“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilib.
Xaçmaz rayonunda keçirilən çempionatda muxtar respublikanı Naxçıvan Muxtar Respublikasının zona birinciliyinin qalibi olan Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası təmsil edib. Ümumilikdə, ölkənin 10 rayon və 6 şəhər komandasının mübarizə apardığı birincilik 5 gün davam edib.
Yarışda uğurla çıxış edən komandamız Azərbaycan çempionu adını qazanıb. Eyni zamanda 5 növ üzrə yarışların üçündə idmançılarımız daha böyük uğura imza atıblar. Belə ki, qumbara atmada (fərdi, 46 metr) Ayxan Seyidov, güllə atmada (fərdi, 42 bal) Əlirza Mayıllı və 2000 metr məsafəyə qaçışda Sərdar Tağıyev (5 dəqiqə 53 saniyə) xüsusi olaraq “ən yaxşılar” üçün verilən diplom və kuboka layiq görülüblər.
Sonda 1128 xal toplayan komandamız qalib adını qazanıb və təşkilatçılar tərəfindən diplom və kubokla təltif olunub.
Ceyhun MƏMMƏDOV