimlərin və məşqçilərin diqqətinə çatdırılıb.
Məşqlərdə iştirak etmək üçün Şərur Olimpiya-İdman Kompleksində olduq. 60 idmançının iştirak etdiyi təlim-məşq toplanışında hər şey idmançıların rahatlığı üçün öncədən planlaşdırılmışdı. Onların gündəlik yeməklərinə, istirahət vaxtlarına və məşqlərdə fəallıqlarına xüsusi olaraq diqqət yetirilirdi. Məşq prosesində məşqçi Elnur Alıyev əli ilə iki azyaşlı uşağı göstərib “bunlar gələcəyin dünya çempionlarıdır, yorulmaq bilmirlər”, – deyərək söhbətə başlayır: “Əslində, kiçikyaşlılarla böyüklərin bir yerdə məşq etməsi yaxşı haldır. Uşaqlar böyüklərdən nəsə öyrənir və ya özlərini onlara oxşatmağa çalışırlar. Bu, həmçinin məşqçilər üçün də əlverişlidir. Uşaqlar arasında istedadlılar çoxdur. Sadəcə, onlarla mütəmadi olaraq çalışmaq, uşaqlara idmanın ilkin sirlərini öyrətmək lazımdır. Naxçıvan hər zaman güclü idmançılar yetişdirib, bu ənənə elə gördüyünüz uşaqlarla da davam edəcək”.
Elnur Alıyev bildirdi ki, təlim-məşq toplanışı gözlədiyindən də fərqli keçir: “Etiraf edim ki, şəraitin bu cür olacağını gözləmirdim. Federasiya uşaqlar üçün hər cür imkan yaradıb. Elə hər axşam toplantılarımız olur və uşaqlara bunu dönə-dönə vurğulayıram. Çalışıb bu imkandan istifadə etmək lazımdır. Bu, ilk təlim-məşq toplanışı olduğundan idmançıları çox yükləmək istəmirik. Daha çox texniki məşqlər üzərində çalışır, eyni zamanda fiziki göstəricilərinə də diqqət yetiririk. Gənclərin məşqlərə həvəslə yanaşması bizi də xeyli ruhlandırır”.
Baş məşqçi onu da vurğuladı ki, Şərq Döyüş Sənəti Federasiyası belə təlim-məşq toplanışlarını il ərzində 3-4 dəfə təşkil edəcək. Biz də, öz növbəmizdə, böyük məmnuniyyətlə məşqlərdə iştirak edib uşaqlara yeni qaydalar, dəyişikliklər barədə həm nəzəri, həm də praktik olaraq məşğələlər keçəcəyik.
Təlim-məşq toplanışında iştirak edən Şərq Döyüş Sənəti Federasiyasının məşqçilərindən Namiq Musayev, Natiq Yaqubov və Xəyal Abdullayevin də fikirlərini öyrəndik. Onlar bildirdilər ki, bu cür təlim-məşq toplanışlarının təşkil edilməsi idmançılarla yanaşı, məşqçilər üçün də müsbət haldır. Çünki dəyişikliklər barədə məlumatlanmaq, eyni zamanda məşqçilərin bir arada məşq prosesində çıxış etmələri təcrübə baxımından onlara da öz təsirini göstərir.
İdmançılar Razzaq Əliyev, Fərman Rzayev, Əhməd Rzayev, Rauf Həsənov, Orxan Həsənov, Yusif Məmmədov və Fərid Məmmədovla söhbətimizdə onların da təlim-məşq toplanışından məmnun qaldıqlarını gördük. Bildirdilər ki, onlar üçün kompleksdə hər bir şərait yaradılıb. Gündə iki dəfə keçirilən məşqlər praktik cəhətdən müsbət təsir göstərib. Məqsəd isə bu toplanışda lazım olanları öyrənmək, qarşıdakı yarışlara ciddi hazırlaşmaqdır.
Göründüyü kimi, beşgünlük təlim-məşq toplanışı həm məşqçilər, həm də idmançılar üçün uğurla başa çatıb. Federasiyadan onu da öyrəndik ki, qarşıdakı aylarda da növbəti toplanışlar, seminarlar təşkil olunacaq və yenidən Bakı şəhərindən məşqçilər dəvət ediləcək.
Ceyhun MƏMMƏDOV